xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Qalib Azərbaycanın mediasının qarşısında yeni üfüqlər açılıb

21-07-2022, 15:37 169 dəfə baxılıb

Kərim Tahirov: Qalib Azərbaycanın mediasının qarşısında yeni üfüqlər açılıb


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Mətbuatımızın qürur duyduğumuz bugünkü reallıqları 147 illik çətin, eyni zamanda, şərəfli yolun təqdimatıdır

Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. Görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlanan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə görkəmli ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Şərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və sair kimi qəzet və jurnallar məhz “Əkinçi” ənənələrini davam etdirmişlər.

Bu gün yaranmasının 147-ci ildönümünü qetd etdiyimiz milli mətbuatımız bütün dövrlərdə həqiqətin carçısı kimi çıxış edib. Mətbuatımız Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqillik və azadlıq ideyalarının, Sovet hakimiyyəti illərində kommunist dünyagörüşünün, xalqın zəngin milli adət-ənənələrinin təbliğində böyük rol oynamışdır. Azərbaycan mətbuatı Sovet dövrünün çox sərt ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunmasına baxmayaraq milli-mənəvi dəyərlərimizin qorunmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmişdir.

Təbii ki, milli mətbuatımızın keçdiyi 147 illik yolu bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Amma əsas olan budur ki, milli mətbuatımız bütün dövrlərdə cəmiyyətin güzgüsü missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərib. 147 illik yol özündə bütün mərhələləri əks etdirməklə hər bir dövrdə atılan addımların bugünümüz üçün möhkəm mənbə olmasına əsas yaratmışdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkəmizə idarəçilikdən bixəbər insanların rəhbərlik etmələri digər sahələrdə olduğu kimi, mətbuat sferasında da uğursuzluqlara yol açdı. Sözsüz ki, ictimai-siyasi durumun son dərəcə gərgin olduğu, xaosun, özbaşınalığın, anarxiyanın hökm sürdüyü bir zamanda mətbuatın inkişafından, azad sözə, fikrə dəyər verilməsindən danışmaq mümkün deyildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə, o cümlədən mətbuat sahəsində yeni mərhələnin başlanmasının, inkişafın əsasını qoydu.

Azərbaycanda azad və müstəqil mətbuatın yaranması Ümummilli Liderin adı ilə bağlıdır

Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində söz və mətbuat azadlığını, plüralizmi məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ümummilli Lider hakimiyyətə qayıdışının ilk günlərindən bu çağırışı edirdi ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar ölkəmizdə təsbit olunmalıdır. Demokratiyanın inkişafını strateji kursumuzun əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin ardıcıl surətdə həyata keçirdiyi islahatların nəticəsidir ki, bu gün dünya Azərbaycanın demokratiya təcrübəsindən bəhs edir. Ən əsası Ümummilli Liderin gərgin səyləri nəticəsində Azərbaycan 2001-ci ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından sayılan Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Ötən 30 ilə yaxın müddətdə demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərdən biri hesab edilən azad mətbuatın inkişafı dövlətimizin siyasətinin prioritet istiqaməti kimi öndə olub. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinin nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırıldı, azad mətbuatın inkişaf yolunda yeni perspektivlər açıldı. Bu addımların davamlılığını təmin etmək üçün 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və bu cəsarətli addım nəticəsində dövlətin mətbuat üzərində nəzarəti aradan götürüldü. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaradıldı. Onu da qeyd edək ki, 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilən Milli Konstitusiyamızda da azad mətbuatın inkişafına xidmət edən müddəalar öz əksini tapıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında", 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanunlar qəbul edilərək söz və mətbuat azadlığına, medianın və jurnalistlərin müstəqil fəaliyyətinə geniş imnkanlar yaradıldı. Medianın iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində də biri-birindən mühüm addımlar atıldı.

Bu gün Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyevin mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, potensialının gücləndirilməsinə və qlobal informasiya məkanında layiqli yer tutmasına hərtərəfli dəstəyi özündə əks etdirən addımlarının xronologiyasına diqqət yetirdikdə bu sahədə qazanılan uğurların miqyası aydın şəkildə ortaya çıxır.

Azad medianın inkişafının, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinin, jurnalist peşəkarlığının artırılmasının, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritetliyi atılan davamlı addımlarda özünün aydın ifadəsini tapıb. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi kimi mühüm addımlar mətbuata göstərilən diqqətin tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlət başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı sərəncamları da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, hüquqi cəmiyyəti azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir, internet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Bu statistikanın özü mətbuatda sağlam rəqabətin gücləndirilməsini, jurnalist peşəkarlığının artırılmasını, ən əsası məsuliyyət amilini peşə fəaliyyətinin əsas prinsipi kimi öndə saxlanılmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan jurnalistikasının doğrudan da böyük yol keçdiyini xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bu məqamı da diqqətə çatdırır ki, bu, sadəcə xoş sözlər deyil, həqiqətdir. Məsuliyyət və peşəkarlıq, dəqiq informasiya hər bir medianın imicini formalaşdıran başlıca keyfiyyətlərdir. Peşəkarlıq və məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın əqidəsinə, tutduğu yola, məqsəd və məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın prinsiplərinə hansı səviyyədə yanaşmasını, peşəkarlığını artırmağa, cəmiyyətin informasiya tələbatının ödənilməsinə özünün töhfələrini vermək istəyini nümayiş etdirir. Ölkə Prezidenti məsələyə bu prizmadan yanaşaraq belə bir əminliyi də ifadə edir ki, peşəkarlıq artdıqca, jurnalistikada “reket” məsələləri də aradan qaldırılacaq. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaq. Günümüzün əsas tələblərindən olan informasiya təhlükəsizliyinin təmin edilməsi də jurnalist məsuliyyəti və peşəkarlığını aktuallaşdırır.

Hər dövrün öz tələbi var

Mətbuatın prinsipləri dəyişməz olsa da bu sahədə dövrün, zamanın tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə mütləqdir. İllər keçdikcə cəmiyyətin mətbuatdan gözləntiləri də dəyişir, yeni texnologiyaların inkişafı fonunda internet resurslarının inkişafı daha çox informasiyaların əldə edilməsi imkanlarını genişləndirir. Bu halda yenə də jurnalist məsuliyyəti və peşəkarlığı öndə dayanır. Məlumatın dəqiqliyi və onun ictimaiyyətə təqdim olunması bu iki amilin vəhdətinin düzgün yaradılmasından asılıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq mümkün deyil. Baxmayaraq ki, bəzi beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən “Freedom House”un ölkəmizə qarşı qərəzli yanaşmaları özünü mətbuat sahəsində aparılan islahatların qiymətləndirilməsində də büruzə verir. Belə ki, Azərbaycanı “azad olmayan ölkələr” sırasında qeyd edən bu təşkilatlar hələ də bu qiymətləndirməni hansı prinsiplər əsasında həyata keçirdiklərini əsaslandırmaq imkanında deyillər. Demokratiyanın hər addımda boğulduğu Ermənistanın “azad ölkələr” sırasında yer alması artıq bu təşkilatların kriteriyaları necə müəyyənləşdirdiklərinə bir daha aydınlıq gətirir.Belə qərəzli yanaşmalar ölkəmizi, xalqımızı ruhdan salmır, əksinə, Azərbaycan daha təkmil addımları ilə sivil dünyanın diqqətini özünə cəlb edir. Azərbaycana qarşı qərəzin daimi olduğunu nəzərə alsaq, müasir şəraitdə mətbuatın üzərinə düşən vəzifənin nədən ibarət olduğunu aydın şəkildə görərik. Dövlətimiz həqiqətlərimizin təbliği istiqamətində məqsədyönlü işlər görür, bununla yanaşı, mətbuat da fəal olmalı, ölkəmizə qarşı hər bir böhranı, qərəzi həqiqətlərimizlə susdurmağa töhfəsini verməlidir.

Sevindirici haldır ki, bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir. Bu gün siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, özünün gündəlik fəaliyyətində vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.

Tarixi Zəfərimiz medianın informasiya mübarizəsində roluna bir daha işıq saldı

Azərbaycan mediasının 44 günlük İkinci Qarabağ müharibəsi dövründə fəaliyyəti, ölkəmizə qarşı yönəlmiş informasiya təxribatlarının qarşısının alınması, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi səylər ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin davam etdiyi 44 günün hər günündə xalqımıza müraciətlər edir, hər günün Qələbə müjdəsini ictimaiyyətə çatdırırdı. Bütün bunların nəticəsində Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın yumruq kimi birliyi, torpaq, Vətən sevgimiz mətbu orqanların manşetlərində bir çağırışa çevrildi. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadəsi Vətən müharibəsinin rəmzinə çevrilərək mediamız vasitəsilə tarixi həqiqətlər, faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırıldı. Azərbaycan tarixi Zəfəri ilə həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü təsdiqlədi. Ölkəmizin münaqişənin həlli ilə bağlı yaratdığı möhkəm hüquqi baza döyüş meydanında da öz sözünü dedi. Bütün dünyaya göstərdik ki, bu torpaqlar bizimdir, biz öz ərazilərimizdə müharibə apararaq tarixi torpaqlarımızı düşmən tapdağından azad edirik və etdik.

44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın 30-dan artıq mətbu orqanına müsahibələri, həmçinin dövlət başçısına ünvanlanan sualların hər birinə verilən tutarlı cavablar həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynadı. Müzəffər Ali Baş Komandan informasiya cəbhəsində də üstünlüyümüzü qorumaq istiqamətində səylər göstərdi. Bu gün dövlət başçısının həmin dövrdə verdiyi müsahibələrinin hər biri Vətən müharibəsi ilə bağlı həqiqətlərin öyrənilməsində, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbə rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diplomatik mübarizədə Azərbaycanın qələbəsinin təmin edilməsi istiqamətində atdıqları addımlar, dünyaya etdikləri çağırışlar yazılı və elektron KİV-lər vasitəsilə ölkə vətəndaşlarına və beynəlxalq ictimaiyyətə çatdırılır. Təbliğatımız bu gün də hər zaman olduğu kimi, real həqiqətlərə, faktlara əsaslanır.

Şanlı Qələbəmizin reallıqları bu gün medianın qarşısında hansı tələbləri qoyur?

Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» Fərmanı bütün bu məqamlara aydınlıq gətirir. Fərmanda da qeyd edildiyi kimi, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan məlum Fərman bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan mediası hər dövrün, zamanın tələblərini yüksək səviyyədə cavablandırır, eyni zamanda, özünün gündəlik fəaliyyətində yeniləşməni, təkmilləşməni daim diqqət mərkəzində saxlayır.

Qətiyyən şübhə etmirik ki, yeni texnologiyaların tətbiqi, çoxsaylı internet resurslarının yaradılması fonunda ortaya çıxan müəyyən problemlər qeyd edilən Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində öz müsbət həllini tapacaq. Əsas hədəf qalib Azərbaycanın mediasını daha da təkmilləşdirmək, yeniləşdirmək, müasir dövrün yeniliklərindən və perspektiv imkanlarından bəhrələnməklə cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə ödəməkdir. Bir sözlə, bu gün yeni reallıqlar qarşımıza yeni vəzifələr qoyur. Dövlət tərəfindən Azərbaycan mediasının bu vəzifələri lazımi səviyyədə yerinə yetirməsini təmin edəcək addımlar da atılmaqdadır.

Medianın İnkişafı Agentliyi hədəflərin gerçəkləşməsində vacib icra mexanizmini ortaya qoymaqla azad mətbuatın inkişafını daha da sürətləndirir

Prezident İlham Əliyevin məlum Fərmanı əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması media səhəsinə gətiriləcək yeniliklərin təqdimatı oldu. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması ölkənin media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, yeni gözləntilərə yol açdı. Göründüyü kimi, adında məqsəd və məramını ifadə edən Medianın İnkişafı Agentliyi (MEDİA) fəaliyyətə başlamasından keçən qısa dövrdə mühüm uğurlara imza atıb. Günümüzün əsas çağırışı olan media resurslarının iqtisadi müstəqilliyinin stimullaşdırılması, KİV sahəsində şəffaflığın təmin edilməsi, ən əsası jurnalistikanın, media mühitinin sağlamlaşdırılması, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gələcəkdə hansı nəticələrə yol açacağı kimi məsələlərə MEDİA real addımları ilə aydınlıq gətirdi. MEDİA ilk gündən yeni fəaliyyət modelini ideal qəbul etməyərək müzakirələrə açıq olduğunu bildirdi. Belə ki, onun fəaliyyətə başlamasından ötən qısa müddətdə çap mediası ilə yanaşı, onlayn mediaya (informasiya agentlikləri, xəbər saytları) dövlət dəstəyindən bəhrələnmək üçün imkanlar yaradılması bu qurumların iqtisadi müstəqilliklərini stimullaşdırır.

İyulun 20-də, Milli Mətbuat Günü ərəfəsində Azərbaycanda media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını cavablandıran Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bir daha bildirir ki, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA-nın əsas prioritetlərindəndir.

MEDİA-nın yeni keyfiyyətdə informasiya mühiti formalaşdırmaq istəyi və buna nail olmaq üçün ortaya qoyduğu model təqdirəlayiqdir. Bu model daim günümüzün çağırışı olan “Rəqabətli media mühitinin yaradılması əsas tələb olmalıdır” tezisinin reallığa çevrilməsini şərtləndirir. Burada yenə də əsas tələb jurnalist peşəkarlığının artırılmasıdır.

Qısa dövr ərzində MEDİA-nın fəaliyyətinin xronologiyasına diqqət yetirək. Qurum tərəfindən dünyanın qabaqcıl media təşkilatlarının və xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün silsilə təlim və seminarlar təşkil edilir. Təkcə 2021-ci il ərzində Agentlik tərəfindən həyata keçirilən təlimlərə, seminarlara və digər layihələrə 60-dan çox təlimçi və 350-dən çox media nümayəndəsi cəlb edilib. Jurnalistlərin dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi, əməkdaşlığının optimallaşdırılması və informasiya mübadiləsinin daha effektiv təşkili məqsədilə dövlət orqanlarının mətbuat katibləri, media qurumlarının rəhbərləri və jurnalistlər üçün seminar və təlimlər təşkil edilir. Jurnalistlərin ixtisaslaşması və sahəvi jurnalistikanın inkişaf etdirilməsi məqsədilə MEDİA bir sıra dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edir. Ali təhsil müəssisələrində media mərkəzlərinin inkişafını və təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi də atılan addımların tərkib hissəsidir. Bu məqsədlə Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində 150-dən çox tələbənin iştirakı ilə görüş və mühazirələr təşkil edilib. Jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması məqsədilə il ərzində iki dəfə Fərdi jurnalist müsabiqələri keçirilir. Hər bir addımda məqsəd azad medianın inkişafını təmin etmək, jurnalist peşəkarlığını artırmaqdır.

2022-ci ilin ötən dövrü media sahəsində hansı yeniliklərə yol açıb?

Jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsi məqsədilə normativ-hüquqi bazanın yenilənməsini, “Media haqqında” Qanunun qəbul olunmasını xüsusi qeyd etməliyik. “Media haqqında” Qanunda təsbit olunan 78 maddənin hər biri bir yenilik, gələcəyə xidmət edən çağırışdır. 9 fəsildən, 78 maddədən ibarət olan yeni Qanunun qəbulunu zəruri edən səbəblər apardığımız təhlillərdən aydın görünür. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun həmin dövrün reallıqlarını əks etdirirdi. Dövlət başçısı İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. Bir məqamı da qeyd edək ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə dəyişiklik edilib. Bu müddət ərzində digər sahələr kimi, mətbuatda da çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Təbii ki, sözügedən Qanuna edilən əlavə və dəyişikliklər bu çağırışları yüksək səviyyədə cavablandırmaq imkanlarına malik ola bilməzdi. Yeni Qanunun qəbulu məhz bu zərurətdən yarandı və artıq bu sənədin medianın inkişafına böyük yol açacağı barədə böyük əminlik mövcuddur. Qanun informasiya mühitinin sağlamlaşmasını, informasiya resurslarımızın artmasını, jurnalistlərin statusunun yüksəldilməsini, imicinin yaxşılaşmasını və nüfuzunun güclənməsini təmin edəcək. Bu baxımdan Media Reyestrinin yaradılması xüsusi qeyd edilən məqamlar sırasındadır. Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsi və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək. Bu Reyestrin formalaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq və pərakəndəliyin qarşısını alacaq. Digər vacib məqam dövlətin jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verməsidir. Belə ki, media sahəsindəki islahatların davamı olaraq, ölkə Prezidenti İlham Əliyevin 8 fevral 2022-ci il tarixli Fərmanı ilə jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər siyahısına daxil edilib. Bu, dövlət başçısının jurnalistlərin sosial problemlərinin həllini daim diqqətdə saxlamasının daha bir əyani göstəricisidir. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışının ƏDV-dən azad edilməsi də cari ilin ötən dövründə medianın inkişafı istiqamətində atılan addımlar sırasındadır.

Qeyd olunanlar Azərbaycan mediasında yeni dövrün başlandığı qənaətinə ciddi əsaslar yaradır. Müasir müstəqil Azərbaycanın söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutması, adının internetin azad olduğu ölkələr sırasında qeyd edilməsi dövlətimizin bu sahəyə diqqət və qayğısının təqdimatıdır. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Bu yolun uğurlu davamı üçün geniş imkanlar yaranır. Qalib Azərbaycanın mətbuatı olaraq bu imkanlardan maksimum bəhrələnməli, islahatların qarşıya qoyduğu hədəflərin gerçəkləşməsinə töhfələrimizi verməli, “Media haqqında” Qanunun tələblərinə riayət etməliyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi