Dünən Bakıda parkda keçmiş arvadına 16 bıçaq zərbəsi vuran, Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov bundan öncə də oxşar cinayəti törədibmiş. O, bir neçə il əvvəl də arvadı Dilarə Bəhmənovaya 11 bıçaq zərbəsi ilə xəsarət yetirib.
"Ölkə.Az" xəbər verir ki, D.Bəhmənovanın anası Elmira Zeynalova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızı ilə keçmiş kürəkəni 17 il evli olub:
“Onların 15 yaşlı qızı, 20 və 6 yaşlı iki oğlu var. Ceyhun dindar idi, evlənən kimi qızımı hicab bağlamağa məcbur etdi. Qızı olanda ona da zorla hicab bağlatdırmışdı, onu məktəbə getməyə qoymurdu.
Bu illər ərzində daim ailəsinə zülm verib, onları evdən çölə buraxmırdı. Oğlunun 16 yaşı olanda namaz qılmaqdan imtina etdiyi üçün evdən qovmuşdu. Mən və xalaları onu götürüb saxladıq, indi Avropada təhsil alır.
Ceyhun bir dəfə qızıma 11 bıçaq zərbəsi vurmuşdu, atası Nizami sağ olduğu üçün onun köməkliyi ilə azadlığa buraxılmışdı. Ceyhun daim qızımı təhdid edirdi, onu bizi öldürəcəyi ilə hədələyirdi. Biz də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Amma bizə deyirdilər ki, təhdidə görə heç kimi həbs edə bilmərik, hələ ki, sizə heç nə etməyib.
Ceyhun qızına və azyaşlı oğluna zülm edirdi, onları təhqir edirdi. Bunlar başlayanda artıq qızım dözmədi, boşanmaq istədiyini bildirdi. Özünə edilənlərə isə illərlə dözmüşdü. Qızım boşanmaq istəyəndə Ceyhun buna qarşı çıxdı, boşanacağı təqdirdə hamımızı öldürəcəyini demişdi.
Qızım Dilarə ondan boşandı və imtahan verərək Naxçıvanda ibtidai sinif müəllimliyinə qəbul oldu. Uşaqlarını götürüb ora getmişdi, özünün də, qızının da hicabını açmışdı. Uşaqlarını məktəbə qoymuşdu, normal həyatına davam edirdi, özü də müəllim işləyirdi. Üç gün əvvəl qızını həkimə göstərmək üçün Bakıya gəlib.
Onların yerini Ceyhuna kimin dediyini bilmirik. Amma Dilarə qızı ilə poliklinikadan çıxanda Ceyhun arxadan ona hücum edib və 16 bıçaq zərbəsi vurub. Zərbələr Dilarənin əllərini, ağciyərini parçalayıb, qabırğalarını sındırıb, böyrəyini, beynini zədələyib. Üç bıçaq zərbəsi qızımın ürəyinin altından dəyib.
Ceyhunun əlində iki bıçaq olub və eyni vaxtda hər ikisi ilə zərbələr vurub. Daha sonra qızını tutaraq zorla özü ilə aparmaq istəyib, amma qızı çıxaraq Dilarənin yanına gəlib. Təcili tibbi yardım gələnə kimi qızı Dilarənin boğazındakı yaraları əlləri ilə tutaraq qanın axmasının qarşısını almağa çalışıb.
İndi qızımı “Semaşko”dan çıxarıb özəl xəstəxanaya yerləşdirmişik, lakin həkimlər yaşayacağına ümid olmadığını deyirlər. Biz istəyirik ki, qızımı bu hala salan insana layiqli cəza verilsin”.
Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, C.Bəhmənov barəsində artıq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi, CM-nin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilib.
Qeyd edək ki, Ceyhun Bəhmənov Şuşa şəhər icra hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.