xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:10 – İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib 
  • 11:17 – Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 

Paşinyan Qazaxa gəlir: Delimitasiya baş tutacaq? - İNCƏLƏMƏ

13-03-2024, 15:30 1 dəfə baxılıb



Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan kəndlərinə gələcək.

Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

“Fikirlər var ki, delimitasiya bütün sərhədboyu aparılmalı, daha sonra konkret hissələrə baxılmalıdır. Yaxud delimitasiya sərhədin ən mürəkkəb hissələrindən başlamalıdır. İstisna etmirəm ki, delimitasiya Tavuş rayonundan (Qazaxın işğal altında qalan kəndləri - red) başlana bilər. Hazırda heç bir qərarımız yoxdur. Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuşa baş çəkəcəm”, - Baş nazir belə deyib.

Nikol Paşinyanın sözlərinə görə, Qazax rayonunun işğal altında olan kəndlərinin Azərbaycana qaytarılması Tavuş vilayətinin yaşayış məntəqələrinin verilməsi demək deyil:

“Hər hansı bir müzakirə zamanı Tavuş marzının hansısa kəndinin təhvil verilməsi ilə bağlı məsələ olmayıb və ola da bilməz. Azərbaycan mətbuatında adıçəkilən kəndlər Ermənistan Respublikası ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da mövcud olmayıb”.

Bununla da Baş nazir Qazax rayonunun işğal altındakı yeddi kəndinin həm SSRİ dönəmində, həm də müstəqillik qazandıqdan sonra Azərbaycana məxsus olduğuna işarə vurub.

Nikol Paşinyanın açıqlaması göstərir ki, Ermənistan hakimiyyəti sərhədlərin mərhələli şəkildə delimitasiya olunması ilə bağlı Azərbaycanın təklifini qəbul edib.

Qeyd edək ki, bu barədə ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 11-də yerli telekanallara müsahibə açıqlama vermişdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan tərəfi sərhədlərin delimitasiya və demarkasiya prosesinin Qazax-Tovuz bölgəsindən başlamasını təklif edib. Yəni söhbət Qazax, Ağstafa və Tovuz rayonlarının Ermənistanın Tavuş vilayəti ilə sərhəd xətinin müəyyənləşməsindən gedir.

Eyni zamanda, Azərbaycan Qazax rayonun işğal altındakı kəndlərinin iki mərhələdə qaytarılmasını təklif edib. Əvvəlcə, Ermənistan anklav olmayan Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı kəndlərindən öz qoşunlarını çıxartmalıdır.

İkinci mərhələdə isə Qazax rayonunun anklav vəziyyətində olan Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Sədərək rayonunun Kərki kəndlərini Azərbaycana qaytarmalıdır. Əks təqdirdə, Azərbaycan həmin əraziləri qaytarmaq üçün güc tətbiq etmək hüququndan istifadə edə bilər.

Lakin Qazaxın kəndləri işğaldan azad edilməyənə qədər sərhədlərin müəyyənləşməsindən danışmaq mümkün deyil. Çünki işğal faktının davam etməsi həm delimitasiya və demarkasiya prosesinin, həm də sülh müqaviləsinin reallaşmasına əsas maneə olaraq qalır. Paşinyan öz açıqlamasında çox güman ki, ilk növbədə anklav olmayan dörd kəndin qaytarılmasını nəzərdə tutur.

Ancaq qeyri-anklav kəndlərin qaytarılması ilə bağlı Ermənistan Azərbaycan qarşısında müəyyən şərtlər, hətta ərazi iddiası irəli sürür. Xüsusilə də Ermənistan Yuxarı Əskipara kəndinin işğalından imtina etmək niyyətində görünmür. Rəsmi İrəvan bu mövqeyini həmin kəndin Ermənistanın cənubu ilə şimalını birləşdirən və Gürcüstana gedən yolun üzərində yerləşməsi ilə izah edir.

Paşinyan hakimiyyəti Azərbaycanın Yuxarı Əskiparanın ərazisindən keçən M-4 magistral yolunu bağlamaqla Ermənistan iqtisadiyyatını bloklayacağına dair iddialar səsləndirir. Halbuki, kommunikasiyaların açıqlamasında Azərbaycan Ermənistandan daha çox maraqlıdır. Tərəflər yolun bağlanmayacağına dair hüquqi öhdəlik yaradan razılaşma imzalaya bilər. Üstəlik, Ermənistan işğal dövründə Yuxarı Əskiparanın torpaq sahələrini erməni əhali arasında paylayıb, kənddə qanunsuz məskunlaşma aparıb.

İndi kəndin qaytarılması üçün Ermənistan hökuməti erməni əhalini başqa yerə köçürməlidir. Paşinyanın işğal bölgəsinə səfəri də çox güman ki, bununla bağlıdır.

İkincisi, Ermənistan anklav vəziyyətdə olan Sofulu və Barxudarlı kəndlərini Azərbaycana qaytarmasa, Bakı-İcevan (Karvansaray) dəmir yolu xətti açıla bilməz. Bu isə Ermənistanın blokadada qalması deməkdir. Yeddi kəndin işğalına son qoyulması və sərhədlərin müəyyənləşməsi gələcəkdə Qazax-İrəvan təbii qaz xəttinin bərpasına da şərait yarada bilər.

Ona görə də bu prosesdə Ermənistan Azərbaycandan daha çox maraqlı olmalıdır. Rusiyanın siyasi təsirindən uzaqlaşmağa çalışan Ermənistana Moskva təzyiq vasitəsi kimi təbii qazın nəqlini dayandıra və ya tarifləri artıra bilər. Belə olan halda, Ermənistan üçün ən əlverişli variant Azərbaycanla sülhə nail olmaq və qaz idxalı üçün infrastrukturu bərpa etməkdir.

Lakin Paşinyan hakimiyyəti şərti sərhədboyu Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə Ermənistanı təcrid vəziyyətində saxlayır. Xüsusilə də Qazax istiqamətində həm kəndlərin işğal altında olması, həm də sovet dövründə bu rayonun torpaqlarının qanunsuz olaraq Ermənistana pay verilməsi delimitasiya və demarkasiya üçün ciddi əngəllər yaradıb.

Bu baxımdan, sərhədlərin müəyyənləşməsi heç də asan olmayacaq. Üstəlik, Ermənistan dörd kəndlə yanaşı, Bağanıs Ayrım və Quşçu Ayrım kəndləri arasında işğalda saxladığı “Qazançı” dağı və digər yüksəkliklərini Azərbaycana qaytarmalıdır. Bundan başqa, Ermənistan İcevan rayonunun Bibiş, Lələkənd, Hönüt və Ağstafa rayonunun Tatlı kəndi ilə həmsərhəd olan Tavuş vilayətinin Tatlı (Paravakar) kəndi istiqamətindəki yüksəkliklərə iddia edir. Eyni zamanda, rəsmi İrəvan Tovuz rayonunun Ağdam, Vahidli, Koxa-Nəbi kəndləri ilə həmsərhəd olan yüksəklikləri Ermənistanın ərazisi adlandırmaqla delimitasiya prosesini çətinləşdirir.

Yəni Qazax rayonundan fərqli olaraq, Ağstafa və Tovuz rayonları istiqamətində sərhəd xəttini təyin etmək nisbətən asandır. Ancaq son vaxtlar Ermənistan “31 kənd” məsələsini ortaya atmaqla mübahisəli vəziyyət yaradıb. Əgər Ermənistan qeyd edilən iddiasından geri çəkilməsə, şimal-qərb istiqamətində delimitasiya və demarkasiya mümkün olmayacaq.

Müşfiq Abdulla
“Cebhe.info”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi