Niyazi Bayramov: Regionda sülhün bərqərar olmasının qarantı Azərbaycandır
11-10-2021, 12:50
106 dəfə baxılıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Tarixə nəzər salsaq aydın olur ki, tarixi Azərbaycan torpaqlarında digər ölkələrdən köç edərək məskən salan ermənilər çoxaldıqca kompakt yaşadıqları ərazilərdən Azərbaycanlıları müxtəlif dövrlərdə müxtəlif üsullarla sıxışdırıb çıxartmaq və özlərinə dövlət yaratmaq siyasəti ilə məşğul olublar. Çox təəssüf ki, buna nail ola biliblər və hətta yaratdıqları Ermənistan respublikası ərazisi ilə kifayətlənməyib, Qarabağımızı və ətraf rayonlarımızı işğal ediblər...
2020 – ci ildə tarixə qızıl hərflərlə yazılan 44 günlük “Zəfər Tariximiz” regionda yeni reallıqlar yaratdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, cəsur Azərbaycan əsgərinin şücaəti və eyni zamanda ümumxalq birliyi düşməni diz çökdürməyə və kapitulyasiya aktını imzalamağa vadar etdi. Azərbaycan dövlətinin apardığı əks hücum əməliyyatı torpaqlarımızın işğaldan azad olması ilə paralel Ermənistan ordusunu darmadağın etməklə, onun iqtisadiyyatını da çökdürdü.Ərazilərimizin işğaldan azad olunmasından sonra cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. İqtisadi ərazilərin dəyişməsi yeni reallıqlar ortaya qoyur, regionda yeni sülhsevər baxışların meydana gəlməsinin zərurət olduğunu ortaya qoyur. Təbii ki, yeni sülh danışıqlarının aparılması və yeni şərtlərin irəli sürülməsi qalib ölkə olan Azərbaycana məxsusdur və Cənab Prezidentin dediyi kimi bundan sonra bölgədə söz sahibi olaraq bizim diqtəmiz keçərli olacaq, hərçənd ki, Azərbaycan sülhü dəəstəkləyərək daima münaqişənin də sülh yolu ilə həllinə həmişə can atırdı. Elə bu reallıqlar da ona əsas verir ki, regionda sülhün bərqərar olmasının qarantı Azərbaycandır...
Azərbaycan tolerant ölkədir, burada bütün dinlərə hörmətlə yanaşılır və kifayət qədər hər bir etnik millətə məxsus dini ibadət məkanları inşa edilib. Bütün etnik millətlər ölkəmizdə tam azad bir şəraitində yaşayırlar. Eyni zamanda Azərbaycanda 30 minə yaxın erməni yaşayır və nəzərə alsaq ki, bu sayın 25 mini Qarabağda yaşayan ermənilərə məxsudur, onlar da Azərbaycan vətəndaşı olaraq fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqlara, imtiyazlara və öhdəliklərə malikdirlər. Lakin status məsələsinə qayıtmaq mümkün deyil və ermənilər bu məsələyə heç vaxt qayıtmamalıdırlar.
Birgəyaşayış regionda sağlam gələcəyin qarantı ola bilər və bu qaçılmazdır. Eyni zamanda birgə iqtisadi layihələr daha geniş imkanlar yaradaraq regionda sülhün möhkəmlənməsinə kömək edəcək.
Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində almaniyalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Almaniya münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Niyazi Bayramov Böyük İpək Yolu üzərində yerləşən Gəncə şəhəri haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncəçay çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada yüngül və ağır sənaye, eyni zamanda yeyinti məhsulları istehsal edən müəssisələr fəaliyyət göstərir. Şəhər rəhbəri qeyd edib ki, Gəncə qədim zamanlardan elm və mədəniyyət mərkəzi hesab olunur. Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsi Gəncədə yerləşir. Bununla yanaşı Azərbaycanda aqrar sahədə ixtisaslaşmış kadr yetişdirən yeganə universitet Azərbaycan Dövlət Aqrar Universiteti də məhz burada fəaliyyət göstərir. Gəncənin dünyanın bir sıra şəhərləri ilə əməkdaşlıq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Niyazi Bayramov, bənzər münasibətlərin Almaniya şəhərləri ilə də qurulmasının vacibliyini qeyd edib.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq səmimi qəbula görə şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib, Gəncədə olmaqdan məmnunluq ifadə edib. O qeyd edib ki, sadəcə Azərbaycan yox, ümumilikdə Qafqaz regionu üçün əhəmiyyətli şəhər olan Gəncə, yüksək iqtisadi potensiala malikdir. Səfir həmçinin Almaniya və Azərbaycan arasında olan tarixi və mədəni əlaqələrə də nəzər salıb. O qeyd edib ki, Almaniyanın Gəncə ilə münasibətlərinin tarixi 200 ildən artıqdır. "Alman həmvətənlərim 200 il əvvəl Göygöl yaxınlığında bir qəsəbədə məskunlaşıblar ki, bu da Gəncə ilə Almaniya arasında münasibətlərin nə dərəcədə intensiv olmasını bir daha göstərir. Gəncədə alman izlərinin qorunub saxlanılması da oluqca təqdirəlayiqdir" – deyə, səfir bildirib.
Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, törədilmiş hərbi cinayətlərin izləri ilə yerində tanış olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 130-a yaxın şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Almaniyanın ölkəmizdəki səfiri bütün müharibə qurbanlarının, xüsusilə 1 il əvvəl həlak olmuş şəxslərin xatirəsi qarşısında baş əydiklərini vurğulayıb. "Sivil, dinc əhali arasında olan qurbanlar bizə müharibənin bir daha baş verməməsi üçün əlimizdən gələn hər şeyi etməli olduğumuzu bir daha xatırladır. Biz çalışmalıyıq ki, regionda sülh və əmin-amanlıq olsun, qırğınlar bir daha baş verməsin" – deyə o, qeyd edib.
Ermənistanın silahlı qüvvələrinin Gəncədə törətdikləri terror aktları nəticəsində həlak olan mülki şəxlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzülüb.
Səfir Volfqanq Maniq Nizami Gəncəvi Məqbərə Kompleksində də olub. O, dahi şair və müətəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradılıcığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Müzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Şərq dünyası ədəbiyyatı" mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib.
Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Gəncənin Cavadxan küçəsi boyunca “El şənliyi” formatında təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları izlənilib.
Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və Uşaq İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.
“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrı kollektivinin təqdimatında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılı oynanılıb. Bununla yanaşı Gəncə idmançılarının şahmat, ağırlıq qaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Tədbir Gəncə Dövlət Filarmoniyasının önündə təşkil olunan konsert proqramı ilə davam edib.
Tədbir çərçivəsində Gəncə Urban Mərkəzində «GƏNCƏSƏNƏT» və «GəncəKitab» sərgi-satış yarmarkası da təşkil edilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.
Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə baş tutan «GƏNCƏSƏNƏT» incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində verdikləri əvəzsiz dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR