Lənkəran əhalisi İcra başçısının səyyar qəbullarından razı qalırlar - ÖZƏL
8-06-2022, 14:48
257 dəfə baxılıb
Lənkəranın İcra başçısı səyyar qəbul-görüşlərini davam etdirir
Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşla dövlət qurumları arasındakı birbaşa dialoq mühitinin daha da yaxşılaşdırılması, qarşılıqlı inam hissinin gücləndirilməsi, insanların qayğı və problemlərinin yerində dinlənilməsi, operativ və səmərəli qərarların qəbulu baxımından səyyar qəbul-görüşlərin keçirilməsi xüsusi önəm daşıyır. İyunun 7-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Şağlaküçə kənd inzibati ərazi dairəsinə daxil olan Şağlaküçə və Bəlləbur kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə İcra başçısı ilə birlikdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran ŞİH başçısı çıxış edib. Natiq artıq ənənə halını alan səyyar qəbul-görüşlərin keçirilməsində başlıca məqsədin insanların qayğı və problemlərinin dinlənilməsi, onları narahat edən məsələlərin həllinə köməklik göstərmək olduğunu bildirib. İcra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları ilə yaxından maraqlanıb, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq göstərişlərini verib. T.Qaraşov kənd əhalisi tərəfindən qaldırılan bütün məsələlərin şəxsən onun nəzarətində olduğunu qeyd edib və bildirib ki, səyyar qəbul-görüşdə qaldırılan bütün məsələlərin nəticəsi barədə vətəndaşlara qanunamüvafiq formada məlumatlar veriləcək. İcra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, qaldırılan məsələlərin həllinə vaxtında və nəticəyə yönəlik addımların atılmasına xüsusi önəm verdiklərini qeyd edib. Kənd sakinləri də keçirilən qəyyar qəbul-görüşdən razılıqlarını ifadə edərək onlara fikir və istəklərini rahat və sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə təşəkkürlərini ifadə ediblər. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana xüsusi diqqət ayırdıqlarını bildirən yerli sakinlər bu doğmalığı hər zaman hiss etdiklərini və buna görə onlara qəlbən minnətdar olduqlarını qeyd ediblər.
Boladi sakinləri İcra başçısının səyyar qəbulundan razı qaldılar
Dövlətin sosial-siyasi funksiyası kimi dövlət idarəetməsi davamlı inkişafın, rifahın və məmnunluq səviyyəsinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Tələbat və fəaliyyət formalarının uzlaşdırılması vasitəsilə həyata keçirilən idarəetmə hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir. Dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurətini yaradır. İyunun 3-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun Boladi kənd inzibati ərazi dairəsində keçirdiyi səyyar qəbul-görüş də məhz yuxarıda sadalanan məqsədə xidmət edib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu qəbul-görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, bu səpkili görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərməkdir. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına xüsusi həssaslıqla yanaşan İcra başçısı ilk öncə onları dinləyib, qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən və İcra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerindəcə göstərişlərini verib, İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını və nəticəsi barədə vətəndaşın məlumatlandırılmasını tapşırıb. Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına, habelə hazırda dünyanın ərzaq qıtlığı ilə mübarizə apardığı bir dövrdə ölkəmizdə belə halın baş verməməsinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.
Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi
Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri dövlətimizin uşaqlarla bağlı yürütdüyü siyasətin ana xəttini müəyyən edir. Ümummilli Liderin laiqli davamçısı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaq hüquqlarının müdafiəsi, onların dövlət tərəfindən hərtərəfli qayğıyla əhatə olunması istiqamətində olduqca mühüm addımları danılmaz həqiqətdir. Uşaq hüquqları ilə bağlı kifayət qədər əsaslı qanunvericilik bazasının mövcudluğu deməyə əsas verir ki, dövlətimizin başçısının ifadə etdiyi kimi “Uşaqlar cəmiyyətin sabahıdır”. Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi iyunun 1-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları üçün bayram şənliyi təşkil olunub. Tədbirdə giriş sözü ilə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, qəhrəman ataların sevimli övladlarının sözügedən bayramı qeyd etməyə daha çox mənəvi haqqları var. İcra başçısı qeyd edib ki, şəhid övladları qəhrəman ataya sahib olduqları üçün hər zaman başlarını dik tutaraq fəxr etməlidirlər. T.Qaraşov dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid övladlarına xüsusi həssaslıqla yanaşdıqlarını və onların bütün problemlərinə xüsusi diqqət yetirdiklərini vurğulayıb. Natiq uşaqların laiqli həyat səviyyəsi və sağlam böyüməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdiyini bildirib. İcra başçısı dövlətin hər zaman övladlarını ataları kimi milli düşüncədə və məfkurədə böyüdən, bütün çətinliklərə sinə gərərək onların vətənpərvər ruhda boya-başa çatmaları üçün əllərindən gələnləri edən fədakar şəhid yoldaşlarının yanında olduğunu ifadə edib. T.Qaraşov şəhid övladlarının uşaq bayramını təbrik etmək üçün analarının bank hesablarına maddi yardımların köçürüldüyünü qeyd edib. Bayram tortunu şəhid övladlarının iştirakı ilə kəsən İcra başçısı onlarla birgə rəqs edib və sonda xatirə şəkili çəkdirib. Şəhid yoldaşları övladlarının digər uşaqlar kimi bayram gününü şən və gülərüz keçirməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onları bir an belə olsa yalnız buraxmadıqlarını, istənilən problemlərini şəxsi nəzarətlərinə götürərək həlli üçün müvafiq göstərişlər verdiklərini qeyd edən şəhidlərin həyat yoldaşları onlara qəlbən minnətdar olduqlarını, övladlarını da ataları kimi qəhrəman və vətənpərvər ruhda böyüdəcəklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR