Taleh Qaraşov: Vətən müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq
24-08-2021, 11:22
345 dəfə baxılıb
Lənkəranda şəhid ailələrinə və qazilərə yeni mənzillər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində 45 mənzilli yaşayış binası tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.
Binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
V.Nəsirli vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi. Müharibəni tarixi Zəfərlə başa vuran Azərbaycanda şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi sahəsində də fəal və nümunəvi siyasət həyata keçirilir.
Nazir müavini bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz bu kateqoriyadan olanlara təqdim olunur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T.Qaraşov tədbirdə çıxış edib bildirib ki, ölkə Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbə xalqımızla birlikdə lənkəranlıları da hədsiz sevindirmiş, onların vətən təəssübkeşliyini bir daha gücləndirmişdir. Cənab Prezident İlham Əliyevin çağırışı ilə səfərbər olan lənkəranlı gənclər də bu müharibədə yüksək vətənpərvərlik ruhu ilə iştirak etmiş, düşmənə ağır zərbələr vurmuş, torpaqlarımızı işğaldan azad ediblər. Onların bir çoxu döyüşlərdə qəhrəmancasına həlak olub, bəziləri ağır yaralanıb qazi olublar. Hər birimiz könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş gənclərimizin tarixi zəfərimizlə başa çatmış vətən müharibəsi döyüşlərində göstərdikləri əsgəri rəşadətindən qürur duyuruq. Dövlətimiz və xalqımız müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini daim əziz tutur, onların ailələrinə və döyüşlərdə ağır yaralanıb əlil olmuş qazilərə qayğı və diqqətini heç vaxtı əsirgəmir. Bu gün istifadəyə verilən bu yaraşıqlı 45 mənzilli yaşayış binası da buna parlaq misaldır. İcra başçısı şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət qayğılarının daim dövlətimizin diqqətində olacağı və vaxtında həll olunacağını diqqətə çatdıraraq onları yeni mənzillər almaları münasibətilə təbrik edib ən xoş arzularını çatdırıb.
Şəhid ailə üzvləri və qazilər çıxış edib onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildiriblər.
Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilir
İşğal olunmuş torpaqların azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində lənkəranlı gənclər də mərdliklə vuruşaraq misilsiz rəşadət və qəhrəmanlıq nümayiş etdiriblər. Ölkə prezidenti cənab İlham Əliyevin əmri ilə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşına qalxan bu gənclər Milli Ordumuza qoşulub dəmir yumruqları ilə azğın düşmənin başını əzib onun ordusunu darmadağın etdilər. Lənkəranlılar fəxr edirlər ki, 30 illik fasilədən sonra torpaqlarımızın erməni işğalından azad olunmasında onların övladları, qardaşları, ataları, doğmaları da iştirak edib yaralanıblar, qəhrəmancasına şəhid olublar. Bu gün Lənkəranda şəhidlərə, qazilərə böyük hörmət və ehtiram var. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşdirilir.Onlardan üçü- Hüseynov Vüsal Yəhya oğlu, Quliyev Samir Məhərrəm oğlu və Məmmədli Eməddin Anar oğlu rayonun Velədi kəndindəndir. Könüllü olaraq cəbhəyə getmiş bu gənclər döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Onların qəhrəmanlığı ilə qürur duyan kənd sakinləri xatirələrini əbədiləşdirmək üçün bir sıra təşəbbüslər irəli sürüblər. Məhz onların təşəbbüsü ilə kəndin başdanbaşa asfaltlanmış küçələrinə şəhidlərin adları verilmiş, “Şəhidlər bulağı” tikilmişdir. Avqustun 17-də Velədi kəndində, Bakı-Astara magistral yolunun kənarında “Şəhidlər bulağı”nın açılışına həsr olunmuş tədbir keçirilib. Karantin qaydalarına uyğun keçirilən tədbirdə Lənkəran ŞİH başçısının birinci müavini M.Babayev, İcra aparatının rəsmiləri, şəhid ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəhid ailə üzvləri şəhid adına göstərilən yüksək ehtirama və dövlət tərəfindən əhatə olunduqları diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov - Vətən müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində Müzəffər Ali Baş Komandan bir daha döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs edərək bildirmişdir ki, addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Azərbaycan Prezidentinin nitqi qalib ordunun Ali Baş Komandanının çıxışı olmaqla yanaşı, həm də hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, Ermənistana və onun havadarlarına hədəfli mesajların ünvanlandırılması, əldə olunmuş uğurlu nəticələri və böyük perspektivləri özündə ehtiva etməsi ilə diqqət mərkəzindədir. Kəlbəcər, Laçın və Ağdam rayonlarının genişmiqyaslı döyüşlər, çoxsaylı itki olmadan azad edilməsi ölkə Prezidentinin diplomatik məharətinin, Azərbaycan Ordusunun gücünün, uğurlu hərbi əməliyyatlarının nəticəsidir.
Kəlbəcər 1993-cü ilin aprelində işğal olundu. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması pik həddə çatmışdı. Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalını sürətləndirirdi. Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın kimi digər rayonları da işğaldan azad etməklə zəfər, qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də həyata keçirdi. Biz tariximizi nə qədər dərindən öyrənsək bir o qədər də güclü, qüdrətli olacağıq, haqqımız olanı təmin edəcəyik, hər kəsi yeni reallıqla barışmağa məcbur edəcəyik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR