Seymur Orucov: Vətən müharibəsindən əvvəl və sonra...
25-02-2023, 12:04
171 dəfə baxılıb
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov - Tarixin bir çox mərhələsində Azərbaycanın əzəli torpaqları işğala, parçalanmaya, əhalisi isə sürgünə, qanunsuz həbslərə və kütləvi faciələrə məruz qalmışdır. Zaman-zaman baş vermiş bu hadisələrə bəzi hallarda hüquqi qiymət verilmiş, bəziləri isə tarixin qaranlıq səhifələrində bağlanmışdır. Azərbaycan xalqının xilaskarı dahi Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və cəsarəti nəticəsində XX-ci yüzilliyin sonlarında baş vermiş, xalqımıza qarşı törədilmiş soyqırım aktlarına 20 Yanvar və 26 Fevral-Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, günahkarlar ifşa olunmuşdur. Bəli, o 26 Fevral ki, Xocalıda erməni faşistləri günahsız, əliyalın, silahsız mülki insanları amansızcasına qətlə yetirdilər. Bu hadisə bütün dünyaya erməni vandalizmini sübut edən tarixi faktdır. Vəhşicəsinə davranış ermənilərin ikiüzlü, riyakar və qaniçən siyasətini ortaya qoydu. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək;- "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Dahi şəxsiyyət hələ Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.
Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası həyata keçirilmiş və dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirilmişdir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. Ümumilikdə qeyd etmək lazımdır ki, 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib və bu da məhz Xocalı hadisələrini törədnlərin dünya ölkələrində tanıdılmasında, erməni vandalizminin faktlarla sübut olunmasında böyük rol oynamışdır.
Doğma yurdlarından köçkün düşmüş və Azərbaycanın 50-yə yaxın rayonunda məskunlaşmış Xocalı sakinləri Vətən müharibəsi başlayanadək Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşamışlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirdilər. Bir tarixi faktı qeyd etməliyik ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarından birində vurğuladı ki, beynəlxalq ədalət və hüquq yoxdur, biz özümüz ərazi bütövlüyümüzü bərpa etmək üçün illərlə çalışdıq və tarixi Qələbəni əldə etdik. Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, qətiyyəti, güclü siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində əsrlərdir azərbaycanlılara qarşı törədilmiş soyqırımların, terror-təxribat aktlarının qisası cəmi 44 gün ərzində alındı. Vətən müharibəsi Qələbəsi həm tarixi torpaqlarımızın işğaldan azad olunması, həm də 20 Yanvar, Xocalı soyqırımı, ümumilkdə Birinci Qarabağ müharibəsindən əvvəl və sonrakı müddətdə Vətənimizin azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın intiqamının alındığı böyük tarixi hadisə oldu. Bu gün müstəqil Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Əminliklə söyləmək olar ki, bir daha heç kim bizim torpaqlarımızı işğal edə, vətəndaşlarımızı öz doğma-dədə baba yurdlarından zorla köçürə bilməyəcək. Ona görə ki, Azərbaycanın güclü Lideri vardır. Cənab Prezidentimizin apardığı müdrik siyasət bizim qalib xalq kimi təhlükəsiz, firavan və sülh şəraitində yaşamağımızı təmin etmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR