Ramsin Abdullayev: Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası
13-08-2021, 11:38
116 dəfə baxılıb
Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev - Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlətimiz tərəmizdən vacib addımlar atıldı. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradıldı və hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xəstəxanası koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır.
Bütün dünyada qəbul olunduğu kimi pandemiyaya qarşı mübarizənin ən effektiv yolu vaksinasiya prosesində fəal iştirak etməkdir. Dövlətimizin bu sahədə vaxtında və dəqiq yol xəritəsi hazırlamış olması ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsini təmin etmişdir. Qeyd etməliyik ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları artıq öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Onların hər biri effektiv və təhlükəsizdir.
Peyvəndlənmə hər bir vətəndaşın sosial məsuliyyətidir. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq. COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar da davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaqdır.
"Vaksinasiyaya əməl etmək COVID-19 əsirliyindən xilas olmaqdır. Dövlət başçımızın dediyi kimi, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Əminəm ki, Azərbaycan xalqı dövlətimiz və millətimiz üçün həyati əhəmiyyət kəsb edən bu vacib məsələ də sarsılmaz həmrəylik nümayiş etdirərək ən qısa zamanda kütləvi vaksinasiyanı başa çatdıracaq. Unutmamalıyıq ki, əsrin bəlasından xilasımız vaksinasiyadan keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR