xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..

10-07-2020, 10:27 162 dəfə baxılıb

Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..


Qəribə vəziyyətdir. Maarifləndirmə, məlumatlandırma məqsədilə mediada və sosial şəbəkələrdə yazdıqlarımızdan arzulanan reaksiyanı ala bilmirik. Bəzilərinin təbirincə, biz – bir neçə media qurumu və media mənsubu – xalqı “danlayırıq”…

Və bunu yalnız “peşəsi” iqtidarı “danlamaq”, qaralamaq olan radikal müxaliflərin sosial şəbəkədəki ştatlı işçiləri etmir. Guya hakimiyyətin siyasətini müdafiə və təqdir edən bəzi media qurumlarının rəhbərləri də bu cür mövqe sərgiləyir.

İronik vəziyyətdir. Dövlətdən maliyyə dəstəyi alan bəzi media patronları peşəkarlardan ibarət dövlət qurumunun siyasəti əleyhinə getməklə “müstəqillik” nümayiş etdirməyə çalışırlar.

Əcəb işdir, savaş qalıb bir tərəfdə, bu savaşda bəziləri bazarlıqlar yapıb, özlərinə imic formalaşdırmaq eşqinə düşüblər.

Bizim yanlış olaraq “xalqı danlamaq” kimi yozulan fəaliyyətimiz nədən ibarətdir? Yazırıq ki, maska taxın, sosial məsafəni gözləyin, gigiyenik qaydalara əməl edin, özünüzü təcrid edin, lazım olmadıqca evdən çıxmayın…

Deməməliyik?

Hər gün bütün dünya ölkələrində koronavirus pandemiyasına qarşı aparılan mübarizə formaları, dövlət rəsmilərinin, ziyalıların, həkimlərin, ÜST-ün çağırışları ilə bağlı yüzlərlə xəbər izləyirik. Bu sahənin mütəxəssislərindən tutmuş dövlət rəsmilərinə qədər, hamı insanların özlərini və ətrafdakıları qorumasına çağırış etmirmi? Bütün dünyada, ən inkişaf etmiş ölkələrdə, Qərbdə, Avropada əhalinin sağlamlığı naminə xəbərdarlıqlar, məlumatlandırmalar bu cür deyilmi?..

Təbii, əhalimiz başqa ölkələrdə olduğu kimi karantin rejiminə ciddi əməl etsəydi, hələ də sosial şəbəkələrdə “inanıram-inanmıram” dartışması davam etməsəydi, medianın bu səviyyədə maarifləndirmə missiyasına da gərək qalmayacaqdı…

Amma çox təəssüf ki, reallıq başqadır…

Təəssüf ki, hələ də bu mövzuya təkrar-təkrar qayıtmağa məcburuq. Məqsədimiz nə ola bilər? Biz də hamı kimi əziyyət çəkirik. Hamı kimi gərginik, yorğunuq, təcrid üsulları bezdirici, hətta dözülməzdir. 35-40 dərəcə istidə evdə oturmaq kimə asan gələ bilər ki?! Amma başqa yol yoxdur. Çox təəssüf ki, yoxdur. Bu müharibədir. Müharibədə komfort, qayğısızlıq, bolluq olmur.

Ya evdə oturmalı, karantin rejiminə ciddi əməl etməli, məcburən küçəyə çıxanda, işə gedəndə, ictimai nəqliyyatdan istifadə edəndə, qapalı məkanlara, marketə-aptekə girməli olanda maska taxmalı, insanlarla sosial məsafə saxlamalısan, ya da yoluxma və sonunun nə ilə bitəcəyi bilinməyən ağır müalicə prosesi…

Bu, xalqı danlamaq, ağıl vermək, insanları anlamamaq, əhalinin problemlərinə biganə qalmaq deyil.

Xalq – mücərrəd anlayışdır, kosmosdan gələnlərdir? Xalq elə biz özümüz deyilik? Ətrafımız, doğmalarımız, dostlarımız…

Koronavirus testi pozitiv çıxdığı halda maskasız küçəyə çıxan, marketə gedən, insanlarla arasında məsafə gözləməyən o iri gövdəli, boylu-buxunlu cavan da; gizlicə kafe, restoran işlədən iş adamları, oğluna-qızına nişan, ad günü, xınayaxdı, sünnət mərasimi düzənləyən valideynlər də; yas mərasimi keçirənlər də xalqın nümayəndələridir.

Və onların düşünmədən, nəticələrini hesablamadan, fəqrinə varmadan atdığı addımlar, etdiyi hərəkətlər sayəsində yoluxanların sayı artır. Artıq elə bir adam yoxdur ki, yaxını, qohum-əqrəbası, ən azı tanıdığı adam xəstələnməsin. Biz nə qədər tanınmış simanın – həkimin, hakimin, jurnalistin, alimin… – yoluxduğunu görürük. Hər gün yoluxanlar arasında onlarla tanınan sima olur.

Bütün bunlar niyə baş verir? Bir çox hallarda o inamsızların, məlumatsızların laqeydliyindən. Onların heç biri bilərəkdən, qəsdən yaymır koronavirusu, heç biri istəməz ki, kimsə ölsün, kimsə xəstələnsin, nəfəs aparatına qoşulsun. Amma eyni məsuliyyətsizliklə ad günü də keçirirlər, elçiliyə də gedirlər, nişan xonçaları da aparırlar, yas mərasimləri düzənləyib ehsan da verirlər…

Aylar öncə İtaliyada da heç kəs inanmırdı koronavirusun mövcudluğuna. Karantin rejimi elan ediləndə bunu göydəndüşmə fürsət, məzuniyyət kimi dəyərləndirib ailəlikcə restoranlara, kütləvi istirahət yerlərinə axışır, hətta koronavirusun ilk yayıldığı ölkə kimi qeydə alınan Çin vətəndaşları ilə həmrəylik nümayiş etdirmək üçün aksiyalar keçirir, çinlilərlə qucaqlaşıb-öpüşürdülər. Sonrası necə oldu? Xəstəxanalar koronaviruslu xəstələrlə dolub daşdı, palatalar, çarpayılar, nəfəs aparatları çatışmadı; xəstələr xəstəxana koridorlarında, hətta küçədəki skamyalarda gözlərini bu dünyaya əbədi yummalı oldular…

Koronavirus Avropada yeni yayılmağa başlayanda “mən öz səhiyyəmin gücünə arxayınam” bəyanatını verən ən nəhəng ölkələrin rəhbərləri tezliklə pandemik virus qarşısında gücsüz və məğlub olduqlarını etiraf etdilər.

Kütləvi yoluxmaları heç bir ölkənin səhiyyəsi qaldıra, daşıya bilmədi. Mümkün də deyildi. Hər gün ədədi silsilə ilə artan xəstələri xəstəxanaya yerləşdirmək və müalicəsini təmin etmək imkan xaricindədir.

Bütün dünyada virusla mübarizə edə-edə müalicə üsulları, dərmanlar sınaqdan keçirilir, peyvənd axtarışı gedir. Hələlik son olaraq gəlinən nəticə budur ki, bu yoluxmanı səhiyyənin gücü çatdığı həddə saxlamaq, artımına imkan verməmək lazımdır.

Hansı ölkədə koronavirusla bağlı vəziyyət yaxşıdırsa, bu, sırf sərt karantin qaydaları, əhalinin bu qaydalara ciddi əməl etməsinin nəticəsidir. Başqa cür mümkün deyil.

Baxın, son vaxtlar Gürcüstanın adı nümunə olaraq sosial şəbəkələrdə tez-tez çəkilir. Bəli, artıq Gürcüstanda vəziyyət qənaətbəxşdir. 3,7 milyon əhalisi olan Gürcüstanda virusa yoluxma sayı min nəfərə, ölənlərin sayı 20 nəfərə çatmadı. Hətta Gürcüstan Avropa Birliyinə daxil olmayan, lakin AB-nin təhükəsiz hesab etdiyi üçün sərhədlərini açmaq qərarına gəldiyi yeganə Cənubi Qafqaz ölkəsidir.

Sizcə, niyə? Nəyin sayəsində?

Gürcüstan hökuməti buna necə nail oldu?

Gürcüstanda ilk COVİD-19 xəstəsi bu ilin fevral ayının sonunda qeydə alınıb. Hökumətin reaksiyası operativ oldu. Gürcüstan Operativ Qərargahının rəhbərliyi və nümayəndələri yüksək ixtisaslı mütəxəssislər, elm adamları arasından seçildi. Xəstəliklərin idarə edilməsi ilə bağlı Milli Mərkəzin bu işdə rolu böyük oldu. Mütəxəssislər ölkədə hələ ilk yoluxma faktı qeydə alınmadan öncə virus haqda məlumatlar toplamağa, hökumətin əlindəki resurslarla pandemiyaya qarşı hansı formada mübarizə aparılacağı taktikasını müəyyənləşdirməyə başlamışdılar.

Martın ortasında məktəblər, təhsil ocaqları bağlandı, vacib olmayan biznes müəssisələri, iş yerləri qapadıldı. Martın 21-də fövqəladə vəziyyət elan olundu. Gecələr komendant saatları tətbiq olundu. Həmçinin, ölkə ərazisində ictimai tədbirlərin keçirilməsi qadağan olundu, ictimai nəqliyyatın fəaliyyəti tam məhdudlaşdırıldı. Hətta şəxsi avtomobillərdən istifadə də yasaqlandı.

Hökumət ilk gündən başqa ölkələrin praktikasından istifadə etməyəcəyini, ölkə və əhali balansını nəzərə alaraq özünəməxsus spesifik mübarizə üsulları hazırlayacağını elan etdi. Gürcüstanın ən böyük dini bayramı olan pravoslav bayramı zamanı vətəndaşların məzarlıqları ziyarət etməsi qəti qadağan edildi. Karantin qaydalarına riayət etməyən fiziki şəxslər üçün 1000 dollar, hüquqi şəxslər üçünsə 3 min dollar həcmində cərimə müəyyən edildi.

Amma bütün bu tədbirlərə, dövlət səviyyəsində görülən işlərə rəğmən, Gürcüstan hökuməti koronavirus üzərindəki qələbəni vətəndaşların intizamına borclu olduqlarını deyir. Təkrar edirəm: vətəndaşların intizamına!

Bizdə nə baş verir?

Azərbaycan bütün qabaqlayıcı tədbirləri həyata keçirdi, bütün imkanlarını, resurslarını səfərbər etdi – Gürcüstanın etdiklərindən qat-qat artıq…

Azərbaycan hakimiyyəti Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və göstərişi ilə infeksiyanın yayılmasının təhlükəliliyi elan edilən ilk andan prosesi nəzarətə götürdü. Baş nazirin rəhbərliyi ilə Operativ Qərargah yaradıldı, TƏBİB infeksiyaya yoluxmuş insanların müalicəsini üzərinə götürdü, ölkədə karantin rejimi elan olundu, dövlət qulluqçuları maaşları saxlanılmaqla məzuniyyətə göndərildi, əhalinin aztəminatlı təbəqəsinə və biznes sektoruna maliyyə yardımı edildi. Eyni zamanda, az müddət ərzində modul tipli xəstəxanalar yaradıldı və s. Yəni dövlət öz üzərinə düşəni artıqlaması ilə həyata keçirdi. Bütün yükü, iqtisadi çətinlikləri, riskləri öz üzərinə çəkdi ki, insanlar xəstələnməsin.

Proses eyni fədakarlıqla davam edir. Amma vəziyyət yaxşılaşmaq əvəzinə çətinləşir. Yoluxmalar arzulanan həddə düşmür.

Çünki… Çünki biz hər şeyi dövlətdən gözləyir, hökumətdən tələb edirik. Bəs özümüzün etməli olduqlarımız? Yoluxmamaq, ətrafımızı yoluxdurmamaq üçün gigiyenik, qoruyucu qaydalara əməl etmək birbaşa bizim məsuliyyətimizdir.

Operativ Qərargahın fəaliyyətinə dodaq büzürük, TƏBİB-in işini bəyənmirik, başqa ölkələrlə paralel tətbiq edilmiş izolyasiya tədbirlərinə, onlarla müqayisə edilməyəcək qədər az cərimə məbləğlərinə, hüquq-mühafizə orqanlarının karantin rejimi ilə bağlı tələblərinə etiraz edirik. Bütün qabaqlayıcı tədbirləri süngü ilə qarşılayırıq. Sosial şəbəkələrdəki aqressiya, neqativ toplumun hansı ovqatda, əhval-ruhiyyədə olduğunu göstərir. Amma bu çıxış yoludurmu? Çənəmizə bağladığımız maska ilə kimi aldadırıq? Marketdə sosial məsafə gözləməyəndə pisliyi kimə edirik? Təmtəraqlı yas mərasimləri keçirməklə kimə nəyi sübut etmək istəyirik? Ölümüzə ehsan vermək üçün mütləq çadır qurub bozbaş qaynatmaq fərzdirmi? Ehsan üçün nəzərdə tutulan pulu ehtiyacı olanlara yardım etmək olmazmı?..

Xəstəxanalarımız dolur, artıq həkimlər də yoluxur. Bu templə bir azdan müalicə edən həkim də qalmayacaq. Belə davam edərsə, payız, qış aylarında vəziyyət daha da ağırlaşa bilər…

Bütün bunlar olmasın, doğmalarımız, ətrafımız yoluxmasın deyə, daha çox bu barədə danışmağa, yazmağa, insanlarımızı məlumatlandırmağa çalışırıq. Yoxsa hansı “danlama”dan, “aşağılama”dan, hansı aqressiyadan söhbət gedə bilər? Hansı siyasi təşkilatı, hansı düşərgəni təmsil etməyimizdən asılı olmayaraq, eyni havanı udan, eyni Vətəni paylaşan insanlarıq, soydaşlarıq.

Biz bir dəfə savaşda nümunə göstərdik: cəmi 4 il əvvəl – Aprel savaşında düşmən mediasını izləyənlər bilir ki, yalnız Lələtəpəni almağımız deyildi böyük qələbə; Bu savaşda birliyimiz, həmrəyliyimiz, bütün sosial şəbəkədə yumruq kimi birləşməyimiz, əsgərlərimiz üçün gecə-gündüz aşıb-daşan dualarımızla ermənilərə ən ağır zərbəni endirdik. Düşmən təkcə cəbhədə məğlub olmadı o günlərdə, həm də bizim bir-birimizə olan sevgimizin qarşısında məhv oldu.

İndi də savaşdır, müharibədir. Bəs, niyə bir-birimizə qənim kəsilək, bir-birimizi niyə acılayaq, niyə sosial şəbəkədə aqressiya yaymaqla, nifrət aşılamaqla, hər təşəbbüsə qarşı çıxmaqla məşğul olaq?

Bizim bir-birimizdən başqa kimimiz var?!

Bu ağır, bu çətin günlərdə pozitivə, xoş əhval-ruhiyyəyə o qədər ehtiyacımız var ki!

Gəlin, ittiham etmək yerinə, söymək, aşağılamaq, təhqir etmək əvəzinə bir-birimizə dəstək olaq!

Bizə bizdən başqa heç kəs kömək etməyəcək!

Əhvalımız POZİTİV olsun, testimiz yox! /axar.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi