xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:21 – Əliyev Pezeşkiana təşəkkür etdi 
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 

Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab

Bugün, 11:28 1 dəfə baxılıb

Bakı və Tehranın arasını vurmaq istəyənlərə liderlərdən tutarlı cavab


İran prezidenti Məsud Pezeşkianın növbəti dəfə Azərbaycanla münasibətlərin yaxşılaşdığını bildirərək müharibə dövründə Bakının Tehrana əhəmiyyətli dəstək göstərdiyini açıqlaması İrandakı anti-Azərbaycan mövqeli çevrələrə daha bir tutarlı cavab oldu.

Vaxtaşırı Azərbaycanı İrana qarşı əməliyyatların bir hissəsinə çevirməyə uğursuz cəhd edən dairələrin iddialarını alt-üst edən Məsud Pezeşkian detallara vararaq bildirib ki, müəyyən dövrdə bəzi marşrutların, bankın və səfirliyin fəaliyyəti ilə bağlı yaranmış problemlər Azərbaycan tərəfi ilə təmaslardan sonra qısa müddətdə həllini tapıb.

“Biz zəng edib onlarla danışdıq və təxminən iki saat sonra hər şey yenidən açıldı. Bank və səfirlik fəaliyyətini bərpa etdi, marşrutlar açıldı”, - İran prezidenti deyib.

Pezeşkian müharibə zamanı Azərbaycanın rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisindən müxtəlif təchizat marşrutlarının, o cümlədən Rusiya istiqamətindən daşımaların fəaliyyəti təmin edilib və Bakı İranın ehtiyac duyduğu məsələlərdə kömək göstərib.

“Müharibə zamanı onlar bizə böyük kömək etdilər. Müxtəlif marşrutlarla – istər Rusiyadan gələn tədarüklər, istərsə də öz imkanları hesabına – ehtiyacımız olan məsələlərin təşkilinə yardım göstərdilər və bizi müşayiət etdilər”, – Pezeşkian bildirib.

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.

Bu barədə Azərbaycan Prezidentinin X səhifəsində paylaşım edilib. Paylaşımda deyilir:

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.

Liderlər səviyyəsində qarşılıqlı olaraq xoş münasibətin ifadə olunması iki dövlət arasındakı əlaqələrin inkişafına təkan verir, eyni zamanda münasibətləri korlamağa, Bakı ilə Tehranın arasını vurmaq istəyənlərə liderlər tərəfindən verilən tutarlı diplomatik cavabdır.
Deputat Rizvan Nəbiyev Musavat.com-a açıqlamasında İran prezidentinin Azərbaycanla bağlı nümayiş etdirdiyi yanaşmanı təqdir etdiyini bildirib:

“Məsud Pezeşkian açıq şəkildə bəyan edib ki, müharibə zamanı Azərbaycan İrana əhəmiyyətli dərəcədə kömək göstərib, yollar, bank və səfirliklə bağlı yaranmış məhdudiyyətlər danışıqlardan sonra qısa müddət ərzində aradan qaldırılıb. İran prezidentinin Azərbaycanın müharibə dövründə göstərdiyi dəstəyi açıq şəkildə və konkret nümunələrlə qeyd etməsi diqqətəlayiqdir. Burada söhbət yalnız diplomatik nəzakətdən getmir. Prezident Pezeşkian faktiki olaraq Azərbaycanın böhran şəraitində İrana açıq kommunikasiya, logistika və humanitar yardım imkanları təqdim etdiyini ictimaiyyət qarşısında vurğuladı. Xüsusilə “iki saat ərzində yol da açıldı, bank da açıldı, səfirlik də açıldı” ifadəsi Azərbaycan dövlətinin böhran vəziyyətində operativ qərar qəbul edə bildiyini, xoş qonşuluq və dostluq ruhunda tədbirlər həyata keçirdiyini, beynəlxalq humanitar hüquq çərçivəsində İranın ehtiyaclarına çevik reaksiya verdiyini göstərən konkret nümunədir”.

Milli Məclis üzvünün sözlərinə görə, bu açıqlamanın başqa bir mühüm tərəfi odur ki, İran prezidenti Azərbaycanın rolunu yalnız ikitərəfli münasibətlər kontekstində deyil, İranın regional bağlantılarının qorunması baxımından da qiymətləndirir:

“Bu kontesktdə Rusiya ilə humanitar əlaqələrin təmini və Azərbaycanın öz nəqliyyat imkanlarından istifadə məsələsinin xüsusi vurğulanması həm də Azərbaycanın regional logistika xəritəsində artan əhəmiyyətini göstərir. Bu addımlar qonşuluq və qarşılıqlı hörmət prinsipinin konkret nümunəsidir”.

Prezident İlham Əliyevin cavabından bəhs edən R.Nəbiyev “qardaş İran xalqının yanında olmaq” mesajının siyasi ağırlığından bəhs edib:

“Prezident İlham Əliyevin Pezeşkianın dövlətimiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkür etməsi - bölgədə baş verən son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi. Prezident İlham Əliyevin cavabı Azərbaycanın mövqeyinin mahiyyətini həm də siyasi baxımdan çox aydın ifadə edir: “Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir - birinin yanında olublar”.

Burada mühüm məqam dövlətlərarası münasibətlərlə xalqlar arasındakı münasibətlərin bir-birindən ayrılmamasıdır. Azərbaycanın İranla münasibətlərini yalnız cari siyasi maraqlar üzərində deyil, tarixi, coğrafi, mədəni və humanitar bağlar üzərində də qurduğunu nümayiş etdirir. “Qardaş İran xalqının yanında olmaq” ifadəsi də xüsusi siyasi çəkiyə malikdir. Bu, Azərbaycanın çətin vəziyyətdə olan qonşusuna münasibətini yalnız praqmatik maraq çərçivəsində deyil, xoş qonşuluq və həmrəylik prinsipi əsasında müəyyən etdiyini göstərir. Bu həm də humanitar diplomatiyanın praktik göstəricisidir. Humanitar diplomatiyanın digər mühüm göstəricisi isə hərbi əməliyyatlar dövründə Azərbaycanın İrandan onlarla dövlətin minlərlə vətəndaşının təhlükəsiz təxliyə edilməsinə şərait yaratması idi. Azərbaycanın müvafiq dövlət qurumları həmçinin İran vətəndaşlarının öz ölkələrinə qayıdışı üçün analoji tədbirlər həyata keçirib”.

Rizvan Nəbiyevin sözlərinə görə, iki prezidentin açıqlamasında qarşılıqlılıq münasibətlərin inkişafı üçün effektiv mexanizm elementidir:

“Hər iki açıqlamanı birlikdə oxuduqda daha mühüm bir mənzərə ortaya çıxır, bu iki açıqlama Azərbaycan-İran münasibətlərində ali səviyyədə müşahidə olunan qarşılıqlı etimadın və ali səviyyədə siyasi dialoqun keyfiyyətini təsdiqləyən mühüm siyasi mesajlar kimi qiymətləndirilir. Bir tərəfdən İran Azərbaycan tərəfindən göstərilən dəstəyi yüksək səviyyədə qiymətləndirir, digər tərəfdən Bakı öz addımlarını xoş qonşuluq, regional sabitlik və humanitar diplomatiya kontekstində təqdim edir. Azərbaycan qonşuluqda sabitliyi, rifahı ümumregional kontekstində görür, regional təhlükəsizliyin elementi hesab edir. Bu, Prezident İlham Əliyevin xarici siyasət kursunun strateji xətlərindən hesab olunur. İranın ali dini lideri Xameneinin ölümündən sonra Prezident İlham Əliyevin İranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verməsi də qonşuluq münasibətlərinə göstərilən hörmətin göstəricisi idi. Ən mühüm nəticələrdən biri də budur ki, son hadisələr kontekstində, ali səviyyədə edilən bu açıqlamalar göstərir ki, Bakı və Tehran arasında birbaşa və yüksək səviyyəli dialoq həm də mümkün fikir ayrılıqlarının idarə olunması üçün effektiv, işlək mexanzimdir. Sadalananlar kontekstində ali səviyyədə qarşılıqlı siyasi mesajlar münasibətlərdə “siyasi, mənəvi, etimad kapitalı”nı daha da möhkəmləndirir, münasibətlərin hazırkı və gələcək inkişafı üçün mühüm fundament təşkil edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi