Elmar müəllim: Xilaskarlıq missiyasının başlandığı gün
31-08-2022, 15:25
182 dəfə baxılıb
"Gəncə Enerji Təchizatı" MMC-idarəsinin rəisi Elmar müəllim - Hər bir xalqın, millətin taleyində böyük şəxsiyyətlərin müstəsna rolu var. Məhz həmin şəxsiyyətlərin böyük xidmətləri nəticəsində qəbul edilən müdrik qərarlar, sağlam ideyalar aid olduğu ölkənin inkişaf konsepsiyasının hərəkətverici qüvvəsinə çevrilərək onun gələcək istiqamətini müəyyənləşdirir. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplayıb, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atıb, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanıb. Görkəmli dövlət xadiminin tam 31 il bundan əvvəl - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də dahi şəxsiyyətə xalqın böyük etimadının nəticəsi idi.
1991-ci ilin 3 sentyabr tarixi yenicə müstəqilliyini qazanmış Azərbaycanın müasir tarixində, sadəcə, sıradan bir təqvim günü deyildi. Bu tarix 70 ildən çox müstəqillik arzuları ilə yaşayaraq onu bərpa edən, lakin qısa bir zamanda bu azadlıq duyğularını itirmək qorxusu ilə üzləşən, xaos və anarxiya burulğanında çırpınan bir xalqın yenidən özündə böyük güc taparaq Böyük Lideri ilə böyük bir mübarizəyə başladığı gün idi. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, insanların sabahkı günə inamı qalmamışdı. İnsanların yeganə təsəllisi ulu öndər Heydər Əliyevin Naxçıvanda olması idi. Buna görədir ki, Ümummilli Lider Naxçıvanın, ümumilikdə isə Azərbaycanın gələcəyi baxımından əlamətdar olan bu gün haqqında danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin icrasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Zamanın və insanların çağırışına məhz bu düşüncələrlə cavab verən ulu öndər Heydər Əliyev bununla da Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atıb. Beləliklə də, Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Və Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. Bu mənada, 3 sentyabr tarixi həm ictimai-siyasi baxımdan, həm də milli özünəqayıdışın dərki baxımından dövlətçilik tariximizin yenidən yazılmasında müstəsna əhəmiyyəti olan bir gündür.
Beləliklə, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Və qeyd etdiyimiz kimi, fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Və təsadüfi deyil ki, 1969-cu ilin iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gələn görkəmli dövlət xadimi ölkəmizdə müqayisə olunmaz bir inkişaf mərhələsinin əsasını qoymuş, respublikamızı müstəqilliyə hazırlayacaq bir sıra əhəmiyyətli iqtisadi, siyasi, ideoloji addımlar atıb. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirib. Dahi öndəri dövlət rəhbərindən ali səviyyəli dövlət xadimi səviyyəsinə qaldıran da məhz bu idarəçilik fəlsəfəsi olub. Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsasını, ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi kimi mühüm amillər təşkil edir.
XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Belə bir çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndər Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 3 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən deyib: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. ...Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də ulu öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.
Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilən tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində Muxtar Respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulub.
Mühüm geostrateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə Ümummilli Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı.
Ulu Öndərin Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib.
Həmin dövrdə ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçib.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, ölkədə hakimiyyətdə olanların bacarıqsızlığı, şəxsi maraqların milli maraqları üstələməsi Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi. Torpaqlarımızın ard-arda işğal olunması, yaranmış gərgin ictimai-siyasi hadisələr 1993-cü il iyun ayının əvvəllərində özünün son həddinə çatdı. Artıq Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, məhv olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Sevindirici haldır ki, bu gün Ölu Öndərimizin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır. Belə ki, ölkəmizin ən böyük uğuru işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Dəmir Yumruq” siyasəti ilə 30 illik həsrətə 44 gündə son qoyuldu. Və ulu öndər Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi. Azərbaycan Prezidentinin “Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”, – sözləri isə bu təsdiqin əbədi möhürünə çevrildi. Böyük Zəfərin qazanılmasından sonra Naxçıvana gələn ölkə başçısının bu səfəri böyük tarixi əhəmiyyəti və rəmzi mənası ilə seçilirdi: “Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfədir ki, mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım...”
Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir.
Bir sözlə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir və uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR