Peyvəndlənmə hər bir vətəndaşın sosial məsuliyyətidir
30-07-2021, 09:34
177 dəfə baxılıb
Son iki ilə yaxındır ki, insan sağlamlığının qorunması bəşəriyyəti ciddi düşündürən əsas məsələlərdəndir. Çinin Uhan vilayətində “peyda olan” koronavirusun dünyanı çənginə alması bunu bir qədər də aktuallaşdırıb.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus infeksiyasına qarşı hərtərəfli mübarizə aparılır. Pandemiyanın ilk zamanlarından etibarən vəziyyətin nəzarətdə saxlanılması, görülən kompleks tədbirlər, mərhələli şəkildə həyata keçirilən sərtləşdirilmə və ya yumşaldılma tədbirləri müsbət nəticəsini vermişdir. Pandemiyanın respublikamızda yayıldığı ilk vaxtlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində əhaliyə səhiyyənin tövsiyələrinə, dövlətin müəyyənləşdirdiyi mübarizə şərtlərinə ciddi əməl etməyin zəruriliyini tövsiyə etməsi, “Biz birlikdə güclüyük!” xatırlatması pandemiyaya qarşı mübarizədə ictimiyyətin də mübarizə sistemində mühüm şərt, böyük güc olduğunu xatırlatdı. Xalq möhtərəm Prezidentimizin bu tövsiyələrinə də ciddi əməl etdi.
Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi.
Pandemiya yayıldığı ilk vaxtlardan respublikamızda dövlət səviyyəsində ciddi, olduqca gərəkli, dünya dövlətlərinə nümunə olan tədbirlər həyata keçirildi. 2020-ci il fevralın 27-də COVID-19 pandemiyasının qarşısının alınması, fəsadlarının yayılmaması, müvafiq profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Qərargah həm pandemiyanın yayılma səbəbləri ilə bağlı əhalini maarifləndirir, tətbiq edilən mübarizə üsullarının mahiyyətini izah edir, həm də əhalinin əzmini, iradəsini mübarizə şəbəkəsinin ən güclü hissəsi olduğunu insanlara xatırladırdı.
COVID-19 pandemiyasına qarşı aparılan mübarizədə ölkəmizdə bir sıra gərəkli tədbirlər həyata keçirildi ki, bunların sırasında yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xüsusi modul xəstəxananın yaradılması, bəzi xəstəxanaların bu pandemiyanın qar-şısının alınması üçün uyğunlaşdırlması böyük əhəmiyyət kəsb edirdi.
Bütün bunlar əbəs deyildi. Məqsəd ölkəmizdə bu xəstəliyi minimuma endirmək, daha az itkilərdə çıxmaq idi. Məhz bu səbəbdən ən ucqar kəndlərdən böyük şəhərlərə kimi böyük mübarizə başladıldı. Bu mübarizələrin ən effektlisi təbii ki, vaksinasiya oldu. Koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın, yəni peyvəndlənmənin mühüm önəm daşıması artıq şübhə yaratmır.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizdə tətbiq edilən vaksinasiya strategiyası artıq öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Heç şübhəsiz ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir.
COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı” COVID-19 xəstəliyinə qarşı vaksinasiya ilə yaranan immun cavabı təsdiq edir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. “Peyvənd sertifikatı” müddətsizdir. “İmmunitet sertifikatı” isə koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 ay qəbul edilib. “İmmunitet sertifikatı”nın
müddəti bitdiyi üçün ölkəmizdə istifadə olunan hər hansı vaksindən 2021-ci il 2 iyul tarixindən sonra 1 doza qəbul edən şəxsin “İmmunitet sertifikatı” müddətsiz olaraq uzadılır. 2021-ci il 2 iyul tarixindən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər isə 2-ci doza vaksini mütləq vurdurmalıdırlar. 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər.
Hər kəs bilməlidir ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Unutmamalıyıq ki, COVID-19 xəstəliyinə qarşı təhlükəsiz və səmərəli vaksinlərin işlənib hazırlanması pandemiyaya son qoymaq və yaxınlarımızla birlikdə zövq aldığımız işlərin çoxu ilə məşğul olmağa qayıtmaq üçün qlobal səylərimizdə irəliyə doğru böyük bir addımdır. ÜST bu günə qədər təsdiqlənmiş vaksinlərin COVID-19 xəstəliyinin yeni variantlarına qarşı da ən azı müəyyən müdafiəni təmin edəcəyini bəyan edib. Bu səbəbdən hal-hazırda etməli olduğunuz vacib iş vaksinasiya olunmaqdır və virusun yayılmasını azaltmaq üçün zəruri tədbirləri, o cümlədən fiziki məsafəni saxlamağı, maskadan istifadəni, qapalı məkanların yaxşı havalandırılmasını, müntəzəm olaraq əllərii yumağı və simptomlar müşahidə olunduqda, tez bir vaxtda tibbi yardım üçün müraciət etmə təcrübəsini davam etdirməkdir. Vaksinlər daha səmərəli müdafiəni təmin edirlər. Gəlin, hamılıqla vaksin vurduraq, ölkəmizin, dünyamızın gələcəyini düşünək.
Fikrət Məlikov,
Salyan rayonu Parça Xələc kənd sahə xəstəxanasının baş həkimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR