Azərbaycan Respublikası öz ərazi bütövlüyü bərpa etdi
29-09-2021, 11:23
83 dəfə baxılıb
Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edərək, tarixi ədaləti bərpa etdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi! Ordumuz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vuraraq Vətən müharibəsini bizim böyük zəfərimizlə bitirdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi yolla azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Sirr deyil ki, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız nəhayət qələbəyə çatdı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcəkdir. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbə bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan Respublikası güclü hərbi siyasəti ilə düşmənin layiqli cavabını verməyə qadirdir. Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır.
Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə layiqdir. Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Ali Baş Komandanımızın siyasi iradəsi, xalq və ordu birliyi sayəsində biz tam qalibiyyət qazandıq.
Anar Hacıyev,
YAP Salyan rayon təşkilatının şura üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR