xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb

18-10-2019, 17:00 26 dəfə baxılıb

“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb

“The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillikdən sonra” kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib.
Müəllif Prezident İlham Əliyevin apardığı islahatları təhlil edib, onların regionun inkişafına təsirini və ABŞ ilə strateji dialoqun möhkəmlənməsinə əlverişli şərait yaratmasını əsaslandırıb.

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm ölkədir.

Qeyd edilir ki, İsraillə sıx münasibətləri olan dünyəvi Azərbaycanın əhalisi qərbyönlüdür. Ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya üzərindən Avropa ilə Çini birləşdirən quru yolları marşrutunun inkişafında əsas mərkəzə çevirir.

Müəllif qeyd edir ki, daha əhəmiyyətlisi, Azərbaycanın öz neft-qaz ehtiyatlarını Avropa bazarlarına ixrac etmək üçün boru kəmərlərini inşa etməsi digər tədarükçülərdən asılılığı azaldan mənbənin yaradılmasına və qaz ixracını şaxələndirməyə imkan verib.

Məqalədə vurğulanır ki, bu səbəblərdən Vaşinqton və Bakı arasında strateji münasibətlər Azərbaycanın ərazisinin ölçüsü ilə müqayisə edildikdə, ehtimal ediləndən daha mühümdür.

Tramp administrasiyasının ABŞ-ın Avrasiyada strateji mövqeyini yenidən nəzərdən keçirdiyini nəzərə alsaq, ölkədə həyata keçirilən islahatlar zamanla səsləşir. İslahatların həyata keçirilməsi ilə bağlı indiki səylər 2015-ci ildə - neftin qiymətlərinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb.

Məsələn, 2001-ci ildə Norveç modeli əsasında Dövlət Neft Fondu yaradılıb. 2012-ci ildə “süni vasitəçiliyi aradan qaldıran” və bununla da vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən “ASAN xidmət” istifadəyə verilib.

Bu xidmət çox populyardır və İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət xidmətlərinin göstərilməsində “korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında” onun fəaliyyətini yüksək qiymətləndirib, - deyə Kornell yazır.
Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətlərinin düşməsi ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Bundan sonra fəal islahatlara başlanılıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi.

Kornell vurğulayır ki, Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların “təmiri” deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Sonrakı üç ildə, ilk növbədə, iqtisadiyyatda və məhkəmə sistemində islahatların təşəbbüskarı və bayraqdarı Birinci vitse-prezidentin ofisi oldu.

Amerikalı ekspert yazır ki, hökumət tərəfindən Mədəniyyət Nazirliyindən ayrı turizm agentliyi yaradıldı və viza prosedurları sadələşdirildi. Hazırda “ASAN xidmət” tərəfindən idarə edilən elektron viza sistemi dünyada bu sahədə ən sadə hesab olunub və onun sayəsində Çin, Cənubi Koreya və bəzi Körfəz ölkələrinin vətəndaşları vizaları ölkəyə giriş zamanı əldə edə bilirlər.

Bu, turizmin böyük inkişafına səbəb oldu: 2008-ci ildəki 1 milyon nəfərlə müqayisədə, 2017-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. 2019-cu ildə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Eyni zamanda, Bakı özünün kosmopolit ab-havası və parlaq mədəni həyatı ilə Körfəz regionunun ərəb ölkələrindən bir çox turisti cəlb edir. Lakin Azərbaycanın fəal səyləri nəticəsində Bakıda Cənubi Asiyadan gələn bir çox turisti də görmək olar.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi Şərq-Qərb və Rusiya-İran və Hindistanı birləşdirəcək Şimal-Cənub layihələrinin habına çevirməyi planlaşdırır.

Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür.

Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün “vahid pəncərə” sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük proseduralarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb.

Müəllif qeyd edir ki, bütün bunlar Amerika üçün yaxşı imkanlar yaradır. Böyük dövlətlərin əhatəsində olan Mərkəzi Asiya və Qafqazdakı nisbətən kiçik ölkələr Avrasiya geosiyasətində ABŞ-ın rolunu müsbət dəyərləndirməyə meyillidirlər.

Vaşinqton bu islahatların uğur qazanmasında və hökumətdəki islahatçılara dəyişikliklərin nəticələrini neytrallaşdırmağa can atan köhnə qüvvələrə qarşı kömək etməkdə maraqlıdır. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi