Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.
***
Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli bu Mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Dövlətimizin başçısına dezinfeksiya tuneli barədə məlumat verildi.
Qeyd olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanılması xüsusiyyəti daşıyan tunelin içərisində dezinfeksiyaedici zona yerləşdirilib.
Prezident İlham Əliyev Balakən “ASAN xidmət” mərkəzini işə saldı.
Qeyd edək ki, hazırda ölkədə 19 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan “ASAN xidmət” mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğusuna əsasən vətəndaşların “ASAN xidmət”lərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edir.
Prezident İlham Əliyevə digər innovativ yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, ultrabənövşəyi hava təmizləyiciləri qapalı yerlərdə havanı ultrabənövşəyi şüalar vasitəsilə virus və bakteriyalardan təmizləmək üçün istifadə olunur. Qurğunun aşağı hissəsindən daxil olan hava mexaniki süzgəclərdən keçərək ultrabənövşəyi şüalar kamerasına daxil olur. Bu kamerada havada olan virus və bakteriyaların 99 faizi məhv edilir.
Dövlətimizin başçısına ozon generatorları barədə də məlumat verildi. Qeyd edildi ki, bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv etmək, havanı və suyu dezinfeksiya etmək üçün geniş istifadə olunur. Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən təmiz alternativdir. Dezinfeksiya qapıları ultrabənövşəyi şüalar sayəsində içərisindən keçən hər kəsin üzərindəki virus və bakteriyaları məhv edir. Dezinfeksiya robotu isə qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək müxtəlif növ virus və infeksiyaların yayılmasının qarşısını alan xüsusi təchizatdır. Ultrabənövşəyi hava və səth təmizləyiciləri, həmçinin ozon generatorları ictimai binalarda, əhalinin sıx toplaşdığı məkanlarda koronovirusla mübarizə məqsədilə havanın təmizlənməsi üçün səmərəli vasitələrdir.
Diqqətə çatdırıldı ki, elektron Hökumətin İnkişafı İndeksi Birləşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilən sorğu üzrə formalaşan və ölkələrinin e-hökumət hazırlığı ilə bağlı hesabatdır. Azərbaycan reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 71 bala yüksəldərək dünya üzrə orta göstəricini 11 bal üstələyib.
Elektron hərrac sisteminin məqsədi isə hərraclarda iştirakın əlçatanlığının artırılması, hərracda iştirak prosesinin rahatlaşdırılması və vahid hesabatlılıq üçün şərait yaratmaqdır. Sistemdən istifadə proseslərin elektronlaşdırılması və resurslara qənaət imkanı, şəffaflığın təmin edilməsi, elektron ödəniş və SMS məlumatlandırma kimi üstünlükləri əlçatan edir.
Bildirildi ki, daha bir yeni layihə “Elektron Su Təsərrüfatı” informasiya sistemidir. Bu sistem ölkə ərazisində su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması, bu sahədə uçotun və idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlanan DATA əsaslı informasiya sistemidir. Sistem su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və su obyektləri ilə bağlı aktual məlumatların toplanması, həmçinin həmin məlumatların “Elektron hökumət” informasiya sistemi üzərindən aidiyyəti digər sistemlərlə inteqrasiyası məqsədilə hazırlanır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Balakən rayonunun həyatında çox əlamətdar bir gündür. Balakəndə “ASAN xidmət” mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir, həm xarici görünüşü gözəldir, təbii ki, daxili tərtibatı göz oxşayır. Üç il bundan əvvəl mən Balakəndə olanda “ABAD mərkəz”in açılışında iştirak etmişəm. İndi isə mənim göstərişimlə Balakəndə tikilən “ASAN xidmət” mərkəzinin açılışını qeyd edirik. Bu, Balakənə göstərilən diqqətin növbəti əlamətidir.
Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm. Mərkəzi rayon xəstəxanası, Olimpiya mərkəzi, Gənclər mərkəzi, Mədəniyyət mərkəzi, bir çox məktəblər tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün Uşaq İncəsənət Mərkəzinin açılışını qeyd etdik. Yəni, bütün bu obyektlərin tikintisi, əlbəttə ki, böyük vəsait tələb edir və biz bunu edirik.
Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı xətti ilə icra olunur və hər il bu proqrama əlavələr edilir. Balakən “ASAN xidmət” mərkəzi də məhz proqrama əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir.
Mən bu mərkəzlə tanış olarkən əlavə tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə, təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımi sahələr burada öz həllini tapsın. O ki qaldı, burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında təkliflər irəli sürülüb və gələcəkdə bu da həll olunacaqdır.
Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırma demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat infrastrukturu yenilənir, həm kənd yolları, eyni zamanda, Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobillə gəlmişəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalıb ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazisində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalıb. Düzdür, yol var, amma lazımi səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yolun yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək. Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yolun tikintisi təmin edilibdir.
Balakəndə mövcud problemlər arasında içməli su məsələsi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra ediləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su elektrik stansiyaları tikilmişdir və elektriklə təchizat böyük dərəcədə yaxşılaşmışdır.
Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr var. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümlə konkret addımlar atılır. Mən fındıqçılıq üzrə xüsusi müşavirə keçirmişdim. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5 min hektarda fındıq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsiniz ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir. Bu, çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq fındıqçılıq, tütünçülük inkişaf edib. Bu gün də bu sahələrə böyük diqqət göstərilir. Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.
Məhz bu kompleks yanaşma imkan verir ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünki biz öz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem suvarma ilə bağlıdır. İki ildir ki, quraqlıq bizə çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaşdırılması ilə məşğuldur və bu vacib sahəni “ASAN xidmət”ə həvalə ediblər. Bu gün təqdimat zamanı mənə məlumat verildi ki, artıq qısa müddət ərzində, - komissiya aprelin 15-də yaradılmışdır, - elektron su təsərrüfatı sistemi hazırdır. Biz buna nəyin hesabına nail olmuşuq? Məhz intellektual potensialın hesabına. “ASAN xidmət” mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir.
Təbii ki, biz “ASAN xidmət” konsepsiyasını işləyəndə, ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu, bürokratiyanı aradan qaldıraq. Yəni, elə bir institusional intellektual məhsul yaradaq ki, xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün “ASAN xidmət” sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir. Təsadüfi deyil ki, bu gün bizim üçün ən vacib məsələlərdən biri olan içməli su və suvarma ilə bağlı problemlərin vacib hissəsi artıq “ASAN xidmət” tərəfindən tənzimlənir.
O ki qaldı, “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişlənməsinə, bu da planlı şəkildə həyata keçirilir. Bu mərkəz sayca 20-cidir. Hazırda yeddi mərkəzin tikintisi davam edir. Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 “ASAN xidmət” mərkəzi olacaqdır. Sirr deyil ki, bu, ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik idi. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə çox problemli sahə olubdur. Həm pozuntular olub, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürülürdü. Ona görə ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi.
Burada mən “ASAN xidmət” mərkəzlərinin işçilərini xüsusilə qeyd etmək istəyirəm. Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin simasıdır. Azərbaycan gəncləri məhz belə olmalıdır - bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan insanlar olmalıdır. “ASAN xidmət”in ordusu artıq kifayət qədər böyükdür. Minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar, o cümlədən könüllülər. Bizdə, əslində, könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır. O vaxta qədər könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda artıq minlərlə könüllü fəaliyyət göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə onlar mühüm rol oynayırlar. Böyük, mötəbər idman yarışlarında könüllülər fəal iştirak ediblər. Misal üçün, Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər. Bir neçə il bundan əvvəl bu zonada - Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ baş vermişdir. Onu da bildirməliyəm ki, dövlət xətti ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə könüllülər yox idi ki, vətəndaşlara xidmət göstərsinlər. Şamaxıda zəlzələ baş verən kimi, ilk növbədə, könüllülər oraya gəldilər, vətəndaşlara əl tutdular, əlbəttə ki, dövlət dəstəyi də göstərildi. Ona görə “ASAN xidmət”in bir çox müsbət əlamətləri var. Ölkəmizin imici üçün bu mərkəzlərin fəaliyyəti çox önəmlidir. “ASAN xidmət” beynəlxalq müstəviyə çıxıb, BMT tərəfindən mükafatla təltif edilib. Bir neçə ölkə bu təcrübəni bizdən öyrənib və artıq bəzi ölkələrdə “ASAN xidmət” adı altında oxşar xidmətlər göstərilir. Bu, bizim intellektual məhsulumuzdur, milli brendimizdir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir. Əgər avtobusları əlavə etsək, onda artıq hər bir yerdə “ASAN xidmət” var. Amma əlbəttə ki, növbəti illərdə yeni mərkəzlərin yaradılması da nəzərdə tutulur.
“ASAN xidmət” artıq bir neçə ildir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünki bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılanda əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keçdikcə və əgər müştərilərin sayı kifayətdirsə, onda bəzi hallarda xidmətin keyfiyyəti aşağı düşür. “ASAN xidmət” isə yüksək səviyyəni saxlayır. Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Mən bilmirəm 0,6 faiz kimlərdir? Kim “ASAN xidmət”i bəyənməyə bilər? Yəqin ki, elələri də var. Ancaq mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiyalar, eyni zamanda, insan kapitalına qoyulan investisiyalar özünü büruzə verir. Çünki bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir.
Əlbəttə, bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşmən öz mövqelərini yaxşılaşdırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.
Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan.
Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır.
Bilirsiniz, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünki birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Namərdlərin bu atəşi nəticəsində 76 yaşlı ağsaqqal həlak olmuşdur. Bu, vəhşilikdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmişdir, günahsız işanları - uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür. Bu insanların “günahı” o idi ki, onlar azərbaycanlı idi. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmişlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamağın, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir? Yenə də deyirəm, onlar döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacağıq! Biz düşmənə növbəti dəfə sarsıdıcı zərbə vurandan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər. Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünki Ermənistan təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi - dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər bilirlər ki, bu münaqişəni törədən Ermənistandır. Bir daha demək istəyirəm ki, bizim Ermənistan ərazisində hər hansı bir marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə bizi dəstəklədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası beş ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. Qoşulmama Hərəkatı 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bu, bir daha göstərir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi, bir yerdədir, yaxşı günlərdə də, çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik və bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar və bir neçə ölkə, onların rəsmi şəxsləri bəyanatlar verərək Azərbaycana dəstək göstərdilər.
O ki qaldı, KTMT-yə onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxıstan və Qırğızıstan, eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni, dörd ölkə artıq Azərbaycanın yanındadır və Ermənistanı kim dəstəklədi? Mən görmədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistanın indiki rəhbərliyini necə dəstəkləyə bilər?
Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub.
Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.
Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!
Əlbəttə, indi müxtəlif riyakar addımlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu, yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistan bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekommunikasiya xəritəsinə baxın, orada Ermənistan yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistandan yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik. Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacağıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur.
Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Biz Qurban bayramı ərəfəsindəyik. Mən Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdim, bir daha təbrik etmək istəyirəm. Sizi, Balakən rayonunun bütün sakinlərini, bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.
X X X
Balakən “ASAN xidmət” mərkəzinin əməkdaşı Aytac Balagözova dedi:
-Möhtərəm cənab Prezident, mən də Sizi salamlayıram. Sizi doğma Balakənimizdə görməyimizə çox şad olduq. Təhsil aldığım dövrdə ASAN könüllüsü olmuşam və hazırda Sizin Sərəncamınızla açılmış Balakən “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi qarşınızda çıxış etmək mənim üçün qürurverici bir hissdir.
Möhtərəm Prezident, çox təəssüf ki, bir müddətdir dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də insanlar koronavirusla mübarizə şəraitindədirlər. Hətta ən inkişaf etmiş ölkələrdə belə kütləvi insan ölümləri və yoluxmalar baş verdi. Təəssüflər olsun ki, hazırda da bu virus dünyada davam edir. Sizin rəhbərliyinizlə dövlətimiz qlobal səviyyədə çox fəal və təşəbbüskar rol oynayır. Dəfələrlə Sizin təşəbbüsünüzlə həm xarici dövlət və hökumət başçılarının, həm də transmilli şirkətlərin rəhbərlərinin iştirakı ilə pandemiya ilə mübarizəyə həsr olunan onlayn Zirvə görüşləri və konfranslar təşkil edilmiş, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün müəyyən maddi yardımlar göstərilmişdir.
Cənab Prezident, Sizin Qoşulmama Hərəkatının sədri statusu ilə BMT-nin Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünüzü xüsusilə vurğulamaq istəyirəm. Sizin bu təşəbbüsünüzü BMT-yə üzv olan 130-dək ölkə təsdiqlədi, yalnız mənfur qonşumuz Ermənistan belə bir humanist addımın əleyhinə çıxdı. Bu, bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimadın növbəti göstəricisidir və bizi çox qürurlandırır.
Onu da qeyd etmək istərdim ki, bir müddət əvvəl çoxsaylı digər vətəndaşlarımız kimi, mən də Sizə bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirusla mübarizədə böyük əzmlə çalışmağınızla bağlı təşəkkür məktubu ünvanlamışdım. Düzünü desəm, Sizə minnətdarlığımı ünvanlayarkən bunları nə vaxtsa, canlı şəkildə deyəcəyimi heç düşünməmişdim. Bu gün mənim Prezidentim heç bir təhlükəyə baxmayaraq bizimlədir və yenə də bizi düşünür.
Cənab Prezident, biz dövlətimizin və xalqımızın güc birliyi sayəsində bu bəlanı da minimum itki ilə dəf edəcəyimizə inanırıq. Bu gün Balakən “ASAN xidmət” mərkəzinin açılmasına sakinlərimiz çox sevinirlər. Artıq onlar yeni mərkəzimizdə şəffaf və operativ şəkildə xidmət ala biləcəklər.
Cənab Prezident, biz növbəti “ASAN xidmət” mərkəzinin Qarabağımızda, düşmən tapdağı altında olan rayonlarımızda açılmasını böyük səbirsizliklə gözləyirik. Bu gün həm ASAN könüllüsü, həm də “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi Sizə söz verirəm ki, dövlətimizin inkişafı naminə qazandığımız təcrübədən yararlanaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik. Bir daha bizə yaratdığınız bütün şərait üçün Sizə dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ ol. Təşəkkür edirəm.
ASAN könüllüsü Şölə Tanrıverdiyeva dedi:
-Möhtərəm cənab Prezident, Sizi region gəncləri adından salamlayıram. Çox sevincliyəm ki, bu gün Balakən “ASAN xidmət” mərkəzinin ilk könüllülərindənəm.
Cənab Prezident, ilk könüllülük fəaliyyətimi “ASAN xidmət”dən başlamaq istəyim heç də təsadüfi deyil. Çünki bilirəm ki, həm vətənpərvər bir gənc, həm də məsuliyyətini dərk edən vətəndaş olaraq ölkəmə öz dəstəyimi verə bilərəm. Çünki burada vahid bir ideologiya var. Yaşından və vəzifəsindən asılı olmayaraq hər kəs dövlət üçün, ümumi rifah üçün çalışır.
Cənab Prezident, yaşım az olsa da, dərk edirəm ki, bu Vətənin övladlarıyıqsa, son nəfəsimizədək dövlətimizin və xalqımızın mənafeyi üçün çalışmalıyıq. Elə bu günlərdə cəbhə xəttində ermənilərin növbəti təxribatı zamanı əsgərlərimiz öz canları bahasına mübarizə apararaq mövqelərimizi qorudular. Düşmən isə çoxlu itki verərək geri çəkilməyə məcbur oldu. Cəmiyyətimizin də bu məsələyə münasibəti birmənalıdır. Biz bunu ASAN könüllülərinin “Əsgərə məktub” layihəsində də gördük. Xalqımız öz ordusuna güvənir, hər zaman öz ordusunun yanındadır və Sizin rəhbərliyinizlə də ordumuzun qələbə çalacağına əmindir. Biz gənclər könüllü olaraq cəbhəyə də yollanmağa hazırıq.
Cənab Prezident, Siz hər zaman öz çıxışlarınızda bizə olan etimadınızı və güvəninizi dilə gətirirsiniz. Bu isə bizi gələcəkdə öz məqsədlərimizə doğru daha qətiyyətli addımlar atmağa ruhlandırır. Belə bir deyim var: “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır”. Öz ağlımız və sərbəst iradəmizlə seçdiyimiz bu yolda bizə olan inamınız üçün təşəkkürlər. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm. Sağ olun, uşaqlar, bir daha sizi təbrik edirəm, uğurlar arzulayıram.
X X X
Sonra Prezident İlham Əliyevə ASAN xidmət mərkəzi üçün alınan və Gəncə avtomobil zavodunun istehsalı olan “MAZ” markalı avtobuslara baxdı. Qeyd olundu ki, bu avtobuslarla sərnişindaşıma həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.