Köçərli Həsənov: Şəhid ailələrinə və qazilərə dövlət tərəfindən daim diqqət göstərilir
28-07-2022, 11:55
95 dəfə baxılıb
«Azərsu» ASC sədrinin müavini Köçərli Həsənov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl rayon İcra Hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul zamanı tövsiyə və tapşırıqlarını verdi. Prezident xüsusi olaraq vurğuladı: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar”.
Ölkə başçısının rayonlara və digər strukturlara təyin etdiyi hər bir rəhbər şəxs insanların qayğısına qalmalı, var qüvvəsi ilə çalışmalıdır. Bunun üçün kifayət qədər resurslar var, sadəcə olaraq insani keyfiyyətlər bu məsələdə xüsusi önəmə malikdir. Vətəndaş dərdini deyə bilməyəndə, üzləşdiyi problemdən çıxış yolu üçün məsləhət ala bilməyəndə bunun fəsadları daha böyük olur. Vətəndaşların problemlərinin çözülməsinə nail olmaq mümkündür. Sosial ədalət varsa vətəndaş narazı qalmayacaq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan xalqı ölkə rəhbərliyinin xarici, daxili siyasətini dəstəkləyir.
Prezident İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələrinin daim diqqət mərkəzində saxlandığını, müharibə əlillərinə xüsusi diqqət ayrıldığını, onların məişət problemlərinin dövlət tərəfindən həll edildiyini, bu işdə yerli məmurların qüsursuz fəaliyyət göstərməli olduqlarını bildirib. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. Bu proses davam etdirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı, məşğulluğu ilə maraqlansınlar. Bunlar hər bir məmurun ümdə borcu olmalıdır.
Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və regional inkişaf proqramlarının icrasına başlanıldı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının icrasına start verildi. Ötən 18 ildə regionların inkişaf səviyyəsinə diqqət yetirsək böyük dəyişikliyin, ən əsası şəhərlə kənd arasında fərqin tamamilə aradan götürüldüyünün şahidi olarıq. Belə ki, Dövlət proqramlarının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər insanları narahat edən problemlərin həlli istiqamətində mühüm addımlar atılır və nəticələr göz önündədir.
İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən geniş bəhs edərək hədəfləri açıqladı, məmurlara xəbərdarlıqlar edildi. Əsas hədəf şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə, vətəndaş məmnunluğunun artırılmasıdır. Görüşdə bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini, bəzilərinin hökmünün verildiyini, bəzilərinin isə işlərinin məhkəmədə olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, heç kim qanundan üstün ola bilməz. Qarşıya qoyulan əsas hədəflərdən biri icra başçılarının daim insanlarla təmasda olmasıdır. Cənab İlham Əliyev keçirilən müşavirələrdə bu çağırışı səsləndirir ki, məmurlar ictimaiyyət arasında olmalı, onların qayğıları ilə maraqlanmalı, onları narahat edən problemləri onların dilindən eşitməli və həlli istiqamətində addımlar atmalıdırlar. Dövlət başçısının bölgələrə səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşləri, onlarla səmimi söhbət etməsi, qayğıları ilə yaxından tanış olması məmurlara nümunədir. Ölkə Prezidentinin rayonlara ardıcıl səfərlərinin Regional dövlət proqramlarının icrasında rolu, əhəmiyyəti böyükdür. Belə ki, dövlət başçısı həm görülən işlərlə yaxından tanış olmaq, həm də ictimaiyyəti düşündürən, narahat edən məsələləri onlardan eşitmək istəyir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Dövlət proqramları hazırlanarkən bölgələrdən gələn təkliflər əsas götürülür.
Hər zaman özünə diqqət və qayğının şahidi olan ölkə əhalisi Prezidentin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, onun ətrafında sıx birləşir. Qeyd edilən görüşdə cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Həyata keçirilən siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib, ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Məhz bu siyasət nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu, torpaqlarımız azad edildi, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. “Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın” söyləyən dövlət başçısı bildirdi ki, bunun üçün bütün imkanlar mövcuddur.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin hər biri ölkəmizin gələcəyinə hesablanıb. Azərbaycanın iqtisadi, sosial sahələrdə qazandığı uğurların əsas şərti olan siyasi sabitlik şəraitində həyata keçirilən islahatların daha geniş miqyasda tətbiqi günün tələbi kimi qarşıya qoyulur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin, bərpa-quruculuq işlərinin hər biri Böyük Qayıdışın sürətləndirilməsinə xidmət edir. Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı 10 il üçün nəzərdə tutulan quruculuq - abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı bəllidir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR