“Tavuş vilayətində heç bir kəndin təslim olması ilə bağlı heç vaxt müzakirə olmayıb və ola da bilməz. Kəndlərin adları Azərbaycan mətbuatında açıqlananda Ermənistan ərazisində nəinki sovet dövründə, hətta ondan sonra da belə adlarda kəndlər olmamışdı”, - Paşinyan bildirib.
Paşinyan bildirib ki, Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas olub:
“Sovet İttifaqının dağılması zamanı de-yure mövcud olan sərhəd Almatı Bəyannaməsi ilə və təkcə bu bəyannamə ilə deyil, həm də 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş razılaşmalarla təsdiqləndi. Almatı Bəyannaməsi sərhədlərin və qarşılıqlı ərazi bütövlüyünün tanınması üçün əsas oldu. Ona görə də bu müqavilələrə görə, Sovet İttifaqı dövründə mövcud olan keçmiş inzibati sərhəd, bu inzibati sərhədin o tayında olan şərti olaraq Azərbaycandır, bu tərəfdə olan Ermənistandır. Delimitasiya prosesində biz çalışmalıyıq ki, bu sərhədi hansısa formatda təkrar edək. Biz de-yure reallıqdan çıxış etməliyik. Ermənistan olan Ermənistandır, Ermənistan olmayan Ermənistan deyil”.
Qeyd edək ki, bu, Paşinyanın növbəti təzadlı açıqlamasıdır. Belə ki, Nikol Paşinyan özü Azərbaycanın Ermənistanın işğalı altında olan 8 kəndinin “Ermənistanın 29,8 min kv.km ərazisinə” daxil olmadığını bildirmiş, bu kəndlərin Azərbaycana aidliyini açıq etiraf etmişdi. Eyni zamanda, onun “söykəndiyi” Almatı Bəyannaməsində də Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan ərazisi kimi göstərilir.
Erməni Baş nazirinin növbəti ikibaşlı çıxışını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Nikol Paşinyanın son açıqlamaları Ermənistan cəmiyyətinin mövqeyini öyrənmək məqsədi güdür:
“Paşinyan xalqını yaxın gələcəkdə baş verəcək hadisələrə hazırlayır. O 8 kəndi Azərbaycana qaytarmaq niyyətində olmadığı bildirir. Amma dolayısı ilə həmin kəndlərin Azərbaycana geri qaytarılmasına hazırlıq prosesinin başladığına da eyham vurur. Yəni bildirir ki, delimitasiya və demarkasiya prosesi məhz Tavuş bölgəsindən başlanacaq. Azərbaycanın tələb etdiyi əksər kəndlər də həmin bölgədə yerləşir. Bu da o deməkdir ki, Tavuş bölgəsində hansı ərazinin hansı dövlətə məxsus olduğu müəyyənləşəcək və sahibinə geri qaytarılacaq. Azərbaycan da öz ərazisini Ermənistana güzəştə getmək niyyətində deyil. Paşinyanın istinad etdiyi beynəlxalq müqavilələrdə həmin kəndlər Azərbaycanın ərazisi kimi qeyd olunub. Sovet dövründə həqiqətən də həmin kəndlər Ermənistanın ərazisi olmayıb.Ona görə də Paşinyan bu cümləni işlədərkən çox hiyləgər çıxış edib. Ermənistan istəsə də, istəməsə də, 8 kənd Azərbaycana qaytarılacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.