Ədalət Hacıyev: Dünya Azərbaycanlılarının Zəfər Qurultayı
26-04-2022, 13:17
76 dəfə baxılıb
Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Azərbaycanın incisi Şuşa şəhərində 65 ölkədən gəlmiş 400 nümayəndənin iştirakı ilə keçirilən Zəfər Qurultayı mühüm bir dövrə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti 2022-ci ili “Şuşa ili” elan etmişdir.
Bəli 2020-ci ildə 44 günlük Vətən müharibəsində igid oğullarımız Şuşanı erməni işğalından azad edərək şanlı tariximizə, eləcə də hərb tarixinə qələbə dastanı yazdılar. İndi azad Şuşada belə bir qurultayın keçirilməsi böyük rəmzi məna daşımaqla bərabər, ermənilərə və onun havadarlarına ciddi xəbərdarlıqdır. Dünyanın hər yerindən buraya toplaşmış nümayəndələr Azərbaycan xalqının soykökünə, tarixinə və azadlıq eşqinə bağlılıqlarını bir daha ifadə etdir.
Qurultay nümayəndələri “Zəfər yolu” ilə Şuşaya doğru irəlilədikcə insanların sifətində həm kədər, həm də sevic hislərinin şahidi olduq. Bir tərəfdən 30 il boyunca erməni vandalların xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastruktur, digər tərəfdən isə yenidən bərpa edilən və dirçələn Qarabağda aparılan ölçüyə gəlməz işlər. Bu gün dövlətimiz Qarabağda, Azərbaycanlıların dədə-baba yurdlarında böyük layihələri həyata keçirir. Erməni faşıstləri məhz heç vaxt onların olmayacağını bildikləri üçün 30 il ərzində bu torpaqlarda vandalizmlə məşğul olmuş, kəndləri və şəhərləri viranəliyə çevirmişdilər.
Bu gün Qarabağ torpağının əsil sahibləri qayıtmış, bu ərazilərdə böyük həcmdə bərpa, quruculuq işləri aparılır. Düşmənlərimizə sübut edirik ki, Azərbaycan xalqı qurub-yaradan, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan mübariz bir xalqdər.
Hamımıza yaxşı məlumdur ki, “Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ümummilli Lider Heydər Əliyevdir. Onun 30 il bundan əvvəl söylədiyi fikirlər bu gün reallığa çevrilir. O, deyirdi ki, “biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq”. Dünya azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirildiyini göstərir.
Cənab Prezidentin Zəfər Qurultayında nitqi diaspor fəaliyyətinin gələcək istiqamətləri üçün “yol xəritəsi” dir. Bu nitq gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, təbliğ edilməsi sahəsində konkret müddəaların toplusudur. Nitqin əsas qayəsi görər ki, hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma keçilməz deyil. Ağır döyüşlərdə qələbə qazanan bir xalqın övladları arxayınlaşmamalı, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, fasiləsiz bir şəkildə davam etdirməlidir. Hədəflərimizə gedən yolumuzda yaşadığımız yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, Azərbaycançılıq ideyalarına sədaqətlə xidmət etməli, bütün fəaliyyətimizi Azərbaycanımızı dünyada tanıtmağa həsr etməliyik.
Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə göstərdi. Xalqımızın Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində böyük işlərin görülməsini tələb edir.
Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Buraya tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxildir.
Zəfər Qurultayında Möhtərəm Prezidentin Ana dili ilə bağlı tövsiyələrini müasir Azərbaycançılığın əsas hədəfi kimi qiymətləndirmək olar. Dövlətimizin başçısının bildirdiyi kimi Ana dili əsas amildir. Çalışmaq lazımdır ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəbləri, bazar günü məktəblərinin açılması istiqamətində işlər görülməlidir.
Ümumiyyətlə götürsək “Zəfər Qurultayı” Azərbaycan diasporunun yenidən, daha mütəşəkkil formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcıdır. Bu qurultayda səsləndirilən çağırışlar, müəyyən olunan hədəflər bizləri parlaq gələcəyə aparan mübarizə yollarında sıx birləşdirəcək, dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının fəaliyyətini daha da gücləndirəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR