“Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.
Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlət başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”
Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan Prezident İlham Əliyev deyib: “Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.