“Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. Qlobal Militarizasiya İndeksinə görə, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur. Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır”.
XİN-dən “Minval.info”ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.
“Son Nazirlər Şurasından bəri, biz yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik. Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”, – nazir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır: “Bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir”.
“Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm.
Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı. Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir”, – deyə nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.