Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub.
9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33,4% artaraq 15,4 mlrd. ABŞ dollarına yüksəlib.
Bildirilib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10,5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830,5 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb. Əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib. Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8,5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5,4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.