Politoloq: “Çoxluq Ərdoğanın yenidən prezident olmasına “hə” deyəcəksə...”
Türkiyə və Türk dünyası üçün əvəzsiz lider olan Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkisində də iştirakı məsələsi qardaş ölkədə artıq gündəmə gəlib. Türkiyənin Milliyetçi Hareket Partisinin (MHP) lideri Dövlət Baxçalı deyib ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir.
O, seçki qanunları ilə əlaqədar konstitusiyada dəyişiklik edilməsi barədə çağırış edib: “Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir. Bu barədə konstitusiyada dəyişiklik edilməlidir”.
Qeyd edək ki, mövcud Ana Yasaya görə Ərdoğanın növbəti dəfə seçkilərdə namizədliyi irəli sürülə bilməz. Bunun üçün konstitusiya dəyişikliyi təklif olunur. Bəs Türkiyə referenduma gedəcəkmi? Ərdoğana olan baryerin aradan götürülməsi təklifi reallaşa bilərmi?
Sona Əliyeva
Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, qarşıdakı aylarda Türkiyə üçün çətin dönəm başlayır: “Qardaş ölkənin "dərin dövlət"i Ərdoğanı yenə də hakimiyyətdə saxlamaq istəyir. Amma bu dəfə elə də asan olmayacaq. Türkiyənin demokratik ənənələri buna imkan vermir. Ona görə də dərin dövlətçilər MHP sədri Dövlət Baxçalının dili ilə Türkiyə cəmiyyətində nəbz yoxlaması aparmaq istəyirlər. Hələ ki təpkilər bir qədər enişli-yoxuşludur. Konstitusiya dəyişikliyinə getmək bir qədər riskli görünür. Düşünürəm ki, ən stabil variant Ərdoğanın siyasi varisini hazırlamaqdır. Bu variantda elə MHP sədri Baxçalının da keçid dövrü üçün prezident olması mümkündür. Hətta daha gənc və dinamik variantlar da var. Bunlar İbrahim Kalın və Hakan Fidandır. Hər ikisi dərin dövlətin üzdə görünən simalarıdır. Əgər çoxluq Ərdoğanın yenidən prezident olmasına “hə” deyəcəksə, o zaman Ərdoğanın növbəti dövr üçün yolu açılacaq. Hətta prezidentliyə ən uyğun namizədlərdən biri də əslən azərbaycanlı olan Sinan Oğandır. O da dövlətçi siyasi simalardandır".
Əhəd Məmmədli:
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli: “Türkiyə Konstitusiyasında dəyişikliklər mütləq olmalıdır. Çünki keçmişin qalıqları birdəfəlik götürülməlidir. Real dünya ilə öz çıxarları naminə ayaqlaşmaq lazımdır. Bunun üçün də Türkiyənin müsbətə doğru dəyişilməsi davam etməlidir. O ki qaldı Ərdoğanın yenidən seçilməsinə, əgər adam özünü buna hazır görürsə, niyə də yox?! Xalq yenidən Ərdoğana "hə" deyəcəksə, necə deyərlər - hodri meydan. Türkiyənin Ərdoğanın adı ilə bağlıdır. Bu yüksəlişin davamı üçün də heç şübhəsiz ki, Ərdoğan idarəçiliyi davam etməlidir. Dövlət Baxçalının təklifini yerində olan təklif kimi qəbul edirəm. Türkiyə dövlətinin Ərdoğana hələ ehtiyacı var. Əgər xalqın yenə sənə etimad göstərirsə, deməli, yerində qalıb davam etməlisən".
Politoloq Turan Rzayev çox maraqlı məqamlara toxundu: “Türkiyə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı təkliflər son zamanlar tez-tez dilə gətirilir. Subyektiv görüşüm budur ki, Türkiyə Konstitusiyası dəyişdirilə bilər. Burada hər hansı bir ziddiyyət, ya da rezonans doğuracaq məqam yoxdur. Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan konstitusiyasında ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu 4 maddə dəyişməyəcək. Lakin bu 4 maddənin xaricində digər bəndlər dəyişə bilər.
Turan Rzayev
AKP iqtidarı son 10 ildə Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir. Qəribədir ki, bu tələb tamamilə yanlış anlaşılır. Halbuki ən böyük yanlış mövcud Türkiyə Konstitusiyasının Atatürk konstitusiyası olduğu sanılmasıdır.
Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü ilin 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanunsuz şəkildə, xalq iradəsi olmadan dəyişikliyə məruz qalıb. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib. 1971 və 1997-ci illərdə isə TSQ hökumətini istefaya məcbur edib. Mövcud AKP hakimiyyəti əslində bunu əsas gətirərək konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə, nə olursa olsun, Türkiyə Konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də bu mümkün deyil. Təəssüf ki, Türkiyə cəmiyyəti yeniliyə açıq deyil. Hətta deyərdim ki, bunu radikal şəkildə reaksiya verir.
Türkiyə Konstitusiyanın qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib. Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə Konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. O ki qaldı Ərdoğanın növbəti dəfə seçkilərdə namizədliyini irəli sürməsinə, onun belə bir niyyəti varsa, hesab edirəm buna nail olacaq. İstisna deyil ki, Türkiyə referenduma gedəcək".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.