Natiq İsmayılov: Xəstəxanamızda xəstələrə çox böyük diqqət göstərilir
1-10-2022, 12:24
345 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılovdur.
Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Natiq İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Şəki rayon Psixiatriya xəstəxanasının baş həkimi Natiq İsmayılov 1982-ci ilin iyun ayında Cəfərabad kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Bakı Dövlət Tibb Universitetinə qəbul olub. 2009-cu ildə universiteti həkim-psixiator ixtisası üzrə bitirərək Şəki rayon Psixiatriya xəstəxanasında həkimlik fəaliyyətinə başlayıb. 2021-ci ilin yanvar ayında həmin xəstəxanaya baş həkim təyin edilib.
Xəstəxana 2020-ci ildə tikilib istifadəyə verilib və müasir standartlara cavab verən avadanlıqlarla tam təchiz olunub. Xəstəxana 200 çarpayılıqdır. Xəstəxanada hazırda 172 xəstə müalicə alır, 160-a yaxın tibb işçisi çalışır. Burada müalicə olunan xəstələr gündə 3 dəfə isti yemək və lazım olan dava-dərmanla təmin edilirlər.
«Xəstəxanamızın fəaliyyətində müalicə ilə yanaşı həkimlərimi-zin peşəkarlıq səviyyəsinin artırılması da ön plandadır. Belə ki, həkimlərimiz təkmilləşdirmə kursları keçir, konfrans və simpoziumlarda iştirak edirlər. Həmçinin aparıcı klinikalarının professor və həkim heyəti xəstəxanamıza dəvət olunur və elmi-praktik konfranslar təşkil edilir.
Xəstəxanamızda xəstələrə çox böyük diqqət göstərilir. Dərman müalicəsindən sonra xəstənin psixi vəziyyəti stabilləşdikdə onlar psixoterapiyaya cəlb olunurlar. Şöbələrimizdə ayrıca reabilitasiya otaqları təşkil olunmuşdur ki, xəstələr həmin otaqlarda reabilitasiya işləri ilə məşğul olurlar. Xəstələrin müalicəsində əmək terapiyasından da istifadə nəzərdə tutulub ki, bunun da xəstələrin psixi vəziyyətinin yaxşılaşmasında, cəmiyyətə inteqrasiya etməsində böyük köməyi vardır. Ümumiyyətlə, insanın sağlamlığına qovuşması üçün bütün lazımı prosedurlardan istifadə etmək vacibdir. Çünki insanın öz həyatını, yaşam tərzini normal qaydada qurması üçün ilkin şərt sağlamlıqdır. Bu məsuliyyət isə məhz həkimlərin üzərinə düşür»
Şəki Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Natiq İsmayılov - 27 sentyabr- Azərbaycan əsgərinin Zəfər salnaməsi
44 Günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı zəfər dövrü kimi yazıldı. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində Qarabağ və ətraf ərazilərdə 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Erməni işğalçılarının 30 il ərzində yaratdıqları möhkəmləndirilmiş müdafiə xətlərindən biri də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığından keçirdi. 27 Sentyabrın 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış xatirə lövhəsinin ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Prezident İlham Əliyev qeyd edib ki, abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilib. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər. 27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir. Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Məlumdur ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Belə bir tarixi gündə qalib Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi. Dövlət başçısının çıxış etdiyi yeri bütün xalqımız üçün doğmalaşdıran səbəblərdən biri də 44 günlük müharibə tariximizin birinci günüdə buradan aldığımız ilk qələbə xəbərləri idi. Prezident İlham Əliyev xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Prezident İlham Əiyev çıxışı zamanı bu qələbə tarixini yaşadığımız üçün xalqımızı xoşbəxt adlandırıb. “Belə şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaq. Xalqımız izn verməməlidir ki, düşmən bir daha başını qaldırsın, bir daha bizim üçün təhdid yaratsın”. Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin əziz xatirəsinə göstərilən ali ehtiramın göstəricisidir. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, Şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR