Separatçı-terrorçuların başçısı Arayik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Deyib ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı Azərbaycan ərazisini nəzərdə tutur), həm də ondan kənarda daha sərt tədbirlərə əl atacağıq.
Çıxılmaz vəziyyətdə olan separatçılar bununla şantaj kartını işə salmağa çalışırlar, çünki məsələ erməni əhalisinin bölgədə olub-olmaması yox, onların mövcudluğudur. Ya Ağdamdan daşımaları qəbul edib, Bakıya təslim olmalıdırlar, ya da erməni əhalisi tədricən onların nəzarətindən çıxmağa məcbur olacaq. Arayikin çıxışı da erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və dəstəyini saxlamaq məqsədi daşıyır.
Lakin onun “həm Qarabağda (hazırda qaldıqları ərazilər), həm də ondan kənarda sərt tədbirlərə əl atacağıq” sözləri separatçıların təslim olmamaq üçün nələr edə biləcəyini də ön plana çıxarır. Bu kontekstdə Arayikin şantajını iki hissəyə ayırmaq olar:
Birincisi, Qarabağda atacaqları addımdır: artıq “oturaq aksiyaya” başlamaqla öz aləmində birinci addımı atıb, lakin başının dəstəsi ilə Laçın postuna “yürüş” edəcəyi də gözləniləndir;
İkincisi, “kənarda” nələr edəcəyidir: Arayik “Qarabağdan kənarda” dedikdə 44 günlük müharibədə azad edilən, keçmiş “dqmv”yə daxil olmayan, hazırda ordumuzun dayandığı əraziləri nəzərdə tutur; bu ərazilərdə atacağı addım da yalnız təxribatlar ola bilər.
Separatçılar Azərbaycan ordusu ilə döyüşə bilməycəklərini özləri də anlayır, lakin belə bir döyüş onlara lazımdır:
- Təslim olmayacaqlarını əyani şəkildə nümayiş etdirirlər;
- Erməni əhalisinin reinteqrasiya perspektivini baltalamaq üçün yeni döyüşlə düşmənçiliyi daha da artırırlar.
Arayikin sözlərindən təxribat törədəcəkləri, eskalasiyaya gedəcəkləri aydın görünür. Təkcə bu açıqlaması Azərbaycana mümkün təxribatların qarşısını almaq məqsədilə separatçıların mövqelərini sıradan çıxarmaq hüququ verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.