Firdovsi müəllim: Vətən Müharibəsində əldə olunan qələbə beynəlxalq arenada yeni reallıq yaradıb
4-11-2022, 10:50
32 dəfə baxılıb
Naftalan şəhər yol istismar idarəsinin müdiri Firdovsi müəllim - Qarabağ Azərbaycandır və nida! Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu əlaqələrdə müsbət dinamikanı artırmaq imkanı yaradır.
Tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycanın bu sahədə qazandığı uğurlar göz qabağındadır. Cənab İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri yeni reallıqların təqdimatında və qəbulunda əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas məsələsi Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bu istiqamətdə görülən işlərin miqyasını təsəvvür etmək üçün Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra keçirilən görüşlərin xronologiyasına, yekun olaraq imzalanan bəyanatlarda əksini tapan müddəalara diqqət yetirmək kifayətdir. Hər bir görüş sülh müqaviləsinin imzalanmasına doğru bir addım kimi dəyərləndirilsə də Ermənistanın bu istiqamətdə konkret addımlar atmaması səbəbindən məsələnin həlli hələ də uzanır.
Ötən ilin 11 yanvar Moskava, 26 noyabr Soçi görüşlərinin ardınca 4 dəfə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüssel görüşləri keçirilib. Bu il oktyabrın 6-da Praqada keçirilən görüş də müəyyən məqamları ilə diqqətdə oldu. Bu baxımdan ki, daim ermənipərəst mövqeyi ilə diqqətdə olan Fransa görüşdə tərəf kimi iştirak edib yekun bəyanatda əksini tapan müddəaları qəbul etdiyini bildirsə də görüşdən bir həftə keçməmiş əsassız fikirləri ilə diqqəti özünə çəkdi. Oktyabrın 31-də isə Soçidə Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli görüşü keçirildi.
Dövlət başçısı İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşdə Prezidentimiz bir daha vurğuladı ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. İki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edən formatdır.
Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsasını təşkil edən 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Soçi görüşünün sonunda qəbul olunan Bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə edildi. O da bildirildi ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Ümumilikdə regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır və Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək.
Bugünümüzün əsas çağırışlarından biri 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda, eyni zamanda, bu günədək keçirilən görüşlərin yekunu olaraq qəbul edilən sənədlərdə əksini tapan müddəalara dəstəyin sözdə deyil, əməldə ifadə olunmasıdır. Azərbaycan bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Əsas tələb budur ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu çağırış həm sənədlərdə öz əksini tapır, həm də əksər dünya güclərinin çağırışlarında ifadə edilir. Ermənistan isə yenə də öz ənənəsinə uyğun olaraq məsələnin uzanmasında maraqlı olduğunu büruzə verir. Artıq qeyd edildiyi kimi, sülh müqaviləsinin imzalanması vaxtıdır. Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Qalib, yeni reallıqları yaradan ölkə olaraq diktə edən tərəfdir.
Keçirilən hər bir görüş ölkəmizin artan nüfuzunun və möhkəmlənən mövqeyinin nümayişidir. Dövlət başçısı İlham Əliyevin hər bir görüşdə ilk olaraq səsləndirdiyi “Qarabağ münaqişəsi artıq tarixdə qalıb” reallığı yeni dövrün çağırışlarına uyğun addımların atılmasını bir tələb kimi qarşıya qoyur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR