Rusiya Sülhməramlıları elə ilk gündən Azərbaycan ictimaiyyəti tərəfindən "bəh-bəh"lə qarşılanmadı. Tarix boyu yeritdiyi siyasətlə Azərbaycan insanının haqlı qıcıq və nifrətinə səbəb oldu. Bu gün də "Sülhməramlılar" özlərinin missiyalarını və qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərini aşır.
Onlar nəyə arxalanaraq 10 Noyabr bəyannaməsini açıq şəkildə pozmağa cəhd edir?! Başa düşülən deyil! Özlərindən xəritə icad edib əsl məramlarını unutmaları Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və hiddətə səbəb olur. Bəli, Rusiyaya qarşı etimadsızlıq var.
Rusiya tərəfi yaxşı bilir ki, Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi Azərbaycan cəmiyyətinin müəyyən hissəsi tərəfindən haqlı narazılıqla qarşılanıb. Çünki Azərbaycan xalqı Rusiyanın Ermənistanı silahlandırmasını, Gəncə və Bərdəyə atılan raketin haradan gəldiyini və həmin sülhməramlıların sələflərini yaxşı tanıyır və hər şeyin fərqindədir.
Rusiyaya olan etimadın yaranması üçün son şans Sülhməramlıların dürüst addımlar atması və qəbul olunan sənədə görə davranması idi. Azərbaycanın 44 günlük haqlı davası, mərdlik və düzgün siyasəti, əslində, Rusiyaya mesaj olmalı idi. Rusiya indi yalnız məğlub ölkə Ermənistanın deyil, qalib ölkə Azərbaycanın da maraqlarını nəzərə almalıdır. Əks təqdirdə bunun acısını Ermənistanla bərabər Rusiya da çəkəcək. İndi 90-cı illər deyil. Azərbaycan qüdrətli və söz sahibi olan ölkədir. Haqlı davasında son ana qədər qayəsindən dönməyən, döyüşkən türk ruhuna sahibdir!
Maraqlıdır, Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına gülünc səbəblərlə məhdudiyyətlər qoyan Rusiya bununla nəyə nail olmaq fikrindədir?! Bununla anti-Rusiya meyillərini daha da gücləndirdiyini bilmir?! Üstəlik, bu məhdudiyyəti Zəfər paradından bir gün öncə tətbiq etməsi Rusiyanın qara fikrini təqdim etməkdən başqa bir şey deyil: "Ermənistana hədiyyə etdiyim tankların sizin zəfər paradında nümayişi qəlbimə toxunur" deyir, sanki.
Halbuki Sülhməramlı missiyasını üstlənmiş bir ölkə bunu beynəlxalq hüquq və normalarla etməyə məcburdur və humanist ölkə belə davranar.
Baxmayaraq, Sən nəhəng bir dövlətsən. Amma ortada bir həqiqət var: Ey Rusiya, Sən dünyada o qədər də yaxşı olmayan imicini Qarabağ münaqişəsindəki dürüstlüklə düzəldə bilərsən. Çünki Cənab Fakt qarşısında hər kəs acizdir!
Müəllif: A. Kazımzadə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.