11-03-2024, 20:43
112 dəfə baxılıb

'M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Kərim Tahirovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Kərim Tahirov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, 'M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Milli Kitabxanada görkəmli ictimai-siyasi xadim, pedaqoq, alim, Azərbaycanda qadın azadlığı uğrunda fəal mübariz Səidə xanım İmanzadə haqqında kitabın təqdimat mərasimi keçirilib
7 mart tarixində Azərbaycan Milli Kitabxanasında ölkəmizdə qadın hərəkatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim, əməkdar müəllim Səidə İmanzadənin xatirəsinə həsr olunmuş “Cаида Иманзаде” kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində tanınmış elm, mədəniyyət xadimləri və Səidə xanım İmanzadənin ailə üzvləri iştirak ediblər.
Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov 8 mart “Beynəlxalq qadınlar günü” münasibətilə bütün qadınları təbrik edib. Qeyd edib ki Səidə İmanzadə xalqın taleyində müstəsna rol oynayıb, millətin taleyüklü məqamlarında xilaskarlıq missiyasını şərəflə yerinə yetirib, qadın azadlığının düşmənlərinə qarşı, cəhalətə və savadsızlığa qarşı respublikada gedən ümumxalq hərəkatının önündə gedən xanımlardan biri olub.
Tarix elmləri doktoru Dilarə xanım Seyidzadə Ulu öndər Heydər Əliyevin fəaliyyətindən, qadınlara verdiyi xüsusi dəyərdən bəhs edib. Səidə İmanzadəyə həsr olunmuş kitabın önəmini vurğuluyaraq bildirib ki, Səidə xanımın obrazı, onun irsinin öyrənilməsi bugünkü gəncliyimiz üçün çox önəmlidir.
Milli Məclisin deputatı, professor Anar İsgəndərov Səidə xanımın bir tələbəsi kimi onu çox zərif, milli ruha sahib xanım, tələbələrinə sevgi və qayğı ilə yanaşan ədalətli pedaqoq, müəllim kimi xarakterizə edib.
BDU-nun kafedra müdiri, professor İradə Hüseynova bu günün böyük məna və səciyyə kəsb etdiyini vurğuluyaraq Səidə xanımla yaxın ünsiyyətdə olduğunu söyləyib. Qeyd edib ki, hələ gəncliyindən qadın azadlığı hərəkatını izləyən, öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzuda 75-dən çox kitabça və məqalə çap etdirib. Əlavə edib ki, S. İmanzadənin “Qadınlar cəmiyyətdə və ailədə” “Qadının - ananın şərəfini yüksəldək”, “İslam dini və qadın məsələsi”, “Azərbaycan qadınları Böyük Vətən müharibəsində” “Azərbaycan qadınları mədəniyyət cəbhəsində” kitablarında Azərbaycanda qadın azadlığı uğrunda mübarizə tarixinin çətin, ziddiyyətli, mürəkkəb, həm də şərəfli dövrü zəmanənin siyasi çərçivələrini və qadağalarını, siyasi konyukturasını nəzərə alaraq, mümkün qədər obyektiv işıqlandırıb. Çıxışını Hüseyn Cavidin “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək” misraları ilə bitirib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Səidə xanım İmanzadənin Bakıda Qızlar İnternatının müdiri, qabaqcıl təhsil ocaqlarından biri olan 132 nömrəli məktəbə direktor, uzun illər Bakı Dövlət universitetində tarix fakültəsinin dekanı kimi səmərəli fəaliyyətindən bəhs edib.
Səidə xanımın qardaşı qızı, həkim Sədaqət xanım Səidə xanımın nəinki cəmiyyətdə, ailədə də qadınları ictimai həyata cəlb edən bir xanım olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Səidə xanım “Qadın nümayəndələri iclası” adlanan təşkilatın fəal üzvlərindən biri olub, burada azərbaycanlı qadınlar arasında iş aparıb, qadınların hüqüq və imkanlarını onlara başa salıb. O, bütün qüvvəsini qadın hüquqları uğrunda mübarizəyə yönəldib. Əlavə edib ki, bütün həyatını müəllimliyə həsr edən Səidə xanım İmanzadənin çoxcəhətli fəaliyyəti - ilk növbədə pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Belə ki, Səidə xanıma 1943-cü ildə ona respublikanın "Əməkdar müəllimi" fəxri adı verilib. 1944-cü ildə "Qafqazın müdafiəsi, 1945-ci ildə isə "1941–1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə" medalı ilə təltif edilib. 1946-cı ildə Səidə xanım İmanzadə Lenin ordeninə layiq görülüb.
“Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev Səidə xanımın Ümummilli lider Heydər Əliyevin sevimli müəlliməsi olduğunu Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə Səidə xanıma müxtəlif vəzifələr, xüsusilə rəhbər vəzifələr təklif etsə də, təvazökar qadın müəllimliyi bütün vəzifələrdən üstün tutaraq sevimli tələbəsinin təklifilə razılaşmayaraq BDU-da pedaqoji fəaliyyətini davam etdirdiyini qeyd edib.
Səidə xanımın oğlu, görkəmli diplomat, Mübariz İmanzadə bir övlad kimi bu gün Səidə xanımın xatirəsini ucalda bildiyi üçün xoşbəxt olduğunu söyləyib. Tarix elmləri doktoru Dilarə xanıma, Milli Kitabxananın direktoru prof. Kərim Tahirova eləcə də bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.
Sonda Səidə xanım İmanzadəyə həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub.
'M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev irsi və Prezident İlham Əliyev missiyası şərəflə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bütün yüksək nailiyyətlər Lider-Xalq birliyinin nəticəsi olaraq qazanılan daxili gücün hesabına əldə olunub və ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Aparılan genişmiqyaslı islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. İqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.
Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirməsi, parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verərək söylədiyi fikirlər, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı apardığı təhlillər Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının parlamentdə çıxışı zamanı qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması xüsusilə təqdirəlayiqdir. Ölkə Prezidentinin yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söyləməsi parlament üçün yeni vəzifə, yeni səlahiyyət oldu və bu da qanunvericiliyin icrasına və vətəndaş məmnunluğuna hədəflənmişdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərir. Azərbaycan Parlamenti konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir.
Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq parlamentin sədri qadın seçilmişdir. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşmışdır. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.
Bu bir həqiqətdir ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.
Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün özünəməxsus tələbləri var. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm tələblərindən biri oldu. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır.
Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xocalıda, Xankəndində dalğalanır. Qədirbilən xalqımız Heydər Əliyev irsinin və Prezident İlham Əliyev missiyasının şərəflə davam etdirilməsinin xöş təəssüratları və uğurlu nəticələri ilə yaşayır.
Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız əmindir ki, yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərən Milli Məclis işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur və bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqda davam edəcək.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR