Fransa Prezidenti Emmanuel Makronun "France 2" kanalının “L’Evenement” proqramına verdiyi müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar dövlət səviyyəsində etirazlarla qarşılandı.
Belə ki, Azərbaycan XİN rəsmi şəkildə bu ittihamlara cavab verdi. Həmçinin Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi:
"Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik".
Qeyd edək ki, Fransanın Azərbaycana qarşı bu münasibətinin ilk dəfədir ki, şahidi olmuruq və dəfələrlə Ermənistanı dəstəklədiklərini bildiriblər. Növbəti dəfə belə bir addım atan Fransaya öz etiramızı, reallıqları çatdırmalıyıq. DİA.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, Fransanın dövlət başçısının müsahibəsində Azərbaycana qarşı yalan, heç bir hüquqa əsaslanmayan ittihamlar səsləndirməsi təəssüf doğurur:
"Açıq şəkildə bəyan edib ki, biz Ermənistanın yanındayıq, onu dəstəkləyirik. Ermənistanla yüksək münasibətlərinin olduğunu deyib. Hətta Azərbaycanın Ermənistanın ərazisini, yəni Qarabağı işğal etdiyi barədə fikir söyləyib. Makron hələ də bilmir ki, Qarabağ ərazisi Azərbaycanın əzəli torpağıdır. BMT çərçivəsində, elə Fransanın özü tərəfindən də tanınmış ərazisidir. Təəssüf ki, Fransa kimi bir dövlət başçısının apardığı siyasət, ədalətsiz ikili standartlara söykənib. Hansı bir üzlə dördtərəfli danışıqlarda iştirak etdiyini, Prezident İlham Əliyevlə danışıqlar apardığı da məlum deyil.
Əgər o açıq şəkildə Azərbaycana qarşı oluğunu bildirirsə, ölkəmizə qarşı sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlar edirsə, hansı üzlə danışıqların təşəbbüsçüsü olur. Makronun iştirakı ilə danışıqlar aparılmamalıdır. Fransaya qarşı hər hansı addım atmaq yox, siyasi müstəvidə, onların rəhbərinin bəyan etdiyi kimi biz də öz narazılığımızı, onun ifadələrinin yalan olduğunu bildirməliyik. Həm biz dövlət səviyyəsində XİN, həm Milli Məclisdə də Fransaya qarşı öz etirazımızı bildirdik. Hətta dövlət başçısı dünən öz çıxışında Fransa prezidentinin söylədiklərinə əsaslı, tutarlı şəkildə cavab verdi".
Millət vəkilinin fikrincə, bu istiqamətdə etirazlar davam etməlidir:
"Ümumiyyətlə, çalışmalıyıq Fransanı danışıqlar masasından çıxarmalıyıq. Belə bir ölkənin danışıqlarda iştirakı qəbuledilməzdir. Çünki 28 il ATƏT-in Minsk qrupunda təmsil olunan Fransanın fəaliyyəti bundan ibarət olub ki, münaqişə həll olunmasın, dondurulsun.
Ancaq Azərbaycanın güclü Ordusu var və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan dövlətinin böyük, beynəlxalq təcrübəyə malik, qətiyyətli qərarlar qəbul edən dövlət başçısı var. Bu gün bütün beynəlxalq platformalarda dövlət başçımızın rəhbərliyi ilə Fransa Prezidenti kimi dairələrə, bizə düşmən münasibət bəsləyənlərə qarşı mətin olaraq mübarizəmizi davam etdirəcəyik. Biz heç kimə imkan verməyəcəyik ki, haqqımızı kimsə tapdalasın, ərazilərimizdən bir qarış da düşmən tərəfə verilsin.
Əgər Fransanın ermənilərə canı yanırsa, ermənilərin ən çox məskunlaşdığı Marsel şəhərinə status versinlər və orada ermənilər üçün dövlət yaratsınlar. Bizim ərazilərimizlə işləri olmasın. Makron kimilərinə imkan verməyəcəyik ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüququ tapdalansın".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.