Xəbər verdiyimiz kimi bu gündən etibarən 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına, kafe və restoranların fəaliyyətinə icazə verilib. Gələn həftə növbəti yumşalma olsa, iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilərmi?
Bununla bağlı sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar Operativ Qərargahda pandemiyanın gündəlik dinamikası təhlil olunaraq qərarlar qəbul edilir: "Bu gündən yeni yumşalmaların icrasına başlanıb. Hər bir yumşalma insanların gündəlik həyatına bir daha sərbəstlik gətirir. Amma bu yumşalmalar o demək deyil ki, pandemiya bitib, karantin rejimi qurtarıb. Bu heç də elə deyil. Dünənin statistikası da heç də ürək açan olmayıb. Hər gün yoluxmalarda artımların olduğunu müşahidə edirik. Ona görə də hələlik insanların daha çox bir yerdə cəmləşdiyi ictimai yerlərin fəalaiyyətlərində məhdudiyyətlər davam etdirilir. Ancaq iri ticarət mərkəzlərin fəaliyyətlərinin bərpasına gəldikdə isə növbəti yumşalma tədbirlərində bu öz əksini tapa bilər. Ancaq bir şeyi yaddan çıxartmalı deyilik ki, tibbi maskanın taxılması, şəxsi qigiyena qaydalarına riayət edilməsi və sosial məsafənin gözlənilməsi karantinin sonuna qədər hamı tərəfindən icra olunmalıdır. Hətta iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunsa da, belə yerlərə tibbi maskasız giriş ümumiyyətlə qadağan olunmalıdır, kimlər riayət etməsə, onlara qarşı ciddi inzibati tədbirlər görülməlidir. Hər birimiz üçün insanların sağlamlığı birinci yerdə dayanmalıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.