Ukraynada müharibə artıq 1 ildən çoxdur ki, davam edir.
Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Rusiyanın Ukraynadakı itkiləri kifayət qədər çox olduğu üçün yaranan çatışmazlıq kimsə tərəfindən ödənilməlidir.
Onun sözlərinə görə, Rusiya gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti çıxarmaq və mövcud kontingenti çağırışçı gənclərlə əvəz etməyə qərar verib. "Yəni müqaviləli əsgərlər çıxarılır, çağırışçılar göndərilir", - deyə Budanov bildirib.
Onun fikrincə, Rusiya Qarabağdakı hərbçiləri Ukraynada müharibəyə cəlb edəcək. Həmin hərbçilərin yerini doldurmaq üçün çağırışçılar Qarabağa gətiriləcək. Bu isə o deməkdir ki, 5 il tamamlanmamış Rusiya hərbi kontingenti Qarabağdan çıxarıla bilər.
Maraqlıdır, bu iddia gerçəkləşəcəkmi?
Bununla bağlı politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, bu açıqlama əslində Rusiya ordusundakı vəziyyəti əks etdirir:
"Düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsi davam edəcəksə, Rusiya Qarabağda 2025-ci ilin noyabrınadək ordu saxlasın. Rusiyanın ümumi itkiləri 200 minə çatır. Rusiya təkcə canlı qüvvə deyil, kifayət qədər silah-sursat itirir. Məsələnin önəmli tərəfi odur ki, Rusiya daxilində narazılıq var. Artıq Rusiya Qarabağda sülhməramlı kontingenti saxlayın demir. Rusiya tərəfi deyir ki, Ukraynada məğlub olursunuz, bunun qarşısını niyə almırsınız? Fikrimcə, gənc əsgərləri Qarabağ bölgəsinə gətirməklə Rusiya orada nəsə edə bilməyəcək. Təcrübəsiz əsgəri ermənilərlə birgə saxlamağın özü belə təhlükəlidir. Rusiya ağılla düşünəcəksə, ora gənc əsgər göndərməyəcək. Orada gənc əsgər uzun müddət qalmayacaq. Rusiya hərbçiləri 5 il tamamlanmadan Qarabağdan tamamilə çıxarıla bilər".
O bildirib ki, Rusiyanın Qarabağdakı vəziyyəti Ukrayna müharibəsindən asılıdır:
"Çünki Rusiyanın müharibədə məğlubiyyəti onun qabığına çəkilməsi deməkdir. Həm də danışıqlar masasında Qərb Rusiyanı Qarabağdan Gürcüstandan, Mərkəzi Asiyadan, Suriyadan, Liviyadan, Balkanlardan çəkilməsini tələb edəcək. Ukrayna Rusiyanı məğlub etsə, prosesin hansı istiqamətdə getməsi məlum olacaq. İnanmıram ki, proses bu cür davam edərsə, Rusiya qoşunları 5 ilin tamamına qədər Qarabağda qalsın".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.