"Müvəqqəti olaraq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının gözü qarşısında mülki erməni sakinləri terrorçu V.Balasanyanın təklifi ilə atəş hazırlığı üzrə təlimlərdə iştirak edir, təmas xətti yaradaraq səngərlər qazırlar, Azərbaycanın maşın karvanını Ağdərədən geri qaytarırlar".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Qarabağdakı təxribatlara görə məsuliyyət sadəcə erməni silahlı dəstələrinin deyil, sülhməramlıların da üzərinə düşür:
"Birincisi, Şuşa, Xocavənd, Ağdərə, ümumiyyətlə o ərazilərə kimin və hansı nəqliyyat vasitəsinin girib-çıxması da daxil bütün məsələlər Azərbaycanın qanunvericiliyi ilə tənzimlənməlidir. Çünki bu ərazilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rəsmən tanınan əraziləridir. Şübhəsiz ki, bu addımlar qatı revanşist meyllərdən xəbər verir və bölgədə olan vəziyyəti şüurlu olaraq gərginləşdirməyə xidmət edir. Bir tərəfdən üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən yayınırlarsa, digər tərəfdən də sülhməramlıların fəaliyyətinə kölgə salmaq, onların öz vəzifə öhdəliklərini yerinə yetirə bilmədikləri, bölgədə gərginliyin hələ də davam etməsi mesajını verərək bəlli dairələri yenidən aktivləşdirməyə hesablanmış cəhdlərdir.
Burada isə əsaslı sual ortaya çıxır ki, sülhməramlıların özlərinin fəaliyyəti səhvsiz ya qüsursuzdurmu? Birmənalı şəkildə, xeyr. Sülhməramlılar orada müdafiə sədlərinin qurulmasının, təxribatların törədilməsinin qarşısını almalıdırlar. Bu, onların vəzifə borcu və öhdəliyidir. Bu günə qədər bu hallar olubsa, indi daha da intensivləşibsə, deməli, bundan sonra da davam etməsi heç istisna deyil. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirir ki, biz indiki Ermənistan hakimiyyətinə heç zaman inanmalı deyilik. Yəni reallıq necə və nə cürdür, aydın şəkildə bilirik. Bununla yanaşı, təmas xəttini yararaq səngərlərin qazılması və təlimlərin keçirilməsində məqsəd hərbi cəhətdən güclənməkdirsə, Azərbaycan Prezidentinin bildirdiyi bir digər məsələ də odur ki, Türkiyənin müdafiə sənayesi gündən-günə güclənir və biz baş verən bütün təxribatları, reallıqları göz önündə tutaraq bundan yararlanırıq və davam da edəcəyik.
Üçtərəfli bəyanatda müddəa var ki, sülhməramlıların yerləşdirilməsi ilə bölgədə qalan erməni silahlı dəstələrinin çıxarılması paralel şəkildə aparılmalı idi. Bunun icra olunmaması bir tərəfə, bu kimi hallara hələ də yol verilirsə, deməli, məsuliyyət sadəcə erməni silahlı dəstələrinim deyil, sülhməramlıların da üzərinə düşür. Öhdəliklər icra olunmalı, həllini tapmamış məsələlər tez bir zamanda öz həllini tapmalıdır. Bundan kənar bir reallıq mövcud deyil".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.