Sumqayıt Bulvar idarəsinin fəaliyyəti bura istirahətə gələnlərin məmnunluğunu tam təmin edir
26-05-2023, 12:35
26 dəfə baxılıb

Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyev - Müstəqil dövlətçiliyə sahib olmaq Tanrının hər bir xalqa nəsib etdiyi ən böyük nemətdir. Məhz bunun uğrunda müxtəlif xalqlar minlərlə, on minlərlə qurbanlar vermiş, bəzən müstəqillik arzularına çatmış, bəzən də bu arzu onlar üçün sadəcə əlçatmaz qalmışdır. Müstəqil dövlətçiliyin formalaşdırılmasında tarixi şəxsiyyətlərin rolu əvəzsiz və danılmazdır. Hər bir xalq məhz öz liderinin ətrafında sıx birləşərək milli dövlətçilik ideyasını reallaşdırmağa çalışır. Heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyi haqqında danışarkən ilk növbədə göz önünə Ulu Öndər Heydər Əliyev gəlir.
Xalqımızın tarixində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda gələcək taleyimizi müəyyən edən mühüm başlanğıcların təməli qoyulmuşdur. Belə günlərdən biri də böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 1993-cü ilin 3 oktyabrıdır. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən Prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Bu, Azərbaycan xalqının öz liderinə sonsuz etimadının bariz göstəricisi idi. Ulu Öndərin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
Ümummilli Liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində xalqımız tarixi-mədəni yaddaşını özünə qaytardı, milli mənlik şüuru inkişaf etdi. Milli məfkurəmizin əsasını təşkil edən Azərbaycançılıq ideologiyası cəmiyyətimizdə aparıcı ideologiya oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Müstəqilliyimiz və dövlətçiliyimiz ötən hər gün daha da möhkəmlənir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun dövlətçilik ənənələrimizin əbədi yaşayacağını bir daha təsdiq edir.
Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik ənənələrini hər zaman ən üst səviyyədə dəyərləndirmiş və 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsinin tarixi əhəmiyyətini son dərəcə yüksək qiymətləndirərək qeyd etmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Yavər Vəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Yavər Vəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqət yetirilir. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. Xəzərin sahilindəki bu möhtəşəm kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sumqayıt Bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. 4,2 kilometr uzunluğunda 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib. Bulvar kompleksində salınan yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Bulvarın ərazisində velosidedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə inşa olunub. Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 500-dən çox yeni iş yeri açılıb. Sumqayıt Bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, Xəzərin sahilindəki bu kompleksin hər zaman insanların sevimli istirahət məkanı olaraq öz cazibədarlığını və funksionallığını saxlaya bilməsində Sumqayıt Bulvar idarəsinin rəisi Yavər Vəliyevin rəhbərlik etdiyi kollektivin müstəsna xidmətləri vardır. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Necə deyərlər, görülən yaxşı iş öz bəhrəsini verir. Avropanın belə nifuzlu mükafatının məhz Sumqayıt Bulvarına verilməsi təkcə bu şəhərə deyil, respublikamıza göstərilən böyük dəyərin nəticəsidir.
Maraqlı bir fakt Yavər Vəliyevin bir müddət əvvəl ölkə mətbuatına verdiyi açıqlamada yer almışdı. Sumqayıt Bulvarının rəhbəri demişdi ki, bulvar ərazisində 180 minə yaxın qızılgül, habelə bir o qədər ağac və kol əkilib. Yaşıllıqların salınması zamanı 30-a qədər müxtəlif ağac növündən istifadə edilib ki, bunların arasında həm yerli, həm də xaricdən gətirilən ağaclar mövcuddur. Bütövlükdə xaricdən, xüsusilə də İtaliya və Türkiyədən gətirilən ağaclar üstünlük təşkil edir. Belə ki, bulvar ərazisində əkilən ağaclaırn 80%-i məhz adıçəkilən ölkələrdən gətirilib. Bundan başqa, Abşeron iqlimi üçün ideal hesab ediln zeytun ağaclarının da sayı yetərincədir. Həmçinin Bulvar ərazisində qızılgüllərlə yanaşı mövsümü güllərin əkilməsinə də xüsusi fikir verilir.
Sumqayıt bulvarının çoxsaylı özəlliklərindən biri də buradakı fəvvarə və bulaqların bolluğudur. Hazırda buvar ərazisində 6 ədəd fəvvarə mövcuddur ki, onların da hamısı işlək vəziyyətdədir. Həmçinin Bulvar ərazisində 8 bulaq mövcuddur ki, bu bulaqlar 24 saat ərzində insanları yüksək keyfiyyətli su ilə təmin edir.
Sumqayıtın, eləcə də Sumqayıt Bulvarının bütün gözəlliklərini və özəlliklərini vəsf etmək mümkün deyil. Amma əslində buna ehtiyac da yoxdur. Çünki Xəzərin sahilindəki bu möcüzə ilə yaxından tanış olmağın ən düzgün yolu Sumqayıt Bulvarını ziyarət etmək, bu il 74 yaşını qeyd edən bu gənc və gözəl şəhərin qonağı olmaqdır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR