xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Atamoğlan Babayev: 29 illik epopeya və ya tənəzzüldən tərəqqiyə aparan yol

15-06-2022, 14:34 159 dəfə baxılıb

Atamoğlan Babayev: 29 illik epopeya və ya tənəzzüldən tərəqqiyə aparan yol



Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayev - İmperiyaların çöküşü həmişə böyük kataklizmlərlə müşaiyət edilib və bu kataklizmlər də həmişə şüurlu surətdə yaradılıb. Tənəzzülə uğrayan metropoliya bunu bir çox hallarda qəsdən, məqsədyönlü şəkildə həyata keçirir və bir məqsəd güdür; İmperiyanın parçalanması nəticəsində yaranmış yeni, post-kolonial dövlətlərin inkişafını əngəlləmək, daim zəif olmasına nail olmaq, öz orbitində saxlamaq və təbii ki, bu dövlətin iqtisadi və siyasi imkanlarını yeni üsullarla istismar etmək.

Bunun üçün iki üsuldan; ya bu dövlətlərin idarə edilməsi üçün başına marionet bir rejim gətirilir, ya da, müasir leksikonda “idarə edilən konfliktlər” deyilən, heç vaxt bitməyən, sadəcə zaman-zaman dondurulan və zərurət olanda alovlandırılan hibrid müharibələr variantından istifadə edilir.

Buna müasir siyasi leksikada “Neokolonializm” deyilir. Adının başındakı “neo” – yəni “yeni” kəliməsindən də bunun “yeni növ kolonializm” olduğu anlaşılır. Neokolonializmin ənənəvi, klassik kolonializmdən fərqi odur ki, bu halda ölkələrarası münasibətlərin formatı əvvəlki kimi açıq tabeçilik üsullarına yox, görüntü olaraq, daha sivil münasibətlərə bənzədilir. Bunun bariz nümunəsini biz, 1947-ci ildə Britaniya Hindistanının parçalanmasından sonra Hindistan yarımadasında yaradılmış və aralarında hələ də ərazi konfliktləri olan Hindistan və Pakistanın, habelə şərti olaraq Frans-Afrika adlanan və Afrikada, 1960-cı ildən etibarən formal müstəqillik almış – keçmiş Fransa koloniyalarının timsalında görmək olar. Bir cümlə ilə tərifini verməyə çalışsaq; “Neokolonializm”, böyük və inkişaf etmiş dövlətlərin, yeni müstəqillik qazanmış gənc və zəif dövlətləri qeyri-bərabər iqtisadi və hərbi-siyasi münasibətlər vasitəsilə asılılıqda saxlaması və istismarı, ekspluatasiyası kimi başa düşülür.

Sovet dövlətinin çöküşündən sonra bənzər proseslər Cənubi Qafqazda da, başqa yerlərdə də gedib. Regionumuzda bunun ən qabarıq nümunəsini Ermənistanın - ərazisindəki irili-xırdalı demək olar ki, əksər sənaye müəssisələri başqa dövlətə peşkəş edilmiş, sərhədlərini başqa dövlət qoruyan, forpost Ermənistanın timsalında görmək olar.

Cənubi Qafqazda çox mühüm coğrafi-strateji mövqeyə malik iki ölkə var. Bunun biri Gürcüstan, digəri isə Azərbaycandır. Gürcüstan qərbə - neytral sulara, Azərbaycan isə şərqə - Mərkəzi Asiyaya qapı sayılır. Lakin Gürcüstandan fərqli olaraq Azərbaycanın daha bir üstünlüyü var. Azərbaycan həm də zəngin təbii ehtiyatlara malik olan bir ölkədir. Belə üstünlüklərə malik bir ölkənin öz resurslarına sahib olması, tam müstəqil siyasət yürütməsi, nəticədə də inkişaf edib güclü bir dövlətə çevrilməsi, təbii ki, bəzi ölkələri qane etmirdi, indi də etmir. Bu səbəbdən də Ermənistan kimi marionet, forpost ölkələrdən maşa kimi istifadə edilir, lokal hərbi münaqişə, habelə daxili hakimiyyət çəkişmələri körüklənməklə ona qonşu olan dövlətlər – xüsusilə Azərbaycan zəiflədilməyə, əhalisinə ruh düşkünlüyü təlqin edilməyə, həqiqi, real deyil, nominal müstəqilliyə malik “Kvazi” (oyuncaq) dövlət yaradılmağa çalışılırdı.

Guya Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq görüntüsü verən bəzi siyasi qüvvələr də ya həddən artıq marjinal – yəni nə istədiyini bilməyən, diletant, macərapərəst ya da başqa dövlətlərin maraqlarına xidmət edən ünsürlərdən ibarət rəngarəng bir mozaikadan başqa bir şey deyildi. Nə qədər paradoksal olsa da, bu mənzərə eynən 1918-ci ili xatırladırdı.

O zamankı iqtidarın AXC-MÜSAVAT tandeminin dövləti tamamilə iflasdan qorumaq üçün atdığı bəlkə də yeganə doğru addım, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini tutan Heydər Əliyevi Bakıya dəvət etmək oldu. Belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyevin gələcəkdə bəlkə də siyasi dərsliklərə düşməli olan iki mühüm addımını qeyd etmədən, o epopeyanı qiymətləndirmək mümkün deyil.

İlk addımın - bizim lehimizə olmayan, qeyri-bərabər müharibənin dayandırılmalı olduğunu anlamayan yox idi və Bişkek şəhərində Ermənistanla belə bir protokol imzalandı. Ancaq hansı şərtlərlə?

Tarixdən bizə “Brest-Litovsk” sülh müqaviləsi deyilən bir müqavilə məlumdur. Bu müqavilə, 1918-ci ildə imzalanıb və Rusiyanın 1-ci Dünya Müharibəsində məğlubiyyətini rəsmiləşdirib. Təbii ki, müharibədən çıxmaq istəyən, məğlub dövlət kimi Rusiyanın bir bədəl, əvəz ödəməsi və hətta torpaqlarının da bir qismindən imtina etməli olduğu nəzərdə tutulmuşdu. O zaman Lenin “Rusiya torpaqlarını satdı”, kimi ağır ittihamlara məruz qalır və nəhayət məcbur qalıb bu ittihamlara belə cavab verir; “İndi bizə Böyük Rusiyanı qorumaq vacibdir, o torpaqlar isə bir gün verildiyi kimi, bir gün də geri alınacaq”.

Azərbaycan Bişkekdə, Sovet Rusiyasından fərqli olaraq, sadəcə atəşkəs protokolu imzalamışdı, heç bir ərazisini güzəşt etməmişdi və bu addımı da, ölkədə sabitlik yaratmaq, nizami ordu qurmaq, torpaqları azad edə bilmək üçün vaxt qazanmaq naminə atmışdı. Bununla belə, bu addım – yəni Bişkek protokolunun imzalanması radikal müxalifət tərəfindən çox sərt tənqid atəşinə tutuldu.

Bu intervalın, “tənəffüsün” qazanılması Azərbaycana nə verdi?

İlk növbədə vətəndaş qarşıdurmasına son verildi, separatizmin qarşısı alındı, bütün başıpozuq, yarımhərbi dəstələr buraxıldı və nizami ordu quruculuğuna start verildi, iqtisadi tənəzzülün qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi və bütün frıldaqçı maliyyə piramidaları ləğv edildi.

Amma ən mühümü irəlidəydi. “Bişkek protokolu” adlanan atəşkəsdən cəmi 4 ay sonra dünyanın ən nüfuzlu 8 dövlətinin 11 nəhəng şirkəti ilə “Əsrin Müqaviləsi” adlanan neft müqaviləsinin imzalanması Heydər Əliyevin şah əsəri sayıla bilər.

Bu müqavilə Azərbaycana nə verdi?

1-cisi, Bu müqavilə, ilk növbədə bizi kənar müdaxilədən qorumuş oldu, bizə beynəlxalq miqyasda himayə qazandırmış oldu. Dünyanın ən nüfuzlu və güclü dövlətlərinə qarşı çıxmağa heç kəs cürət etmədi.

2-cisi; Dağlıq Qarabağın beynəlxalq hüququn subyekti kimi tanınmasının qarşısını aldı. Konsorsiuma daxil olan dövlətlərin 5-i ermənilərin ən çoxsaylı diasporalarının yaşadığı dövlətlər idi. Erməni diasporunun 30 il ərzindəki fəaliyyətinin nəticəsiz qalmasının əsas səbəblərindən biri də məhz bu idi. Dünyada ədalətin, “beynəlxalq hüquq” deyilən bir şeyin olmadığını biz artıq son 30 ilin acı təcrübəsindən bilirik və dövlət başçımız da çıxışlarında bunu dəfələrlə səsləndirib. Onu da unutmayaq ki, yaxın tarixdə bir “Kosovo” presedenti də var.

3-cüsü; Bu müqavilə, Azərbaycana əsas fiqurant kimi Ermənistanı regional layihələrdən təcrid etməyə və iqtisadi inkişafını əngəlləməyə imkan verdi ki, müharibə vəziyyətindəki rəqib dövlətə qalib gəlməyin birinci şərti, onu məhz iqtisadi cəhətdən tənəzzülə uğratmaqdan keçir. Bu gün biz bunun analogiyasını “kollektiv Qərb - Rusiya” qarşıdurmasında da görürük.

Prezident İlham Əliyev televiziya çıxışlarının birində, böyük dövlətlərin - daha qısa və ucuz olacağı üçün - neft kəmərlərinin Gürcüstandan deyil, məhz Ermənistandan keçməsini tələb etdiklərini, bu səbəbdən inanılmaz təzyiqlərə məruz qaldıqlarını, lakin Azərbaycanın qətiyyətlə buna qarşı çıxdığını, qeyd etmişdi.

4-cüsü; Bu müqavilə Azərbaycana həm ordu quruculuğu, həm də iqtisadi inkişaf üçün böyük maliyyə dəstəyi qazandırdı. Bu gün bizə Qarabağ zəfərini qazandırmış, dördüncü nəsl müharibə strategiyasını mənimsəmiş və ən müasir silahlarla təchiz edilmiş peşəkar ordu, məhz bu fəaliyyətin nəticəsi olaraq ərsəyə gəlib.

Zənn etməyək ki, bütün bunlar rahat, asan başa gəldi. Prezidentin sabiq köməkçisi Eldar Namazov öz müsahibələrindən birində etiraf edirdi ki, bu müqavilə son dərəcə məxfi hazırlanmışdı və imzalanmadan cəmi bir həftə əvvəl, bu barədə açıqlanma verilmişdi. Bu qədər az müddət isə effektiv təxribatların hazırlanması üçün kifayət deyildi. Bununla belə, təxribatlar baş verdi. Prezidentin təyyarəsinin vurulmasına edilən cəhd də, MTN-in təcridxanasından xüsusilə təhlükəli cinayətkarların qaçırılması da, iki yüksək vəzifəli dövlət xadiminin (A.Cəlilov və Ş.Rəhimov) qətl edilməsi də belə təxribatlardan idi və dövlətimizə xəbərdarlıq xarakteri daşıyırdı. Amma Heydər Əliyev geri çəkilmədi və tarixi müqavilə imzalandı. Bu hadisədən sonra ölkəmizin həm siyasi, həm iqtisadi həyatında böyük rol oynayan “Bakı-Ceyhan”, “Bakı-Ərzurum”, “Traseka”, “Transxəzər”, “İpək yolu” və s. layihələr həyata keçirildi ki, bu da həyatın bütün sahələrində tərəqqi və dirçəlişə gətirdi.

Həm Ümumilli Liderimizin, həm də onun siyasi varisi, Prezident İlham Əliyevin tez-tez qürurla dilə gətirdikləri – “Biz tam müstəqil siyasət yürüdən və heç kəsdən asılı olmayan bir dövlətik” cümləsinin altında yatan səbəblər bunlardır. Bizi bu günlərə - müzəffər, inkişaf edən, müasir və qüdrətli Azərbaycana gətirən proseslərin, 10 Noyabr 2021-ci il, Qarabağ zəfərinə gətirən yolun başlanğıc, istinad nöqtəsi məhz 1993-cü il iyun ayının 15-də atılıb. Ona görə də, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü – deyərdim ki, hətta əsl, həqiqi, real müstəqilliyinin təməlinin qoyulduğu günüdür.

Nə qədər ki, Heydər Əliyev siyasi kursu, həmçinin bu kursu addım-addım, zərgər dəqiqliyi ilə, ardıcıl olaraq davam etdirən İlham Əliyev kimi müdrik sərkərdəmiz var, dövlətimiz daima müstəqil, müzəffər və mürəffəh olaraq mövcudiyyətini qoruyacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi