2020-ci ilin sentyabrın 27-dən başlayan Böyük Qarabağ Zəfərində ən şanlı səhifələrdən biri Füzuli şəhərinin və bütovlükdə Füzuli rayonunun işğaldan azad olunması ilə bağlıdır. Füzulinin azad olunması əməliyyatı Vətən Müharibəsində strateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biri olmuşdur və müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci il oktyabr ayının 17-də Füzuli şəhərini işğaldan azad etmişdir. Bununla da Qarabağımızın strateji əhəmiyyət daşıyan rayonlarından olan və qədim yaşayış məskəni kimi özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Füzuli rayonunda böyük quruculuq və dirçəliş işlərinə əsaslı zəmin yaradılmışdır. İşğal dövründə Füzuli şəhərində və işğal altında olan yaşayış məntəqələrində barbar ermənilər daşı-daş üstə qoymamışlar və qəbirləri belə sökmüşlər. Burada işğalın ağırlığını sinəsində daşıyan doğma torpaqlarımızdan başqa ələ gələn hec nə qalmamışdır.
Füzuli Qarabağın formalaşması və inkişafı ilə bağlı olan tarixi proseslərdə önəmli yer tutur və ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə yaradılmışdır. Rayonun ərazisi qədim insan məskəni kimi tanınır və bu, Azıx mağarasındakı arxeoloji tapıntılarla təsdiqlənmişdir. Sovetlər birliyi dönəmində 1930-cı il avqust ayının 8-də inzibati rayon statusuna yiyələnmiş və Qaryagin rayonu adlandırılmışdır. Böyük filosof və şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi ilə əlaqədar olaraq 1950-ci ilin aprelində rayonun adı dahi ədibin şərəfinə Füzuli kimi tarixə düşmüşdür. Rayonun ərazisi əsas etibarı ilə mailli düzənliklərdən və Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən ibarətdir. Füzuli həm də ölkəmizin cənub sərhədləri– İranla Araz çayı boyunca sərhəd ərazisi kimi ciddi önəm daşıyır. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 144 min nəfərdir.
Hazırda Füzuli rayonunun və ilk növbədə Füzuli şəhərinin bərpası və sürətli inkişaf prosesləri davam etməkdədir. Dövlət başcısının qısa müddət ərzində bu rayona 4 dəfə səfər etməsi, bərpa-quruculuq işləri ilə yerindəcə tanış olması, təməlqoyma mərasimində iştirak etməsi, zəruri tapşırıq və tövsiyələrini verməsi aparılan işlərin daha intensiv təşkilinə təkan vermişdir. Rayonda respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yaradılması işləri misli görünməmiş sürətlə aparılır. Hazırda Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi intensiv olaraq davam etdirilir. Rayonun və regionun su təchizatında genişmiqyaslı tədbirlər görülür, davamlı elektrik enerjisi təminatı yaradılır və artıq “Füzuli” yarımstansiyasının açılışı olmuşdur. 2021-ci il fevral ayının 14-də Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmiryolu xəttinin təməlqoyma mərasimində iştirak etmiş və bildirmişdir ki, bu dəmir yolu xəttinin çox böyük strateji əhəmiyyəti vardır: “Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”. 2021-ci il avqust ayının 29-da isə dövlət başcısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə yerində tanış olublar. Bu hava limanı regionun ən iri hava limanı statusunu və eyni zamanda Qarabağımızn strateji hava qapısı rolunu daşıyacaqdır. Hava limanının tikintisi sürətlə reallaşdırılmışdır və onun əsas məqsədi regionun digər əraziləri ilə yanaşı, ilk növbədə müqəddəs və mədəni paytaxtımız Şuşaya daha çox xarici qonaqların gəlməsini sürətləndirməkdir. Ümumiyyətlə, Füzuli hava limanı bir çox amillər baxımından çox mühüm strateji layihə və nəqliyyat-logistika mərkəzi kimi qiymətləndirilməlidir. Artıq yerli və beynəlxalq ekspertlər birmənalı şəkildə bu çür qiymətləndirmələr səsləndirməkdədilər. 2021-ci il sentyabr ayının 5-də ilk uçuş sınagı baş tutmuşdur və tezliklə Füzuli hava limanının rəsmi açılışı reallaşdırılacaqdır.
Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə,
Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Belə ki, rayonun güclü iqtisadi resursları, o cümlədən bir sıra ənənəvi və yeni iqtisadiyyat sahələrinin intensiv inkişafına imkan verən potensialı vardır. Rayonda vaxtilə ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilmişdir. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzində olmuş, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşımışdır.
Bütün bunları əsas götürlməklə, yaxın dövrdə Füzuli rayonunun intensiv inkişaf edəcəyini və Füzuli şəhərinin Qarabağda, həm də işğaldan azad olunmuş bütün ərazilərin iqtisadiyyat quruculuğunda, sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında strateji əhəmiyyətinin dəfələrlə artacağını əminliklə söyləyə bilərik.
Elnur Qəniyev,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati
ərazi dairəsi nümayəndənin müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.