Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr edilmiş tədbir keçirildi
15-07-2022, 11:08
142 dəfə baxılıb
14 iyul 2022-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 53-cü ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışdı. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra millət vəkili Aydın Hüseynov öz çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayandığınından və ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara sövq edəcəyindən danışmışdır.
Millət vəkili Səbinə Xasayeva Ulu Öndərin siyasi fəaliyyəti haqqında danışmışdır.
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən bəhs etmişdir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını millətinin, xalqının yolunda sərf edən Ulu Öndər Heydər Əliyevin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd etdi və qonaqlara təşəkkürünü bildirdi.Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov - Bu gün qalib Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsindən bəhs edirik. Uğurlarımız daim keçilən yolun təhlilini, Azərbaycanın dünyaya nümunə olan inkişaf modelinin formalaşmasının hansı səylərin nəticəsi olduğunu təhlil etməyi bir zərurət kimi ortaya qoyur.
Bu fikir böyük fəxr və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə bugünkü uğurların əsası qoyuldu. Ümummilli Liderin Vətəninə, dövlətinə, xalqına bağlılığı, hər addımında xalqının, dövlətinin gələcəyini düşünməsi Azərbaycanın qarşısında geniş imkanların açılmasında əhəmiyyətli rol oynayıb. Ulu öndər Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi kimi deyil, eyni zamanda, öz ideyaları ilə Azərbaycanı Zəfərdən zəfərə aparan əsl azərbaycanlı kimi təqdim edilir. Belə ki, Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəlişi ilə azərbaycançılıq ideologiyasının, milli şüurun inkişafı istiqamətində mühüm addımlar atdı, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoydu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən danışarkən hər zaman gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, milli-mənəvi dəyərlərimizin, dilimizin inkişafı və qorunması istiqamətində atdığı addımlar xüsusi qeyd edilir. Bu baxımdan ki, hər bir dövlətin, xalqın təqdimatında onun yürütdüyü siyasətlə yanaşı, dili, milli-mənəvi dəyərləri, zəngin dövlətçilik tarixi əsas rol oynayır. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili dövlət dili statusunu qazanmışdır.
Bugünkü Azərbaycan məhz 1969-82-ci illərdə yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edir. Həmin illərdə ölkəmizin iqtisadi inkişafının təmin edilməsi Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi, daha dəqiq desək ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə davamlı uğurlar qazanmasında mühüm rol oynadı. Bu fikir hər zaman böyük əminliklə qeyd edilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaq respublikaları arasında ən qabaqcıl ölkəyə çevirdiyi kimi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin xilaskarı kimi adını tarixə yazdı və bugünkü inkişafa yol açdı.
Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin təqdimatı oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dayanıqlı inkişafının əsası kimi dəyərləndirildi. İqtisadi qüdrətini artıran Azərbaycan həm də yeni dostlar, tərəfdaşlar qazandı. Yeni-yeni sazişlərin imzalanması, layihələrin gündəmə gətirilməsi ölkəmizə diqqəti daha da artırdı.
Hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutur. Tarixi həqiqətlərimizin təbliği, Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Məhz bu addımların nəticəsində hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı.
Azərbaycana hansı tərəfdən baxsaq ulu öndər Heydər Əliyevin xidmətlərini görür və bundan böyük qürur hissi keçiririk. Tarixdə şəxsiyyətlərin rolunu daim önə çəkən dövlət başçısı İlham Əliyev bu fikri böyük əminliklə vurğulayır ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Eyni zamanda, bu çağırışı da edir ki, tarixi paralellər fonunda müstəqillik tariximizin ayrı-ayrı dövrlərini müqayisə etməliyik. 1993-2003-cü illər ölkəmizin həyatında həlledici illər olub.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev yolu uğurla davam edir. Dövlət başçısı İlham Əliyev Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin ən böyük arzusu ərazi bütövlüyümüzün bərpası idi. İki ilə yaxındır ki, bu arzunun da reallığa çevrilməsinin sevincini yaşayırıq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR