xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Heydər Əliyev: “Azərbaycan dünyaya günəş kimi doğacaq”

2-03-2023, 12:47 94 dəfə baxılıb

Heydər Əliyev: “Azərbaycan dünyaya günəş kimi doğacaq”




Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır. Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik.
Tarix 20-ci əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında, doğrudan da, dahi bir rəhbər və müdrik dövlət xadimini bəxş etdi. Ölkəmiz 1991-ci ildə yenidən müstəqilliyini bərpa edəndə Azərbaycanda, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Gənc müstəqil dövləti daxili və xarici qüvvələrin təhdidlərindən qorumaq və qısa vaxtda dövlətçiliyin dayaqlarını möhkəmləndirmək üçün xalqımız 1993-cü ildə haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında çalışan Ulu Öndər yaxşı bilirdi ki, onun Azərbaycan rəhbərliyinə qayıdışını istəməyən böyük qüvvələr var. Hətta onun fiziki məhv edilməsi də reallıq idi. Amma Heydər Əliyev bu təhlükələrə baxmadan xalqına dar gündə kömək etmək qərarına gəldi və tərəddüd etmədən 1993-cü ilin iyununda Bakıya qayıtdı. Axı yaxşı bilirdi ki, milyonlarla insanın ümidli baxışları ona dikilib və müstəqilliyini qurbanlar hesabına qazanan bir xalq dövlətçiliyin sükanı arxasında məhz Heydər Əliyev kimi təcrübəli və qətiyyətli siyasi lideri görmək arzusundadır.
Bəli, Azərbaycanı və xalqını canından çox sevən ulu öndər Bakıya gəldi. Lakin Azərbaycan və Bakı onun 1982-ci ildə qoyub getdiyi məkan deyildi. Eynən, vaxtilə Napoleon qalibiyyətli “Misir yürüşü”ndən sonra Fransaya qayıdanda gördüyü və Fransa Respublikasının hökumət rəhbərlərinə “Mənim çiçəklənən vəziyyətdə qoyub getdiyim Fransanı nə kökə salmısınız? Sizə sülh qoyub getdim, qayıdanda müharibə tapdım! Sizə İtaliyanın milyonlarını qoyub getdim, qayıdanda soyğunçu qanunlar və səfalət tapdım!”-deməklə təsvir etdiyi mənzərə ilə rastlaşan Napoleondan fərqli olaraq, ümummilli lider abad etdiyi ölkəni qayıdıb bərbad görəndə şikayətlənmədi, əksinə daha böyük cəsarət və həvəslə ölkəni bu dərin böhrandan, əslində dövlətçiliyi və müstəqilliyi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində vətəndaş müharibəsinin dayandırılmasına nail oldu. Bundan sonra, Azərbaycanda sabitliyin bərpasını təmin etdi və böyük islahatların başlanmasına rəvac verdi.
İndi hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünkü möhtəşəm Azərbaycan olmazdı, ümumiyyətlə onun mövcudluğu şübhə altına düşə bilərdi. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Ulu öndər üçün bu kəlam gəlişigözəl söz yığını deyildi. Çünki, onun üçün Vətənə–Azərbaycana xidmət həyatın, yaşamın özü idi və buna görə də o, ömrünün qalan hissəsini də xalqına həsr etdi.
Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının və dinamik inkişafının davamlı xarakter alması mümkün deyil. Belə ki, bu halda mövcud olan mütərəqqi ideyalar aşınmalara məruz qalaraq məhvə məhkum ola bilər. Buna görə də, müdrik və uzaqgörən, xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu mənada siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu yeni müstəvidə zənginləşdirməklə müasir dövrün tələblərinə uyğun şəkildə yüksək dinamizmlə reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü işlərlə doğrultmaqla, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin özünü hər zaman xalqın birinci xidmətçisi kimi bəyan etməsi də məhz Heydər Əliyev ideyalarına, onun siyasi irsinə sədaqətin göstəricisidir. Xalqına bağlılığını və xalqla iqtidar arasında olan sıx birliyi təcəssüm etdirən belə bir optimist mövqenin 2003-cü ildən bəri getdikcə daha da möhkəmləndirilməsinin nəticəsidir ki, respublikamız sürətlə inkişaf edir. Bu isə xalqda belə bir əminlik yaradır ki, Azərbaycan xalqının lideri cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə özümüzün deyil, bütün dünyanın, hətta uğurlarımıza qısqanclıqla yanaşan rəqiblərimizin də etiraf etdiyi nailiyyətlərimiz bizə hər dəfə daha yüksək zirvələr fəth etməyə imkan verəcəkdir.
Fikirlərimi Ulu Öndər Heydər Əliyevin 17 oktyabr 1997-ci ildə Dövlət Müstəqilliyi Günü (Müstəqilliyin Bərpası Günü) münasibətilə Azərbaycan xalqına təbrikindən bir sitatla yekunlaşdırmaq istəyirəm: “Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.”



Cavid Ağayev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktor müavini, YAP fəalı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi