xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:52 – İlham Əliyev sərəncam imzaladı 
  • 12:56 – İlham Əliyev: Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir 
  • 09:29 – İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi 
  • 11:00 – İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər 

İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?

9-07-2024, 09:25 0 dəfə baxılıb

İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?


İranda iyulun 5-də keçirilən prezident seçkisinin ikinci turunun nəticələrinə görə, Məsud Pezeşkian 16,3 milyon səs toplayaraq rəqibi Səid Cəlili ilə mübarizədə qələbə qazanıb. Tədqiqatçıların məlumatına görə, bu səsvermə 1979-cu il islam inqilabından sonra ölkə tarixində ən aşağı seçici fəallığı ilə yadda qalıb.

Təşviqat prosesində Azərbaycan, fars və kürd dillərində elektoratına müraciətlər edən Pezeşkian müsahibələrində daim özünün milliyyətcə türk olduğunu vurğulayıb. Rəsmi mənbələrə görə, yeni seçilmiş prezident Qərbi Azərbaycan vilayətinin Mehabad şəhərində anadan olub. Soyadındakı "pezeşk" sözü fars dilindən tərcümədə "həkim" deməkdir. İddialara görə, bu, peşəsinə işarədir.

İxtisasca kardioloq-cərrah olan Pezeşkianın dövlət başçısı kimi ölkəsinin dərdinə dərman olub-ola bilməyəcəyi hazırda bütün dünyanın gündəmindədir.

Pezeşkian illərlə davam edən sanksiyalar və etirazlardan sonra Qərblə əlaqə saxlayacağını və ölkədə məcburi hicab qanununun icrasını asanlaşdıracağını vəd edib. Maraqlıdır ki, ali dini rəhbər ayətullah Əli Xamenei ölkədəki bütün dövlət müəssisələrinin yekun hakimi hesab olunduğu halda, Pezeşkian seçki kampaniyasında şiə teokratiyasında hansısa radikal dəyişiklik vədini verməyib.

Bəzi siyasilər iddia edirlər ki, Pezeşkianın qələbəsi İranın İsrail-HƏMAS müharibəsi, irəliləyən nüvə proqramı və Vaşinqtonla arasındakı gərginliyin azaldılması şansını riskə atacaq. Bunu isə dörd il Nazirlər Kabinetində yer almasına rəğmən (2001-05-ci illərdə səhiyyə naziri işləyib - red.), Pezeşkianın siyasi səriştəsizliyi ilə əlaqələndirirlər.

Maraqlıdır, yeni prezident İranda hansı yenilikləri edə biləcək? Milyonlarla azərbaycanlının illərlə tələb etdiyi türk dilində təhsil ocaqları yaradılacaqmı? Türk dünyası ölkələri ilə əlaqələrin inkişafı mümkündürmü?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranın daxili və xarici siyasətini ali dini rəhbər Seyid Əli Xamenei müəyyən edir:

"Məsud Pezeşkianın müstəqil xarici siyasət yürütmək kimi hər hansısa səlahiyyəti yoxdur. Əgər ali dini lider siyasi kursda hansısa dəyişikliyi məqsədəuyğun görsə, bu, Pezeşkian tərəfindən yerinə yetiriləcək. Prezidentin siyasi kursu dəyişmək kimi bir hüququ yoxdur. Məsələn, o, İsraillə münasibətləri normallaşdıra bilməz, yaxud Suriyadakı İran qoşunlarını çıxara bilməz. Eyni zamanda, Pezeşkian Azərbaycan və Ermənistanla münasibətlərdə İranın ali dini rəhbərinin irəli sürdüyü kursu dəyişə bilməz. Üstəlik, o, Zəngəzur dəhlizinin açılması ilə bağlı da hansısa təşəbbüs göstərmək iqtidarında deyil. Yəni Pezeşkian müstəqil dövlət başçısı sayılmır. Ona görə də İranın sonrakı dönəmdə türk dünyası ölkələri ilə yaxınlaşması məsələsi Pezeşkianın ixtiyarında deyil. Ölkələrlə münasibətləri ali dini rəhbər təyin edir".

Siyasi şərhçi onu da əlavə edib ki, Pezeşkiandan böyük istəklər ummaq əbəsdir:

"Yeni prezident Xameneinin tapşırıqları nədən ibarətdirsə, onu da yerinə yetirəcək. Məsud Pezeşkian nüvə proqramı istiqamətində aparılan danışıqları irəlilədə, ölkə daxilində iqtisadi vəziyyəti dəyişdirə bilər. Ancaq İranda dərin islahatlar, inqilabi dəyişikliklər gözləmək Pezeşkiandan ölkə konstitusiyasında nəzərdə tutulmuş vəzifədən daha artığını edəcəyini ummaqdır".

Bəs görəsən, İranda mədəni muxtariyyət tələb edən milyonlarla türk üçün hansısa yumşalmalara gediləcəkmi? Ölkədə fars dili ilə yanaşı, türk dili də rəsmi dil elan olunacaqmı? İranda erməni dilində tədris aparıldığı halda Azərbaycan dilində proqramın olmamasına son qoyulacaqmı?

Siyasi mühacir Kərim Əsgəri deyir ki, azərbaycanlılar daim öz ana dillərində oxumağı tələb etdiklərinə görə hökumətlə aralarında qarşıdurmalar olur:

"İranda azərbaycanlılar öz tələblərindən heç vaxt vaz keçməyiblər. Azərbaycan Respublikasının istiqlaliyyətinin əldə olunmasından sonra İrandakı azərbaycanlıların milli tələbləri daha da artıb. Amma unutmayaq ki, ölkədə prezident ikinci şəxsdir. Hətta Pereşkianın ölkə prezident olması üçün Xameneinin təsdiqi lazımdır. Lakin buna baxmayaraq, seçkidən sonra müsbət addımların atılacağına da inanıram. Seçkinin nəticəsi də onu göstərir ki, xalq Pezeşkianı seçməklə iradəsini göstərdi, türklər öz dillərinin yaşamasını istəyirlər. Bu mesaj həm ali rəhbərə, həm də dünyaya idi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi