Müğənni Afət Fərmanqızının Hacı Roma ləqəbi ilə tanınan iş adamı Ramal Hüseynovla nikah masasına oturacağı və paytaxtın elit restoranlarının birində toy məclisi quracağı barədə məlumatlar yayılıb.
Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az-ın əməkdaşı Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Müğənni yaxın aylarda baş tutacaq toyu ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:
“Mən cavan qız deyiləm ki, orada-burada gizli eşq yaşayım və özümə təmtəraqlı toy edim. Yaşı qırxı adlamış bir xanımam. Sevib-seçdiyim bəylə aramda bir-iki yaş fərq var. Ortada 5-6 yaş fərq olsaydı, mən bu izdivaca qətiyyən yol verməzdim. Yaşıdıq deyə ailə qurmağa razılaşdım. Qohumlarım və mənə əziz, yaxın olan insanların əhatəsində kiçik bir məclis təşkil edəcəyik. Bunun adını qohumlar arasında tanışlıq qoyaq. Onlarda görüb, bilsinlər ki, Afət alnı açıq, başı uca ailə qurdu. Bu məclis qohum-əqrəbadan gələn tələbdir, yoxsa mənim üçün o qədər də önəmli deyil. Çünki heç kimə hesabat vermək məcburiyyətində deyiləm. Bu bir növ ona görə lazımdır ki, hər hansısa tədbirə və ya qohum toyuna gedəndə, dəvətnamə göndərəndə bilsinlər ki, Afət tək deyil, onun əri var. Məclis isə yəqin ki dekabr-yanvar aylarında olacaq. Yaxın və çörək kəsdiyim sənət yoldaşlarımı öz məclisimə çağıracağam. Artıq adam olmayacaq”.
Oğlunun xaricdə yaşadığını və bu məsələləri anasının ixtiyarına buraxdığını söyləyən A.Fərmanqızı bildirdi ki, oğlu onu tək yox, yanında dəstək duracaq bir insanla görmək istəyir:
“Oğlum Avropada yaşayır və oranın ən bahalı universitetində təhsil alır. Müasir, azad fikirlidir. Onu belə böyütdüyüm üçün istəmir ki, anası tək qalsın. Onun üzərində zəhmətim çoxdur, başa düşür ki, anasına da həyatda dayaq olan insan gərəkdir. Deyir ki, gözümü açandan sən təksən, atam isə çoxdan evlənib, bir yuvaya sahib olub. Ürəyinə yatan bir insan çıxsa onunla evlən. Bir sözlə, oğlum bu məsələdə də mənim addımımı dəstəkləyir”.
Gələcəkdə nələrin olacağından heç kəsin sığortalı olmadığını söyləyən sənətçi, açıqlamasında gələcək həyat yoldaşının rəsmən boşandığını etiraf etdiyini dilə gətirdi: “Həyatdır, heç kim heç nədən sığortalı deyil. Ailəni, dağıtmaq və ya boşanmaq üçün qurmurlar. O, bir dəfə ailəli olub, amma rəsmi olaraq boşanıb. O, mənə dildə boşandığını söyləsəydi, bu ciddi addımı heç vaxt atmazdım. Amma rəsmi olaraq boşanma sənədini gördükdən sonra mən bu işə ikiəlli razılıq verdim. Təklik Allaha məxsusdur. Mən də Allah deyiləm ki, tək oturum. Öz qismətimi, yarımı tapmışam, sözünün də ağasıdır. O da subay, mən də. Aprel ayında o, rəsmən boşanıb. Tanışlığımız isə iyun ayına təsadüf edib. Onun sənədlə subay olmağı mənə bəs edir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.