Macarıstan baş naziri Viktor Orban yalnız ABŞ-ın Bayden administrasiyasını deyil, həm də Rusiyaya sanksiyalar tətbiq edən və Ukrayna savaşının əsas maliyyə yükünü çəkən Avropa Birliyini də oyundan kənar vəziyyətə salmış kimi görünür... Macar baş nazirin Ukrayna savaşını dayandırmaq üçün müstəqil sülh təşəbbüsü ilə çıxış etməsi, bu prosesdə Rusiya-Çin-Trampın ofisi marşrutu ilə fəaliyyət göstərməsi həm Bayden administrasiyasını, həm də Avropa Birliyini olduqca qəzəbləndirib...
Ukrayna savaşı ətrafında yaranmış gərginlik artan xətt üzrə inkişaf edir. Belə ki, son vaxtlar Rusiyanın dərinliklərinə endirilən hərbi zərbələrə cavab olaraq, Kreml Ukrayna önəmli şəhərlərini hədəfə almağa başlayıb. Üstəlik, bu qarşılıqlı zərbələr hər iki tərəfə ağır itkilər hesabına başa gəlir. Və bu baxımdan, Ukrayna savaşında yeni mərhələnin başlandığını da iddia etmək olar.
Ancaq onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının intensivləşməsi həm də sülh prosesinə hazırlığa paralellik təşkil edir. Hər halda, Rusiya prezidenti Vladimir Putin bir müddət öncə Ukraynanın rəsmi dairələri ilə sülh danışıqlarına hazır olduğunun açıq mesajını vermişdi. Üstəlik, Kreml sahibi Rusiyanın sülh şərtlərini də ümumi şəkildə gündəmə gətirmişdi. Və rəsmi Kiyev verdiyi ilkin reaksiya ilə sülh müzakirələrinə qarşı çıxmadığını dolayısı da olsa, sezdirmişdi.
Təbii ki, bütün bunlar Ukrayna savaşının davam etməsində maralı olan bəzi Qərb siyasi dairələrində ciddi narahatlığa yol açmışdı. Belə ki, sonrakı mərhələdə Ukrayna savaşının intensivləşməsi də Qərbdəki narahatlığın təzahürü sayıla bilər. Hər halda, Qərbdən gələn qeyri-rəsmi təlimatlarla Ukrayna ordusunun Rusiyanın dərinliklərinə zərbələri daha intensiv xarakter aldı.
Hətta adının çəkilməsini istəməyən bəzi Ukrayna rəsmiləri də Rusiyanın dərinliklərinə zərbələrin Qərbdən sifariş olunduğu etiraf etməyə başladılar. Bu, beynəlxalq savaş qruplaşmasının dərhal hərəkətə keçib, sülh cəhdlərini boşa çıxartmağa çalışdığını göstərir. Son vaxtlar isə Qərb siyasi dairələri Rusiya hava hücumundan müdafiə sistemlərinin vacib olduğunu daha tez-tez vurğulayırlar. Və bunu Ukraynaya veriləcək "F-16" döyüş təyyarələrini qorumaq məqsədi ilə izah edirlər.
Göründüyü kimi, Ukrayna savaşının sona çatmasına əngəl törədən beynəlxalq güclər artıq fəaliyyətə keçiblər. Eyni zamanda, Ukrayna savaşının ən qısa müddətdə dayandırılmasında maraqlı olan beynəlxalq dairələr də fəaliyyətdədir. Belə ki, hazırda intensiv sülh təşəbbüsləri də ön plana keçməyə başlayıb. Və bu baxımdan, hesab etmək olar ki, Ukrayna savaşı ətrafında həm də müharibə tərəfdarları ilə sülhə can atanlar arasında da kəskin qarşıdurma mövcuddur.
Maraqlıdır ki, hazırda Ukrayna savaşının dayandırılması prosesinə ABŞ prezidentliyinə namizəd Donald Trampın liderlik etdiyi barədə müəyyən mülahizələr mövcuddur. Ağ Evin keçmiş sahibi Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna savaşını ən qısa zamanda dayandıracağını vəd edib. Üstəlik, seçkilərdə qalib gələrsə, müharibənin sona çatdırılması üçün prezident səlahiyyətlərinin icrasına başlamağı gözləmək niyyətində olmadığını da vurğulamışdı.
Keçmiş prezidentin sülh planı Rusiyanın siyasi qüruruna hörmət modeli üzərində qurulub. Çünki o, eyham vurub ki, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalma ehtimalı istisna deyil. Rəsmi Kiyev buna razı olmasa da, Rusiya tamamilə məmnundur. Üstəlik, ABŞ-ın keçmiş prezidenti Ukrayna lideri Volodimir Zelenskinin sülh planını bütövlükdə açıqlamaq çağırışlarına müəmmalı şəkildə reaksiya verməkdən yayınır. Və bu, Donald Trampın rəsmi Kiyevin mövqeyinə, eləcə də, Ukraynanın maraqlarına əhəmiyyət verməyə həvəsli olmaması kimi də yozulur.
Digər tərəfdən, Donald Trampın sülh təşəbbüsünün artıq dərinləşməyə başladığı da müşahidə olunur. Belə ki, Kremlin hazırda Donald Trampla qeyri-rəsmi, səhnəarxası təmaslara başladığı barədə kifayət qədər ciddi məlumatlar mövcuddur. Hətta prezident Vladimir Putinin rus naziri Rusiyanı qane edən sülh şərtlərinin olduğu məxfi paketlə Donald Trampın yanına göndərdiyi bildirilir. Və bu, o deməkdir ki, hazırda Ukrayna savaşının dayandırılması ilə bağlı proses həm başlayıb, həm də Donald Tramp tərəfindən koordinasiya edilir.
Bunu qeyri-rəsmi şəkildə təsdiqləyən daha bir önəmli məqam da mövcuddur. Belə ki, Macarıstan Avropa Birliyinin Ukrayna savaşını maliyyələşdirilməsinə və Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxan azsaylı dövlətlərin sırasına daxildir. Macarıstanın baş naziri Viktor Orban isə bir müddət öncə ABŞ-a səfər etmişdi.
Ancaq baş nazir Viktor Orban Bayden administrasiyasının təmsilçiləri ilə görüşməyə ehtiyac duymamışdı. Macarıstan baş nazirinin ABŞ-da yalnız Donald Tramp ilə görüşüb, geri dönməsi isə təkcə Ağ Evdə deyil, Avropa Birliyi daxilində də ciddi çaşqınlıq yaratmışdı. Və indi bunun bəzi səbəbləri artıq müşahidə olunmağa başlayıb.
Məsələ ondadır ki, Macarıstan baş naziri Viktor Orban hazırda Donald Tramp tərəfindən koordinasiya olunan sülh prosesinin əsas aparıcı siması rolunda çıxış edir. Hər halda, macar baş nazirin əvvəlcə Rusiyaya, ardınca isə Çinə səfəri qətiyyən təsadüf deyil və Qərbdə böyük qıcıqla qarşılanıb. Kremldə baş nazir Viktor Orbanı çox diqqətlə dinləyərək, məmnun əhval-ruhiyyədə yola salıblar. Çində isə macar baş nazirin gözlənilməz səfərindən çaşqınlıq keçirilsə də, böyük hörmətlə qarşılanıb. Və baş nazir Viktor Orbanın Çin lideri ilə Ukrayna savaşının Rusiyanın da etiraz etmədiyi dayandırma planını müzakirə etdiyi iddia olunur.
Bəzi məlumatlara görə, Macarıstan baş naziri Viktor Orban Çindən sonra ABŞ-a səfər etmək niyyətindədir. Onun ABŞ prezidentliyinə namizəd və seçkilərdə qələbə şansı yüksək olan Donald Trampla növbəti dəfə görüşəcəyi bildirilir. Və böyük ehtimalla ABŞ-ın gələcək prezidenti ilə Ukrayna savaşının dayandırılması prosesində edilən cəhdlərin nəticələri müzakirə oluncaq.
Belə anlaşılır ki, hazırda Macarıstan baş naziri Viktor Orban Ukrayna savaşının dayandırılması prosesində əsas rəsmi təşəbbüskar rolunda çıxış edir. Bayden administrasiyası ilə anlaşma mümkün olmasa da, macar baş nazir ABŞ-ın gələcək prezidenti ilə ortaq fəaliyyətə nail olub. Bu isə o deməkdir ki, Donald Tramp və Viktor Orban ortaqlığı əslində, ABŞ-ın Bayden administrasiyasını oyundankənar vəziyyətə salıb. İndi bir qədər suallar doğurmuş olsa da, bir neçə aydan sonra Donald Tramp hakimiyyətə gələrsə, macar baş nazirin sülh prosesindəki bu uğuru həlledici faktora da çevrilə bilər.
Eyni zamanda, Macarıstan baş naziri Viktor Orban yalnız ABŞ-ın Bayden administrasiyasını deyil, həm də Rusiyaya sanksiyalar tətbiq edən və Ukrayna savaşının əsas maliyyə yükünü çəkən Avropa Birliyini də oyundan kənar vəziyyətə salmış kimi görünür. Hər halda, baş nazir Viktor Orban öz sülh təşəbbüsündə hazırda Macarıstanın sədrlik etdiyi Avropa Birliyini təmsil etmir. Baş nazir Viktor Orban yalnız Macarıstan adından çıxış edir. Və onun Ukrayna savaşının dayandırılması istiqamətində sülh təşəbbüsləri ilə həm Ağ Evi, həm də Avropa Birliyini kənara itələməyi bacarması Qərbdə yalnız narahatlıq deyil, üstəlik böyük qəzəb də doğurub.(Yeni Müsavat)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.