ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İran ərazisində böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına hazırlıq görmək barədə göstəriş verdiyi iddia olunur.
ABŞ mediasına danışan mənbələrin sözlərinə görə, tapşırıq hücumun başlanması üçün konkret tarix nəzərdə tutmur və ABŞ Prezidenti Donald Tramp hələ yekun qərar verməyib.
Mənbələr böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlaması halında İranın enerji infrastrukturu, hərbi və nüvə obyektlərinə qarşı intensiv zərbələrin endirilə biləcəyini bildiriblər.
Pentaqon rəsmilərindən biri Axios-a açıqlamasında nazirliyin vəzifəsinin hərbi variantları hazırlamaq və prezidentə təqdim etmək olduğunu deyib.
Ağ Ev rəsmisi isə Trampın bütün variantları nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Hörmüz boğazının nəzarəti və İran iqtisadiyyatının zəifləməsi fonunda güclü mövqedədir.
Trampın milli təhlükəsizlik komandası cümə günü Camp David-də bir neçə saat davam edən toplantı keçirib. İsrailli bir rəsmi görüşün bir hissəsində İranda böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə edildiyini bildirib.
ABŞ Dövlət katibi Marko Rubio isə toplantıdan sonra görüşün uzunmüddətli xarici siyasət planlarına həsr olunduğunu açıqlayıb.
Məqalədə qeyd olunur ki, ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş əldə edilməyib. Qətər vasitəçilərinin sözlərinə görə, İran hələ də ABŞ-ın nüvə proqramı ilə bağlı güzəştlər tələb edən əks təklifinə cavab verməyib.
İsrailli digər bir rəsmi böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı müzakirələrin son dövrdə artdığını bildirib.
Onun sözlərinə görə, ABŞ-da keçiriləcək ara seçkilərindən əvvəl belə bir əməliyyatın başlanması ehtimalı yüksək deyil. Lakin seçkilərdən sonra İranın hədəf alınması ehtimalının əhəmiyyətli dərəcədə arta biləcəyi qeyd olunur.
ABŞ Prezidenti Donald Tramp son günlər İsrailin Baş naziri Benyamin Netanyahu ilə iki dəfə telefon danışığı aparıb. Sonuncu görüş çərşənbə günü baş tutub.
ABŞ rəsmisinin sözlərinə görə, tərəflər 7 oktyabr hücumlarının qurbanlarının anılması və onlara hörmət göstərilməsi məsələsini müzakirə ediblər. Telefon danışığı Netanyahunun İran məsələsi ilə bağlı milli təhlükəsizlik komandası ilə görüşündən sonra baş verib.
Məqalədə bildirilir ki, İranda böyükmiqyaslı hərbi əməliyyatların yenidən başlaması halında ABŞ və İsrailin koordinasiyalı şəkildə hərəkət etməsi və İsrail ordusunun da prosesə qoşulması ehtimal olunur.
İsrailli rəsmilər İran rəhbərliyinin vəziyyətinin ağır olduğunu və Tehranın mümkün ilk hücum qərarının regional gərginliyi daha da artıra biləcəyini bildiriblər.
Mümkün yeni müharibənin İsrailə də ciddi təsir göstərəcəyi qeyd olunur. İranın cavab olaraq İsrailə yüzlərlə ballistik raket ata biləcəyi ehtimal edilir.
Mənbələrə görə, artan gərginlik və ya fövqəladə vəziyyətin yaranması İsraildəki siyasi proseslərə, o cümlədən Netanyahu hökumətinin mövqeyinə təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.