Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar artıq Rusiyanın hərbi obyektləri ilə məhdudlaşmır. Son zərbələr ölkənin nəhəng elektron ticarət şəbəkəsi “Vayldberriz”in (Wildberries) logistika mərkəzlərini, neft emalı zavodlarını və yanacaq təminatı sistemini də əhatə edib.
Avqustun 16-da Moskva vilayətinə endirilən kütləvi dron zərbəsi zamanı Podolsk yaxınlığındakı “Vayldberriz” anbarı vurulub. Vilayətin qubernatoru Andrey Vorobyov hücum nəticəsində 83 yaşlı sakinin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib.
Hadisə yerindən yayılan görüntülərdə Moskvanın təxminən 45 kilometr cənubundakı Koledino logistika kompleksindən tüstü qalxdığı görünür. Domodedovo hava limanı yaxınlığındakı başqa bir anbarın da zərər gördüyü bildirilir.
Rusiya Müdafiə Nazirliyi hücum zamanı 822 Ukrayna dronunun vurulduğunu iddia edib. Bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Niyə “Vayldberriz” hədəfə çevrilib?
“Vayldberriz” adi internet mağazası deyil. Yarım milyondan çox satıcının istifadə etdiyi platforma Rusiyadakı onlayn sifarişlərin təxminən yarısını qəbul edir. Onun logistika şəbəkəsi ölkənin 11 saat qurşağına yayılıb.
İyulun ortalarından etibarən Moskva və Sankt-Peterburq ətrafından Ural bölgəsinədək təxminən 20 şirkət obyektinin hədəfə alındığı bildirilir. Hücumların coğrafiyası Ukrayna sərhədindən iki min kilometrdən çox uzaqda yerləşən Yekaterinburqa qədər genişlənib.
Bəzi anbarların sahəsi 300 min kvadratmetrə çatır. İlkin hesablamalara görə, şirkətin anbar sahələrinin 20 faizədək hissəsi sıradan çıxa bilər. İtkilərin altı milyard dollara çatacağı barədə qiymətləndirmələr var, lakin bu rəqəm müstəqil şəkildə təsdiqlənməyib.
Ukrayna tərəfi bu anbarlardan Rusiya ordusuna ikili təyinatlı məhsulların, qoruyucu vasitələrin, istilik nişangahlarının və dron hissələrinin çatdırılmasında istifadə olunduğunu bildirir. Moskva və şirkət rəhbərliyi ittihamları qəbul etmir.
“Əssoşieyted Press” platformada belə məhsulların satıldığını müəyyənləşdirib. Lakin onların dövlət sifarişi ilə Rusiya ordusuna göndərildiyi sübuta yetirilməyib.
Zərbə yüz minlərlə sahibkara təsir edir
Anbarların sıradan çıxması “Vayldberriz” vasitəsilə satış həyata keçirən yüz minlərlə kiçik sahibkarın fəaliyyətini təhlükə altına salır. Malların məhv olması sifarişlərin dayanmasına, kredit borclarının artmasına və minlərlə satış məntəqəsinin gəlirsiz qalmasına səbəb ola bilər.
Şirkətin müqavilələrində dron hücumları “qarşısıalınmaz qüvvə” (force majeure) halı sayılır. Bu isə şirkətin bütün zərəri ödəməməsinə imkan verir. “Vayldberriz”in sahibi Tatyana Kim zərər çəkmiş satıcılara güzəşt və kredit imkanları təklif edib. Rusiya Mərkəzi Bankı da banklardan həmin sahibkarların borclarının yenidən qurulmasına yardım göstərməyi istəyib.
Beləliklə, bir anbara endirilən zərbə təkcə malları məhv etmir. Onun təsiri banklara, sığorta şirkətlərinə, nəqliyyat sisteminə və kiçik ailə müəssisələrinə qədər uzanır.
Rusiyanın yanacaq sistemi də hədəfdədir
Ukraynanın digər əsas hədəfi Rusiyanın neft emalı sənayesidir. Kiyev xam neft hasilatından daha çox benzin, dizel və təyyarə yanacağı istehsal edən müəssisələri vurmağa çalışır.
Avqustun 11-də Ukrayna dronları Qazaxıstan sərhədinə yaxın Orsk neft emalı zavodunu vurub. İldə altı milyon ton xam neft emal etmək gücünə malik müəssisə hücumdan sonra tam dayanıb.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, zavodun əsas infrastrukturu zədələnib. Xaricdə istehsal olunmuş avadanlığın sanksiyalar şəraitində təmiri çətin olduğundan bərpa işləri altı ayadək davam edə bilər.
Hücumdan sonra bölgədə yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranıb. Yanacağın verilməsində təcili yardım və xüsusi xidmət avtomobillərinə üstünlük tanınıb.
Başqırdıstandakı “Qazprom Neftexim Salavat” (Gazprom Neftekhim Salavat) kompleksi də dron hücumuna məruz qalıb. Ukrayna sərhədindən təxminən 1300 kilometr uzaqda yerləşən müəssisədə yanğın başlayıb, iki nəfər yaralanıb. Bu, üç gün ərzində vurulan dördüncü böyük Rusiya neft emalı zavodu olub.
Kiyevin məqsədi nədir?
Ukraynanın bu hücumlarla Rusiyanın iqtisadiyyatını dərhal çökdürməsi real görünmür. Kiyevin əsas məqsədi hərbi və mülki logistikanı pozmaq, yanacaq təminatını bahalaşdırmaq, Rusiyanın hava hücumundan müdafiə vasitələrini cəbhədən uzaq bölgələrə çəkmək və müharibənin nəticələrini adi rusiyalılara hiss etdirməkdir.
Lakin mülki şəxslərin ölməsi və istehlak infrastrukturu kimi görünən obyektlərin vurulması əks nəticə də verə bilər. Moskva bu hücumlardan Rusiya cəmiyyətini Ukraynaya qarşı daha sərt mövqedə birləşdirmək üçün istifadə edir.
“Vayldberriz” anbarları ilə neft emalı zavodlarının eyni vaxtda vurulması göstərir ki, müharibənin sərhədləri dəyişir. Cəbhə xətti əvvəlki yerində qalsa da, qarşıdurmanın təsiri artıq Moskva ətrafındakı ticarət anbarlarından Ural bölgəsinə və Qazaxıstan sərhədindəki sənaye müəssisələrinədək uzanır.musavat.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.