Sosial mediada son günlər “qulaqdakı xətt infarktın xəbərçisidirmi?” sualı müzakirə olunur.
Mütəxəssislər qulaqda yaranan diaqonal xəttin təkbaşına infarkt əlaməti olmadığını, lakin orqanizmdə bəzi göstəricilərin yüksəkliyinə işarə edə biləcəyini bildirirlər.
Qulaqda yaranan xəttin ürək-damar xəstəlikləri ilə əlaqəli olduğu barədə paylaşımlar xüsusilə bəzi insanlarda infarkt zamanı oxşar görüntülərin müşahidə edilməsindən sonra yenidən gündəmə gəlib.
Qulaqdakı xətt nə deməkdir?
Mütəxəssislərin fikrincə, qulaqdakı xətt birbaşa infarkt keçiriləcəyini göstərmir. Lakin bu dəyişiklik orqanizmin verdiyi müəyyən siqnal kimi qiymətləndirilə bilər.
Xüsusilə yüksək xolesterin və lipid səviyyələrinin belə fiziki əlamətlərlə birlikdə müşahidə oluna biləcəyi bildirilir. Göz ətrafında yaranan ağmtıl görünüşlər və bəzi oynaqlarda meydana çıxan dəyişikliklər də orqanizmdə lipid mübadiləsi ilə bağlı problemlərin göstəricisi ola bilər.
“Orqanizmin verdiyi siqnaldır”
Kardioloq Erdal Aktürk qulaqdakı xəttin qəti şəkildə infarkt əlaməti hesab edilə bilməyəcəyini bildirib.
Mütəxəssis bu görüntünün daha çox orqanizmin verdiyi xəbərdarlıq kimi qiymətləndirilməli olduğunu deyib. Onun sözlərinə görə, belə bir əlamət müşahidə edilən şəxslərdə xüsusilə xolesterin və lipid göstəriciləri araşdırılmalıdır.
Qulaqda bu cür dəyişiklik olan şəxslərin ürək-damar sağlamlığı ilə bağlı müayinələri də diqqətdən kənarda qoymaması tövsiyə edilir.
Cem Yılmazdan sonra daha çox müzakirə edildi
Qulaqdakı xətt məsələsi Cem Yılmazın yaşadığı sağlamlıq probleminin ardından sosial mediada daha geniş müzakirə olunmağa başlayıb. Məşhur komediyaçının görüntülərində də oxşar xəttin görünməsi insanların mövzuya marağını artırıb.
Lakin mütəxəssislərə görə, yalnız bu görüntüyə əsaslanaraq insanın infarkt keçirəcəyini söyləmək mümkün deyil. Bunun əvəzinə xolesterin və lipid səviyyələri, qan təzyiqi və ümumi ürək-damar sağlamlığı birlikdə qiymətləndirilməlidir.
İnfarktın əsas risk faktorları hansılardır?
İnfarkt riskini artıran əsas amillər arasında yüksək xolesterin, siqaret istifadəsi və güclü stress yer alır. Bundan əlavə, şəkərli diabet, yüksək qan təzyiqi, ailədə ürək xəstəliyi tarixçəsinin olması və hərəkətsiz həyat tərzi də mühüm risk faktorları hesab edilir.
Mütəxəssislər bildirirlər ki, insanda ürək-damar xəstəlikləri ilə bağlı risk faktorlarının sayı artdıqca infarkt ehtimalı da yüksəlir.
Bu səbəbdən qulaqdakı xətt kimi fiziki dəyişikliklərə yalnız bir xəstəlik əlaməti kimi yanaşmaq düzgün deyil. Lakin xüsusilə yüksək xolesterin, hipertoniya, diabet və ailədə ürək xəstəlikləri olan şəxslərin mütəmadi tibbi müayinələrdən keçməsi vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.