Ağsu Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
30-05-2023, 14:00
120 dəfə baxılıb

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rövşən Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rövşən Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda yığıncaq keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Mədəniyyət evində təşkil olunan yığıncaqda Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Hacıuşağı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacıuşağı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd məktəbi üçün yardımçı bina və kitabxana tikilməsi, Hacıuşağı kəndinin elektrik, təbii qaz təchizatının, telefon və internet xidmətlərinin yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi yardım olunması, ünvanlı dövlət sosial yardımının verilməsi, kənddə tibb məntəqəsinin tikintisi, vətəndaşların pay torpaq sahələrinə gedən yolun genişləndirilməsi, yol üzərindəki suvarma arxına boru qoyulması, vətəndaşın zəlzələdən ziyan çəkmiş evinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR