“Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Dövlət başçısı deyib: “Bunu bəyan edən beynəlxalq müşahidəçilər, əlbəttə ki, reallığı əks etdirir. Eyni zamanda, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır.
Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir.
Eyni zamanda, hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir.
O ki qaldı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik. Bir də ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər ovaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi.
Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Ondan sonra bu qanunsuz və korrupsioner rejim devrildi, onları guya Ermənistan parlamentində təmsil edən deputatlar təslim oldu, əllərini qaldırdılar, boyunlarını bükdülər və kənara çəkildilər. Yeni parlament seçkiləri elan edildi və yeni parlament seçkilərində respublikaçıların faşist partiyası heç parlamentə girə bilmədi.
Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, 2 və ya 3 ay ondan əvvəl saxtalaşdırılmış seçkilərin nəticələri göz qabağındadır və bu nəticələrə, bu saxtakarlığa ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu öz müsbət rəyini vermişdi. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur.
Bir məsələni - müşahidəçiləri də qeyd etmək istərdim. Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi. Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur”.
“Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu, gülməlidir və təəccüblüdür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.