xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 

Emin Uçar: 27 sentyabr - Zəfər tariximizin başlanğıcı - Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir

27-09-2023, 12:35 71 dəfə baxılıb

Emin Uçar: 27 sentyabr - Zəfər tariximizin başlanğıcı - Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir


Arkoz Holdinq”in rəhbəri, Türkiyəli iş adamı Emin Uçar - Dünya siyasi tarixinin müqayisəolunmaz və heyrət doğuran ittifaqı heç şübhəsiz Azərbaycan-Türkiyə birliyidir. Çanaqqalada Türkiyənin istiqlalı uğrunda Azərbaycan qəhrəmanlarının qanı, Bakının azad olunması savaşında türk əsgərlərinin şücaətilə yoğrulan bu birlik qalib sərkərdə Atatürkün sevgisi, böyük dövlət adamı Heydər Əliyevin müdrikliyi ilə dünya tarixində əvəzsiz iz buraxdı. Bu gün həmin prosesi Türk dünyasının liderləri Ərdoğan və Əliyev tərəfindən beynəlxalq miqyasa yüksələrək zirvəyə çatdırılıb. Bu zirvənin hüquqi təsdiqi kimi imzalanan Şuşa Bəyannaməsi müasir dünya düzənində ən üstün dövlətlərarası münasibətin simvolu sayıla bilər. Zəfər savaşında mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın yanında olan Türkiyə həm Qələbə paradında iştirakı, həm də Şuşa Bəyannaməsi ilə tək dostluq, qardaşlıq mesajını deyil, həm də dünya üçün istənilən təhlükəyə qarşı “Bir millət, iki dövlət” prinsipinin duracağını göstərən həqiqət idi. Qardaş Türkiyə son antiterror tədbirlərində də Azərbaycanın yanında olduğunu ən yüksək səviyyədə bəyan etdi. İllər öncə beynəlxalq tədbirlərin birində Türkiyəyə qarşı çıxış edən erməni rəhbərə “Türkiyə Prezidenti burda yoxdur, əvəzində mən burdayam” deyən Azərbaycan lideri kimi bu günlərdə BMT kürsüsündən Azərbaycan haqqını müdafiə edən Prezident Ərdoğan dünya üçün müqayisəyəgəlməz birlik nümunəsi göstərdi. Antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Prezident Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi. Prezident Ərdoğanın Naxçıvan səfərində Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bütün dünya üçün bir daha nümayiş olundu. Hər iki dövlət başçılarının səmimi münasibəti, həm bölgənin, həm də bütövlükdə dünyanın siyasi proseslərinə ortaq baxışı onu göstərir ki, bu müttəfiqlik hərbi və siyasi qarşıdurma şəraitində olan bir çox ölkələrə nümunə ola bilər. Eyni zamanda Qafqazdan Orta Asiyaya uzanaraq Türk Dövlətləri Birliyini möhkəmləndirən bu müttəfiqlik dünya siyasi düzəninə də ciddi təsir göstərməkdədir. Bu gün artıq dünyanın qaynar nöqtələrində problemin həlli, böyük iqtisadi layihələrin gerçəkləşməsi üçün Ankaranın və Bakının rəyi əsas götürülür. Bütün beynəlxalq platformalarda eyni mövqedən çıxış edən bu iki qardaş ölkənin imzaladığı sənədlər də həm regional, həm geopolitik, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident Ərdoğanın Naxçıvana səfəri zamanı imzalanan sənədlər də bu qəbildəndir. Əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaratmışdısa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Naxçıvanla Qars arasında dəmir yol xəttinin çəkilişi də belə bir əhəmiyyətə malikdir. Bu dəmir yolunun istifadəyə verilməsi yalnız Naxçıvanın iqtisadi-sosial inkişafı üçün əhəmiyyətli deyil. Naxçıvandan Qarsa uzanan dəmir yol xətti bütövlükdə Şərq-Qərb arasında beynəlxalq logistik layihənin tərkib hissəsidir ki, bu da hər iki dövlətin regional iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Beləliklə, Prezident Ərdoğanın Naxçıvan səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur. Liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir. Naxçıvan görüşü də yaxın zamanlarda şahidi olacağımız uğurların əsasını qoymuş oldu.

Üç il bundan əvvəl – 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həmin il sentyabrın 27-də xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması həmin günün unudulmaz hadisələridir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Çünki nəhayət, 30 illik həsrtədən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı. Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir. Cənab Prezident 27 sentyabr tarixini Azərbaycanda Anım Günü elan edib. Bu, şəhidlərimizə olan böyük ehtiramın nümunəsidir.

27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. 2020-ci il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. 44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan üçtərəfli Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu.

Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmlərini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir.

Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Qarabağın incisi olan Şuşada görülən işlər hər kəsə məlumdur. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa – quruculuq işlərin aparılması Böyük Qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir.

Bütövlükdə, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti möhtəşəm birlik nümayiş etdirərək ordumuzla, Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu.

Azərbaycan Ordusunun bugünlərdə Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıdır. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi