Nuru Nuruyev: Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır
11-09-2023, 12:14
46 dəfə baxılıb
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nuru Nuruyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nuru Nuruyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağdaş Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev - Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır.
Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı tarixə əbədi olaraq həkk olunur, nəsildən-nəsilə insanların qəlbində öz əməlləri ilə yaşayacaq. Belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir.
Qeyri-adi zəka və fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyev xalqımızın tarixinə parlaq və silinməz iz qoyub. Çoxəsrlik dövlətçilik tariximizdə Ulu Öndərin öz yeri, öz dəst-xəti var. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb. Dövlətçilik maraqlarına hər zaman xüsusi həssaslıqla yanaşan dahi şəxsiyyət Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb.
Ümummilli Lider 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikamızda acınacaqlı sosial-iqtisadi şərait hökm sürüb. O zaman Azərbaycan keçmiş sovet respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Məhz onun titanik zəhməti, yüksək təşkilatçılığı sayəsində tez bir zamanda ölkə iqtisadiyyatında yaranan dirçəliş həyatın ayrı–ayrı sahələrinin inkişafını təmin etdi, o cümlədən milli səhiyyəmiz də özünün inkişaf mərhələsinə qədəm qoydu.
1970–1980–ci illərdə Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi, Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı sonsuz, bu sahədə fəaliyyəti çoxşahəli olub. Məhz onun təşəbbüsü ilə 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.
Bundan əlavə, o dövrdə Azərbaycanın bir sıra bölgələrində tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970–1980–ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970–1975–ci illərdə 150–dən 185–ə çatdı. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi.
O illərdə səhiyyəyə bir vacib sosial sahə kimi diqqət yetirən Ulu Öndərin gördüyü işlərin nəticəsində ölkə səhiyyəsinin maddi–texniki imkanları möhkəmləndi, bu sahədə güclü kadrlar yetişdi, elmi potensial yarandı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edənlər sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər. Bundan əlavə, Ulu Öndər əhalinin sağlamlıq durumu üçün çox böyük əhəmiyyət daşıyan peşə patologiyaları və sənaye toksikologiyası məsələlərinə, eyni zamanda, yoluxucu xəstəliklərlə, alkoqolizm və narkomaniya ilə mübarizə, onların profilaktikası, dərman çatışmazlığı probleminin həlli kimi sahələrə böyük diqqət ayırırdı.
Heydər Əliyev əhalinin sağlamlığı ilə bağlı daha bir məsələyə - profilaktika və sağlamlaşdırıcı tədbirlərə böyük əhəmiyyət verirdi. Həmin illərdə əhalinin kütləvi surətdə dispanser qeydiyyatına alınmasına, sahə həkimlərinin işinin fəallaşdırılmasına, ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasına ayrılan diqqət də xəstəliklərin qarşısının alınmasına, vaxtında aşkarlanaraq müalicə edilməsinə yönəldi.
Ulu Öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, iki il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi.
Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva kimi vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və çətin anlarında yenə də ən böyük dəstəkçisi var idi. Dünyamiqyaslı siyasətçi, Azərbaycanın lideri olan Prezident İlham Əliyevi dünyaya gətirən və görkəmli ictimai və dövlət xadimi, müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ailəsində dünyaya göz açan akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabətin qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı.
Heydər Əliyev SSRİ miqyasında səhiyyə sahəsinə rəhbərlik etdiyi müddətdə də Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün çox işlər gördü. Respublikamızın Xəzər dənizi sahillərində ittifaq əhəmiyyətli kurort zonasının yaradılması, sənaye müəssisələrində peşə xəstəliklərinin profilaktikası ilə bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi toplantıların Bakıda keçirilməsi bu qəbildən idi.
Azərbaycan xalqının ötən əsrin 80–ci illərin sonundan başlayan müstəqillik uğrunda mübarizəsi, SSRİ–nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşmədi. Təəssüf ki, o dövrdə respublikada baş vermiş dəyişikliklər, mövcud sosial–iqtisadi böhran nəticəsində səhiyyə diqqətdən kənarda qaldı, bu sahədə böhran kəskinləşdi. Üstəlik, Ermənistan tərəfindən etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.
Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın xahişi ilə respublikaya hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, bu sahədə də anarxiyaya, tənəzzülə son qoydu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR