Bu gün Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün aparılan çoxsaylı müzakirələrdən biri – Fransanın Rambuye şəhərindəki danışıqların 15 ili tamalanır.
Modern.az xəbər verir ki, 2006-cı il fevralın 10-da böyük ümidlərlə başlayan danışıqlar o zamankı Ermənistan prezidenti Robert Koçaryanla Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutmuşdu.
Paris yaxınlığındakı Rambuye şəhərində eyniadlı qəsrdə keçirilən danışıqlar Robert Koçaryanın prosesi yarımçıq qoyması və biabırçı qaçışı ilə yaddaşlarda qalmışdı.
Həmin danışıqlar prosesi 2006-cı il fevralın 10-da hər iki prezidentin ayrı-ayrılıqda Fransa prezidenti Jak Şirakla Parisdə, Yelisey sarayında təqribən 45 dəqiqəlik görüşü ilə başlamışdı.
Daha sonra prezidentlər İlham Əliyev və Robert Koçaryan arasında iki dəfə fevralın 10-da 2 saata qədər, fevralın 11-də isə 20 dəqiqəlik təkbətək görüş olmuşdu.
Məhz 11 fevral görüşü zamanı Robert Koçaryan ayaqyoluna getmək adı ilə ikitərıfli danışıqları yarımçıq saxlamışdı. Bundan sonra isə heç bir xəbər vermədən Rambuye qəsrini tərk edərək Parisdən Yerevana uçmuşdu. Sonradan o bunu həmin vaxt müdafiə naziri postunu tutan Serj Sarkisyanın qaynatasının ölümü ilə əlaqələndirsə də, əslində, həmin addım Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilən şərtləri qəbul etməmə qorxusu ilə bağlı idi.
Nizamlama prosesinə yaxın etibarlı diplomatik mənbələr o zamanlar bildirirdi ki, iki prezident arasında danışıqlar zamanı Qarabağın statusu və Kəlbəcərin azad edilməsi ilə əlaqədar fikir ayrılığı yaşanıb və maksimalist tələblər irəli sürən Koçaryan danışıqları pozmaq üçün Rambuyedən qaçıb.
Danışıqlardan sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mann müxbirlərə bildirmişdi ki, iki prezident, xarici işlər nazirləri və həmsədrlər arasında olduqca intensiv söhbət aparılıb.
Amerikalı həmsədrin dediyinə görə, danışıqlar tərəflərin mövqelərində prinsipial dəyişikliklə nəticələnməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.