Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməklə regionda yeni reallıqlar yaratdı və Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etdi. Ümumiyyətlə, münaqişə mövcud olan 30 ilə yaxın bir müddətdə də Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu qeyd edirdi. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra regionda nəqliyyat və kommunikasiyaların açılması təşəbbüsü ilə çıxış etməsi, azad edilmş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılması Azərbaycanın regionda sülh və təhlükəsizlikdə maraqlı olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyev həmişə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qorumuşdur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Bunların sırasına Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşünü də əlavə edə bilərik. Belə ki, oktyabrın 6-da Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir. Bəyanatda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Vacib məqam isə ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsinin əsas hesab olunmasıdır. Bununla da Ermənistan Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir, eləcə də suverenliyi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edir. Təbii ki, sülh sazişinin imzalanması üçün aparılan danışıqlarda Azərbaycanın əsas hədəflərindən biri də bu idi. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı.
Sevindirici haldır ki, Praqada təşkil olunmuş və 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Sübut edildi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz.
Ermənistan hər yolla sülh müqaviləsini gecikdirməyə, əngəlləməyə çalışsa da, bunun mümkünsüz olduğunu anlayır. Əvvəl-axır sülh sazişi üçün danışıqlar masasına oturacağını da bilir. Amma prosesi gecikdirməyin onların əleyhinə olduğunu da dərk etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaq, əgər proses uğurla getsə, ilin sonunadək razılaşmaya nail ola bilərik. Həmçinin, dövlət başçısı deyib ki, Azərbaycan tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının sualı yoxdur. Beləliklə, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin, ədalətin bərpa olunması üçün əməli addımlar atır. Beynəlxalq hüquq və normalara riayət edir. Ölkəmizin sülh prosesi üçün təqdim etdiyi 5 şərt də münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir.
Yusif Babayev,
Salyan şəhəri, YAP fəalı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.