“Bəzən avtomobil yollarında, xüsusilə də təmir gedən ərazilərdə və ayırıcı zolaqlarda “New Jersey” tipli beton təhlükəsizlik baryerlərindən geniş istifadə olunur. Bu baryerlərin əsas məqsədi qəza zamanı nəqliyyat vasitəsinin qarşı yola çıxmasının qarşısını almaq, zərbə enerjisini udmaq və avtomobili təhlükəsiz şəkildə öz hərəkət zolağına qaytarmaqdır.
Lakin bir çox hallarda bu baryerlərin montajı zamanı ciddi texniki səhvlərə yol verilir”.
Bunu nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafa deyib.
O bildirib ki, ən böyük problem isə baryer blokları arasında boşluqların saxlanılması və ya onların bir-birinə xüsusi kilid mexanizmləri (polad millər və ya birləşdirici elementlər) ilə bərkidilməməsidir:
“Bu nəyə görə olduqca təhlükəlidir?
1. Zərbə enerjisi paylanmır: Baryerlər vahid zəncir kimi birləşdirildikdə, zərbə anında yük bütün bloklar arasında paylanır. Ayrı-ayrı və ya aralı qoyulmuş bloklar isə zərbə zamanı yerindən oynayır, aşır və qarşı hərəkət zolağına düşərək zəncirvari qəzalara səbəb olur.
2. “Kəskin künc” effekti: Arada boşluq qaldıqda, sürətlə gələn və idarəetməni itirən avtomobil baryerin yanına sürtünərək sürüşmək əvəzinə, birbaşa növbəti beton blokun açıq qalan kəskin küncünə çırpılır. Bu isə qəzanın ağırlıq dərəcəsini dəfələrlə artırır və ölümcül nəticələrə gətirib çıxarır.
3. Səhv keçid və manevr riski: Bəzən bu boşluqlardan piyadalar keçid kimi istifadə edir və ya sürücülər qanunsuz manevrlər etməyə çalışırlar ki, bu da qəza riskini pik həddə çatdırır”.
“Yol infrastrukturu sadəcə beton blokları yan-yana düzməkdən ibarət deyil. Təhlükəsizlik elementləri beynəlxalq standartlara uyğun, tam birləşdirilmiş və başlanğıc-son hissələri xüsusi zərbəuducu (bufer) sistemlərlə təmin edilmiş şəkildə quraşdırılmalıdır. Unutmayaq ki, düzgün quraşdırılmayan təhlükəsizlik vasitəsi özü bir təhlükə mənbəyinə çevrilir”, - deyə ekspert əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.