Stenford Universitetinin (ABŞ) tibb işçiləri gənclər arasında SARS-CoV-2 virusunun yayılmasını izləyərək bu qənaətə gəliblər ki, veyp çəkən və ya onu adi siqaretlə birləşdirən insanlar koronavirusa 5-7 dəfə çox yoluxub. Bu barədə məqalə “Journal of Adolescent Health” nəşrində yer alıb.
Stenford Universitetinin əməkdaşı Şivani Qayxa deyib: “Gənclər və yeniyetmələr düşünürlər ki, bu yaş durumu onları COVID-19 infeksiyasına yoluxmaqdan qoruyur. Lakin bizim əldə etdiyimiz məlumatlar bunun veyp çəkənlər üçün heç də belə olmadığını göstərir. Bu, həm adi siqaret, həm də elektron siqaret çəkənlərə aiddir, özü də bütün hallarda risk çox ciddi şəkildə artır”.
Son üç ildə siqaret çəkənlər arasında veyplər geniş yayıldığı üçün tibb işçiləri və bioloqlar bununla maraqlanmağa başlayaraq, elektron siqaretlərdə onun yaradıcılarının söylədikləri müsbət cəhətlərin olub-olmamasını araşdırıblar. Mütəxəssislər veyplərin mənfi cəhətlərini adi siqaretlərin xüsusiyyətləri isə müqayisə edərək klassik tütün məmulatına xas olmayan mənfi keyfiyyətləri öyrəniblər.
Tədqiqatlar göstərib ki, tütün tüstüsü ağciyərlərin sağlamlığına və bütövlükdə insan orqanizminə ziyanlıdır, lakin elektron siqaret də insan həyatını təhdid edir. Onların buxarında müxtəlif toksinlər, kanserogenlər və digər maddələr var ki, nəinki ağciyər xərçənginin yaranma ehtimalını artırır, həmçinin arteriyaların və venaların divarlarını daha kövrək edir.
Şivani Qayxa və onun həmkarları amerikalı gənclər arasında koronavirusun yaranmasına səbəb olan müxtəlif risk amillərini tədqiq edərək, veypin yaratdığı digər təhlükəni müəyyənləşdiriblər. 2020-ci ilin mayında alimlər koronavirus infeksiyası keçirmiş amerikalı qızlar, oğlanlar və onların sağlam həmyaşıdları arasında silsilə sosial sorğular aparıblar, habelə onlar üçün səciyyəvi olan zərərli vərdişləri və xroniki xəstəlikləri araşdırıblar. Tədqiqatda 13-24 yaş arasında dörd mindən çox gənc və yeniyetmə iştirak edib.
Əldə olunan məlumatları təhlil edən alimlər görüblər ki, hər gün veyp çəkən yeniyetmə və gənclər tədqiqata cəlb edilmiş digər iştirakçılardan beş dəfə çox koronavirusa yoluxub və xəstəliyin səciyyəvi simptomlarını hiss ediblər. Tütün və elektron siqaretdən paralel istifadə edənlərdə bu ehtimal yeddi dəfə olub. Beləliklə, veyplər digər risk amillərini, o cümlədən piylənmə və diabeti geridə qoyub. Odur ki, alimlər həm gənclərə, həm də yaşlılara bu cür məhsullardan uzaq durmağı tövsiyə edir.(AZƏRTAC)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.